Salman Farsinin və ya Ruzəbəy Azərinin məqbərəsi

Salman Farsinin və ya Ruzəbəy Azərinin məqbərəsi
  • Cəmiyyət

  • Sasanilər dövründə İranın paytaxtı olmuş Mədain öz ağuşunda Həzrət Peyğəmbərin (s) ən yaxın səhabələrindən olan Salmanın mübarək qəbrini saxlayır. Salman ibn Buzaxşan 578- ci ildə İranın İsfahan şəhərinin Cey kəndində türk ailəsində dünyaya gəlib. Atası Buzaxşan atəşpərəst idi və oğlu Mabahın (o vaxt Salmanın adı belə idi)da onun kimi atəşpərəst olmasını istəyirdi. Lakin Mabah daim həqiqət axtarışında idi. O səbəbdən Mabah atəşpərəstliyin bir çox dini suallara cavab verə bilmədiyini vaxt keçdikcə müşahidə edərək bu dinin mükəmməl və həqiqi din olmadığını anlayır. Bunu hiss edən Buzaxşan oğlunu çox sevdiyindən va dədə - baba dinindən çıxacağından qorxduğundan oğlunda atəşpərəstliyə rəğbət yaratmaq üçün evindəki tanrı kimi saxladığı odu Salmana qorumağı tapşırır. Buzaxşan, kəndin dövlətli sakinlərindən biri olduğundan özünə məxsus torpaq sahələri olur. Onun əkin sahələri vaxtaşırı qulluq tələb etdiyindən Mabah o torpaqlarda çalışırdı. Buna baxmayaraq Mabah "Djondi Shapur" tibb ali məktəbində təhsil alır. Buna görə Mabah hər tərəfli inkişaf edir. Bir dəfə Mabah əkin sahəsindən evə qayıdarkən yaxındaki kilsədən dini musiqinin səsini eşidir və kilsəyə daxil olur. Kilsədə ona xristian dinindən məlumatlar verirlər. Bu dinə maraq göstərən Mabah Xristian ustadının vasitəsi ilə İncildə olan dini ayinləri mənimsəməyə başlayır. Amma atası bundan xəbər tutduqdan sonra bu işə mane olmağa çalışır. Elə bu səbədən Mabah bir gün evdən qaçaraq Suriyaya gedən kərvana qoşulur. Suriyada o xristian monaxlarına xidmət etməyə başlayır. Sonuncu ustadının ölümündən sonra Salman Mosula, Mosuldan sonra isə Nusaybin və Ambiriya şəhərinə gedərək xidmətini davam etdirmişdir. Orada sonuncu ustadından İncildə sonuncu peyğəmbər Əhmədin gələcəyi barədə ayə olduğunu və xristian rəvayətlərinə əsasən həmin Peyğəmbərin Hicazda peyda olacağını, o adamın ərəblərdən olacağını, sədəqəni özü yox, başqalarına ötürəcəyini və kürəyində işarə olacağını öyrənir. Ustadının məsləhəti ilə Hicaza yola çıxmaq istəyən Mabah, Ərəbistana gedən karvanla sövdələşir. Karvanın yol haqqını mal-qarası ilə ödəyir.Lakin, yolda yoldaşları tərəfindən əsir götürülərək Vadi əl - Kurrədə bir yəhudiyə satılır. O da öz növbəsində Mabahı Mədinə ətrafında yaşayan və əslən Bəni Qureyzədən olan yahudiyə satır. Burada Mabah ağır qul əməyi ilə işləməyə məcbur olur. Bu zamanlar Həzrəti Peyğəmbərin (s) Məkkədən Mədinəyə 5-ci hicrət vaxtına təsadüf edir. Mədinədə Mabah Həzrəti Muhəmmədi (s) görür və sahibinin ona acıqlanması və cəzalandırması ehtimalı olmasına baxmayaraq Həzrəti Peyğəmbərə (s) yaxınlaşır. O Həzrəti Peyğəmbərə (s) sədəqə adı ilə xurma uzadır. Həzrəti Peyğəmbər (s) xurmanı alıb yoldaşlarına uzadır. İkinci dəfə başqa xurmanı bəxşiş adı ilə uzadır. Həzrəti Peyğəmbər (s) bu dəfə xurmanı yeyir və yoldaşlarına da təklif edir. Mabah Həzrəti Peyğəmbərin (s) kürəyindəki nişana baxmağa cəhd göstərir, Həzrəti Rasulallah (s) Mabahın məqsədini anlayaraq nişanəni özü ona göstərir. Bu zaman, Mabah islam dinini gəbul etmək arzusunu Həzrəti Peyğəmbərə (s) deyir. Həzrəti Peyğəmbər (s) Mabahın kim və haradan olduğunu soruşur. Mabah kim olduğunu, həmişə doğru din axtarışında olduğunu və başına gələn hadisələri Həzrəti Peyğəmbərə (s) danışır. Bir neçə vaxtdan sonra müsəlmanlar Həzrəti Peyğəmbərin (s) göstərişi ilə Mabahı sahibindən 5 min dinara alıb, onu qulluqdan azad edirlər və Həzrəti Peyğəmbər (s) ona Salman adı verir. Salman adının kökü "salamatlıq" və ya "təslim" fellərindəndir. Salman bu hadisədən sonra həmişə Həzrəti Peyğəmbərin (s) yanında olaraq onun ən yaxın səhabələrindən birinə çevrilir. Hətta döyüşlərdə strateji məsləhətlər də verirdi. Elə Hicri qəməri tarixinin 5-ci ilində Qureyşilərlə baş verən “Xəndək” döyüşündə də Salman Mədinə şəhərinin ətrafında xəndək qazaraq şəhəri hücumdan qorumağı tövsiyə edir. Bu döyüşdə Qureyşilərin sayı müsəlmanlarla müqayisədə dəfələrlə artıq (təxminən 10min) olması, Mədinə şəhərinin də heç bir hasarla əhatə olunmaması şəhəri düşmən hücumları qarşısında aciz bir vəziyyətə qoyurdu. O səbəbdən bu cür müdafiə üsulunu bəyənən Həzrəti Peyğəmbər (s) xəndək qazılmasına əmr edir. Həzrəti Peyğəmbər (s) özü də bu qazıntılarda iştirak edir. Yemək və suyun çatışmamasına baxmayaraq xəndək qazılır və bunun nəticəsində də düşmənlərin Mədinə şəhərinə hücumunun qarşısı alınır. Döyüşün adı da tarixə məhz “Xəndək” döyüşü adı altında həkk olunur. Bu döyüşdən sonra Həzrəti Peyğəmbər (s) buyur: “Salman biz Əhli-beytdəndir”. “Xəndək” döyüşündə olduğu kimi “Taif” döyüşündə də öz elmini ortaya qoyan Salman, mancanaq düzəldilməsini məsləhət görür. Bu mancanağın sayəsində düşmən ordusu dağıdılaraq müsəlmanların qələbəsi təmin olunur. Salmanın elmə məhəbbəti onun qəlbindəki imanı da artıraraq daha da bərəkətli edir. Necə ki, imam Cəfəri Sadiq (ə) nəql edir, bir gün Həzrət Peyğəmbər (s) öz yaxınlarına buyurur: "Sizlərdən hansınız bütün günləri ardıcıl oruc tutur?" Salman cavab verir: “ya Rəsuləllah, mən”! Peyğəmbər (s) soruşur: "Sizlərdən hansınız bütün gecələri ardıcıl ibadətə məşğul olur?" Yenə Salman cavab verir: “mən!" Həzrət (s) növbəti sualını verir: "Sizlərdən eləsi varmı ki, bir günə bir Quran oxuyub xətm etsin?" Salman cavab verir: “ya Rəsuləllah, mən”! Salmanın cavabları məclisdəkilərdən birini narahat edir. Həmin şəxs Səlmanı özünü tərifləməkdə ittiham edərək deyir: "Əksər günlər Səlmanın oruc olmadığını görmüşəm. Gecələrin də çoxunu yatır. Həm də əksər vaxtlar susur. Necə ola bilər ki, belə bir adam daim oruc olsun, gecələri ibadət etsin və bir günə Quranı oxuyub başa vursun?" Peyğəmbər (s) buyurdu: "Sakit ol, sənin Loğman kimisi ilə nə işin?! Əgər necəliyini bilmək istəyirsənsə, onun özündən soruş.” Salman öz dediklərini belə izah etdi: "Ayda üç gün oruc tuturam. Allah-təala buyurur ki: “hər kəs yaxşı iş görsə, həmin işin əvəzini onqat alacaq”. Demək, mənim orucum otuz gün olur. Şabanın sonuncu günü oruc tutub, onu ramazanın əvvəlinci günü ilə əlaqələndirirəm. Belə edənlərə həmişə oruc tutanların mükafatı verilir. Peyğəmbərimiz (s) buyurmuşdur: “hər kəs pak, dəstəmazlı, təharətli halda yatsa, bütün gecəni ibadət etmiş kimidir”. Quran xətminə gəldikdə isə, Peyğəmbər (s) Əli haqqında buyurmuşdur: “sən "qul huvəllah"ın oxşarısan; o surəni bir dəfə oxuyan Quranın üçdə birini oxumağın, iki dəfə oxuyan Quranın üçdə ikisini oxumağın, üç dəfə oxuyan isə bütün Quranı xətm etməyin savabını alır; ya Əli, hər kəs səni dildə dost tutsa, imanının üçdə biri, hər kəs həm qəlbi, həm də dili ilə sənə dost olsa, imanının üçdə ikisi və hər kəs həm qəlbi, həm dili, həm də əqli ilə sənə yardımçı olsa, bütün imanı kamala çatar." Salman İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Həzrəti Peyğəmbərin (s) ən yaxın adamlarından olmuş və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bilmişdir. Həzrəti Peyğəmbər (s) Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Salmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail olmuş və Həzrəti Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxmışdı. O, bir müddət Mədain şəhərinin hakimi olmuşdur. Həyatının heç bir dönəmində haqq yolda büdrəməmişdir. Fəzilət və kamal çeşməsi olan Salman Osman tərəfindən Mədainə sürgün olunduqdan sonra hicrətin 35-ci ilində vəfat edir. Həzrət Əli (ə) tərəfindən qusl verilərək elə Mədaində dəfn edilir. Bu gün Salmanın qəbri müsəlmanların ziyarətgahıdır. Haqqında hədislər Əli ibn Əbu Talib Peyğəmbərin (s) yaxınları haqqında danışarkən Salmanın adına çatdıqda buyurur: "Bəh-bəh, Salman biz Əhli-beytdəndir. Siz Səlman kimisini haradan tapa bilərsiniz?! O, həkim Loğman kimidir, əvvəlin və sonranın elmini bilir, Salman nəhayətsiz bir dəryadır..." Əbuzər: "Gördüm ki, Salmanla Bilal Peyğəmbərə tərəf gəlirlər. Birdən, Salman Allahın Peyğəmbərinin (s) ayağına düşüb onu öpməyə başladı. Peyğəmbər onu bu işdən çəkindirib sonra buyurdu: Ey Salman! Əcəmlərin öz padşahları ilə gördüyü işi mənə qarşı etmə! Mən Allahın bəndələrindən biriyəm. Bəndə kimi xörək yeyir və bəndə kimi oturub dururam." Allahın peyğəmbəri (s) "Əgər ondan üz döndərsəniz, (Allah) yerinizi sizlər kimi olmayacaq başqa bir camaata verəcək" ayəsini oxuyanda soruşdular: "Biz üz döndərmiş olsaq, Allah-taalanın bizim yerimizi verəcəyi camaat kimdir?" Həzrət əlini Salmanın çiyninə vura-vura buyurdu: "Bu kişi və onun həmvətənləri . And olsun canım əlində olana! İman ulduzdan asılmış olsa da əcəmlərdən olan kişilər onu əldə edərlər." Samid Quıiyev, İlahiyyatçı-alim
    PAYLAŞ:

    Oxşar xəbərlər