Bayden-Putin: tamaşa, yoxsa düşmənçilik?

Bayden-Putin: tamaşa, yoxsa düşmənçilik?
  • Siyasət

  • Çox qəribə zamandır, nə desən baş verir. Həttda el arasında deyildiyi kimi, “heç yuxuda da görmədiyin” işlər günün gündüz çağı reallıq olur bu dünyada. Dünya həm də möcüzələrlə və ironiyalarla doludur. Su kimi axan ömrün hər saniyəsi bir tarixdir, ibrət dərsidir əslində. Sözsüz ki, bunu qanana.
    Dünya siyasətində də növbəti müəmmalı tamaşa başlayıb. Dünyanın əsas iki super gücü yenə siyasi tamaşa oynayırlar. 78 yaşlı Co Bayden özündən çox cavan olan balacaboy Vladimir Putinə “qatil” dedi, dünyanın gündəmini bir andaca dəyişdi. Tamaşadır, ya gerçəkdən Co Baydenin Rusiyaya olan nifrətinə görə 78 yaşlı prezident V.Putinə bu cür deyib, bu artıq qaranlıq məsələdir, isbatının zamana ehtiyacı var. Özü də nəzərə alsaq ki, bu cür ifadə ABŞ-Rusiya tarixində ilk dəfə prezidentlər səviyyəsində səslənir, demək məsəlı çox qəlizdir. Amma yazıq Baydenin heç ağlına da gəlməzdi ki, onun V.Putinə qatil deməsindən sonra balacaboy KQB generalının ona “sağlamlıq arzulaması” ABŞ prezidentinə baha başa gələcəkdi.

    Qoca Bayden təyyarəyə qalxmaq istəyəndə düz üç dəfə büdrəyib yıxıldı. İndi bir çoxları yarızarafat, yarıgerçək deyirlər ki, V.Putin hardasa iman sahibidir və C.Baydenə elə qarğış tökdü ki, qoca Bayden yaşının bu vaxtında KQB qarğışı ilə bütün dünyaya rəzil oldu. Gerçəkdən tamaşadırmı, planlaşdırılmış şoudurmu, yoxsa gerçəkdən çox təsadüfdürmü, inan anlaşılan deyil. Çünki tarix boyu bu iki supergüc arasında o qədər qaranlıq tamaşalar oynanılıb ki, bütün dünya sadəcə sadəlövh tamaşaçı kimi bu tamaşaları izləməli olub.

    Bəs necə oldu ki, C.Bayden durduğu yerdə V.Putini qatil adlandırdı və sovet dövründəki “soyuq müharibə”ni yenidən qızışdırmaq fikrinə düşdü?. Əslində C.Baydenin hələ Barak Obama kabinetində vitse-prezident olarkən, çox sərt şəkildə Rusiya əleyhinə amansız mövqe nümayiş etdirməsi, var gücü ilə Kremlə qarşı bir sıra addımların ideya müəllifi kimi çıxış etməsi siyasətlə azacıq maraqlanan hər kəsin yaxşı yadındadır.

    Həttda 2008-ci ilin avqustunda Gürcüstanı Moskva əleyhinə qızışdırıb Rusiya ilə qanlı qarşıdurmaya sürükləməkdən başlamış, Ukraynada Viktor Yanukoviçin başına gətirilənlərə qədər hər işin altından nədənsə C.Bayden çıxırdı. Bu qocaman demokrat əsasən Moskvanı keçmiş sovet ərazisində əsl Leninqrad mühasirəsinə salmaq kimi qorxulu planlara əl atırdı. Amma qarşısındakı da illərin içki düşkünü olan Boris Yeltsin yox, balacaboy və hiyləgər V.Putin idi.

    Amma indiki vaxtda C.Bayden və Vaşinqtondakı Rusiya əleyhdarlarını belə aqressiv anti-Rusiya vəziyyətinə gətirən əsas amil, V.Putinin ABŞ-da keçirilən seçkilərə “əl uzatması”, dəlisov Donald Trampa dəstək verməsi. ABŞ-ın rəzil duruma düşməsi və bununla da bütün dünyada Rusiya liderinin məğlubedilməz obrazının hər gün sürətlə yayılmasıdır. Bütün amerikalılar üçün ən böyük təhqir sayılan D.Trampın V.Putinin dəstəyi ilə Ağ Evə sahib olması barədə yayılan beynəlxalq rəy, ABŞ-da Moskva əleyhinə nifrəti dərinləşdirdi. Bu nifrət isə C.Baydenin Ağ Evə gedən yolunu xeyli asanlaşdırdı. O bütün amerikalılara müraciət edərək, KQB generalının dəstəyi ilə Ağ Evə sahiblənən D.Trampı kürsüdən atacağını və ABŞ-ı bu təhqirdən qurtaracağını vəd edirdi. Bu təbliğat kursu seçki zamanı C.Baydenə çox kömək oldu. İndi də C.Bayden bu anti-Rusiya kursunu daha da dərinləşdirmək və ABŞ-Rusiya münasibətlərində “soyuq müharibə” görüntüsü yaratmaq istəyir. V.Putinin hakimiyyəti zamanı olduqca güclənən Rusiyanı bütün Qərb üçün yeni təhlükə kimi qələmə vermək və sovet zamanındakı kimi avropadakıları yenidən ABŞ-ın çətiri altında toplamaq, Ağ Evin Avropa üçün xilaskar olduğunu qərbdəkilərin gözünə soxmaq 78 yaşlı Bayden üçün çox vacibdir. Amma iş bununla bitsə tamaşa, daha dərinə gedib Moskvaya qarşı isti müharibə başlatsa, o zaman amansız düşmənçilik olacaq. Xüsusilə son günlər Ukraynanı yenidən Rusiya əleyhinə qızışdırmaq üçün NATO generallarını Kiyevə yollayan Ağ Ev yenə qanlı tamaşa üçün pərdəni açır. Təyyarə trapında üç dəfə büdrəyib yıxılan C.Bayden, deyəsən onu qarğıyan V.Putindən amansız qisas almaq üçün qolları sırıyıb. Tamaşa, yoxsa əsl düşmənçilik?- yaxında hamımız görəcəyik.

    Mətləb Salahov
    PAYLAŞ:

    Oxşar xəbərlər