Millət vəkili “EkoAvrasiya”nın konfransında çıxış edib

Millət vəkili “EkoAvrasiya”nın konfransında çıxış edib
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Avrasiya Ekonomik ilişkilər Dərnəyi”nin (“EkoAvrasiya”) “Türkiyə-Azərbaycan əlaqələrində güncəl gəlişmələr” adlı konfransında məruzə ilə çıxış edib, sualları cavalandırıb.

    Asiya.az
    xəbər verir ki, “EkoAvrasya” İdarə heyəti başqanı Hikmət Ərənin aparıcısı olduğu konfransda, Xəzər və Qara dəniz hövzəsinin iki önəmli gücü olan Azərbaycanla Türkiyə arasındakı çoxvektorlu əlaqələr, Azərbaycan Ordusunun işğaldan qurtardığı Qarabağdakı son durum, Azərbaycan-Türkiyə strateji əlaqələrinin bölgəsəl istiqrara qatqıları və mövcud işbirliyinin Türk dünyasına yansımaları dəyərləndirilib.
    Komitə sədrinin qardaş ölkənin ünvanına səsləndirdiyi ictimai-siyasi, sosial-iqtisadi əsaslı dəyərləndirmələr izləyicilərin marağına səbəb olub: “Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə işbirliği daha da güclənəcək. İşğaldan qurtardığımız torqaqlarımız çox böyük potensiala sahibdir. Ermənistan binalarımızı, evlərimizi, tarixi abidələrimizi, camilərimizi, hətta qəbirstanlıqlarımızı darmadağın edib. Bu, Qarabağdan Azərbaycanın min illərə dayalı izlərini silib, özlərinin təqribən iki yüzil civarını əhatə edən qondarma izlərini dərinləşdirməyə xidmət edirdi. Necə ki indi Ermənistan adlanan Qərbi Azərbaycanda bunu ediblər.
    Biz indi Qarabağda tikinti-bərpa işlərinə başlamışıq, hava limanları, quru yollar, dəmir yolları, elektrik xətləri, su qaynaqlarından səmərəli istifadə və b. tikilir, yenidən qurulur, bərpa edilir – bir sözlə, həyatı canlandırırıq. Qarabağ işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə, quruculuq, abadlıq mədəniyyətinə qayıdır. Bu işlərə qardaş Türkiyənin şirkətləri də cəlb olunub.
    Türkiyə ilə Azərbaycan arasında ekonomidən hərbiyə, mədəniyyətdən təhsilə və turizmədək bütün mövzularda işbirliyi daha da artacaq. Artıq Türkiyə ilə Azərbaycan arasında vizaya, pasporta ehtiyac duymadan, şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş mümkün olacaq, Ankaradan İstanbula, Bakıdan Gəncəyə gedərmiş kimi gedib gələ biləcəyik.

    Biz Qarabağ zəfərindən sonra Zəngəzur dəhlizini də yenidən qazandıq. Bu çox önəmli hadisədir. Arxalarındakı böyük güclərin dəstəyi ilə Ermənistan uğursuz dövləti və separatçılar uzun illər bizim torpaqlarımızı işğal altında tutdu, xalqımıza da zulümlər etdi. Zamanında Azərbaycana, bütün Türk dünyasına tarixi haqsızlıq edildi, Türkiyənin Türk dövlətləri ilə torpaq yolla əlaqəsi kəsildi. Budur, azərbaycanın tarixi zəfəri bütün Türk dünyasına qapı açır. Türkiyənin Azərbayacana verdiyi mənəvi, siyasi dəstək bu gün bütün türk dünyası üçün əvəzsiz nemətə çevrilir.
    Artıq bir dövr qapanıb, yeni reallıq yaranıb və hər kəs bu reallıqla barışmalıdır.
    Mən bu yerdə bir vacib məqamı mütləq vurğulamalıyam.
    44 günlük Vətən Müharibəsi günləri şərəf, ləyaqət və məsuliyyət günü idi. Bu amillər bizə bəslənən münasibətlərdə də özünü göstərdi: özünü ləyaqətli, məsuliyyətli aparanlar olduğu kimi, özünü çox məsuliyyətsiz aparan dövlətləri də gördük. O günlərdə hansı dövlətin, qurum və quruluşların necə bir mövqe tutduğunu heç bir zaman unutmayacağıq. Çünki Azərbaycanı müdafiə - Ədaləti, Xeyri müdafiə idi, Azərbaycana qarşı olmaq Şərin yanında olmaqdan başqa bir şey deyildi.
    Bosniya müsəlmanlarının əfsanəvi lideri, rəhmətlik Aliya İzzətbəyoviçin sözlərini xatırlatmaq istərdim: “Müharibədən öncə dostlar və düşmənlər vardı. Müharibə olunca, gördük ki düşmənlər burada – qarşımızdadır, ancaq dostlarımız yanımızda görünmür. Və müharibə bitincə, bizi düşmənlərimizin etdiklərindən daha çox, qardaşlarımızın, dost bildiklərimizin biganəliyi üzdü”...

    Ulu öndərlərimizin sözləri ilə desək, Türkiyəmiz Vətən Müharibəsi günlərində “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlət” düşüncəsi ilə hərəkət etdi. Ermənistanın arxalandığı güclər də Türkiyəyə basqı etməyə cəhd edərək, Azərbaycana mənəvi, siyasi dəstəyi dayandırmasını tələb etdi lakin Türkiyə qətiyyən geri addım atmadı.

    Sizin yaratmış olduğunuz bu fürsətdən yararlanaraq, Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə Cümhuriyyəti dövlətinə, qürur qaynağımız Türk Silahlı Qüvvətlərinə, Azərbaycanın haqlı davasının yanında olan bütün siyasi partiya, QHT, KİV quruluşlarına, hər kəsə bir daha minnətdarlığımızı yetirirəm!

    Sonda “EkoAvrasiya” başqanı Hikmət Ərən Komitə sədrinə təşəkkür edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər