Beyləqanda vəzifələrə necə TƏYİNAT ALMAQ OLUR... - İLGİNC İDDİA

Beyləqanda vəzifələrə necə TƏYİNAT ALMAQ OLUR... - İLGİNC İDDİA
  • Siyasət / Manşet

  • Xatırlayırsınızsa, bir neçə gün əvvəl saytımızda (realmedia.az-red) dərc olunan “Beyləqan: Dövlət qulluğunda kadr siyasəti “Xaç Atası”nın əlini öpməklə tənzimlənir” sərlövhəli tənqidi məqaləmizdə Beyləqan Mənzil İstismar Sahəsinin rəisi Anar Vəliyevin əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin rəhbəri postundan korruptiv əməllərinə görə qovulmasını, işinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində təhqiq olunmasını, sorğulanmasını və onun “pensiya alverçisi” olduğunun bəlirlənməsini, dövlətə külli miqdarda (iddialara görə iki yüz min manatdan yuxarı) zərər vurduğu, həmin məbləğin müəyyən hissəsini ödədiyini, qalan hissəsini isə hələ də ödəməkdə olduğu barədə məlumatları xatırlatmışdıq. Yeri gəlmişkən, bu mövzuya Vəliyevin hələ köhnə vəzifəsində işlədiyi vaxtlar da “Sonolay.org” saytında toxunulmuş, onun vətəndaşlarla korruptiv sövdələşmələrə gedərək, onların guya Zaqatala tütün fabrikində haqqı ikiqat ödənilən ağır şəraitdə işləmiş olduqlarını təsdiqləyən arayışlar təşkil edərək, saxta əmək stajı düzəldilməsi yolu ilə artıq məbləğdə pensiya təmin etməsindən yazılmışdı.

    Anar Vəliyev haqqında bütün bu məlumatlar onu yeni vəzifəyə təyin edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev tərəfindən nəzərə alınmalıydı və təyinat qərarına təsir etməliydi. Amma görünür, Ana Vəliyevi rayon rəhbərinə mələk qismində təqdim edənlər olub. Ümumiyyətlə, Beyləqan RİH-nin başçısı vəzifəsinə təyin olunmasından ötən iki il ərzində Asif Ağayevin kadr siyasətində naşılığa bərabər tutulan yanlış addımlar atdığı barədə səslənən fikirlər özünü doğruldur. Amma nəzərə alanda ki, Asif Ağayev özü dövlət qulluğunda kifayət qədər təcrübəyə malik olduğundan, onun sadəcə naşılıq etməsi inandırıcı görünmür. Şübhəsiz, bu məqamda ilk ağıla gələn odur ki, başçının kadr siyasətini dövlət və hökumət strukturlarına soxulmağa müvəffəq olmuş yerli “mafiya” yönləndirir. Bu mafioz dəstəyə həmçinin vaxtilə rayonda gəlirli postları tutmuş, dövlətin və xalqın mənafeyi üçün deyil, öz şəxsi və korporativ maraqlarını təmin etmək üçün çalışmış, əliəyri, rüşvətxor, yalnız ciblərini doldurmağa xidmət etmiş sabiqlər də aiddir. Mafiyaya hansı keçmiş talançının rəhbərlik etdiyi, həmin şəxsin başçının boynunda hansı minnətinin olduğu, öz yaxın qohumlarını hansı vəzifələrə yerləşdirdiyi barədə də əlimizdə səhih məlumatlar vardır. Bəlkə də beyləqanlılar həmin üzdəniraq sabiqlərin cəzasız qalmaları, sadəcə vəzifələrindən uzaqlaşdırılmaları ilə barışmışlar, amma Anar Vəliyev kimilərin yenidən gəlirli, korrupsiya üçün münbit şəraiti olan vəzifələrə təyin olunması hiddət doğurur. Və günlərin bir günündə hansısa bir ictimai fəal, yaxud, tərəqqipərvər KİV nümayəndəsi faktın üstünü açanda cənab Asif Ağayev artıq öz səhvini düzəltmək iqtidarında olmur.

    P.S. Məsələ ilə bağlı Beyləqan RİH-nə sorğu da göndərsək də, lakin İcra Hakimiyyəti KİV-in sorğusunu cavablamağa tələsməmiş, öz növbəsində rayon prokuroruna sorğu göndərib və prokurorluqda Anar Vəliyevin barəsində hər hansı bir araşdırma aparılıb-aparılmadığı barədə məlumat istəyib. Hansı ki, məqalələrimizdə və sorğumuzda açıq-aydın qeyd eləmişdik ki, Vəliyevin işi ilə Baş Prokurorluq yanında KQMBİ məşğul olub. Əgər RİH bizim sorğumuza cavab vermək istəyində səmimi olsaydı, Anar Vəliyevin korruptiv əməlləri barədə obyektiv araşdırma aparmaq istəyində həvəsli olsaydı, məhz KQMBİ-nə müraciət edərdi, daha yerli prokurora yox. Əlbəttə ki, rayon prokurorluğu Vəliyevin barəsində hər hansı araşdırma aparmadığını bildirəcək. Gəlin razılaşaq ki, bunun adı dolandırıcılıqdır, vaxt qazanmaqdır.

    Mövzuya növbəti dəfə qayıdanda daha dərin, gizli mətləblərin üstünü açmağa kifayət edəcək məlumatları bölüşəcəyimizə ümid edirik.

    RealMedia.az
    PAYLAŞ:

    Oxşar xəbərlər