Mütərəqqi iqtisadi inkişaf modeli

Mütərəqqi iqtisadi inkişaf modeli
  • Siyasət

  • 44 günlük Vətən müharibəsindən qalib ölkə kimi ayrılan qüdrətli dövlətimiz bütün dünyada etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmlətdi.

    Bu gün ən təhlükəsiz ölkələr siyahısında yer alan Azərbaycanın iqtisadi inkişafı göz önündədir. Respublikada infrastruktur formalaşıb, əlverişli investisiya mühiti mövcuddur. Ölkəmizə qarşı tətbiq olunan ikili standartlara, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycanda mütərəqqi iqtisadi inkişaf modeli yaradılır, investorlara sərfəli şərtlər təqdim edilir və bu təcrübə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
    Respublika Prezidenti İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bu məqama toxunulub: “Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir...”

    Coğrafi yerləşmə baxımından mühüm əhəmiyyət kəsb edən, o cümlədən Şərqdən Qərbə və əks istiqamətdə yük axını üçün iqtisadi darvazaya çevriləcək Ələt Azad İqtisadi Zonasının yaradılması dünya biznesi ilə əməkdaşlığımızın inkişafına mühüm töhfədir. Fəaliyyəti beynəlxalq hüquqla, beynəlxalq ticarət qaydaları ilə tənzimlənəcək bu layihə qeyri-neft sektorunun inkişafında, on minlərlə yeni iş yerinin yaradılmasında vacib faktordur.
    Ölkə rəhbərinin vurğuladığı kimi: “...Əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik.”

    Xəzər dənizi çərçivəsində zonanın əsas aparıcı qüvvəsi olacaq Ələt Beynəlxalq Dəniz Limanı yeni istiqamətlər üzrə yük axınına xidmət edəcək, məhsullarımızın satış bazarı genişlənəcək. Bununla da ölkəmizin dayanıqlı rəqabət üstünlükləri həm iqtisadi, həm texnoloji nöqteyi nəzərdən artacaq.
    Böyük iqtisadi-siyasi əhəmiyyət kəsb eləyən bu iqtisadi zona 2022-ci ilin iyul ayından investorları qəbul edəcək.
    Əminik ki, böyük sənaye və beynəlxalq ticarət zonası kimi formalaşacaq Ələt Azad İqtisadi Zonası Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu daha da artıracaq, dövlət gəlirlərini yüksəldəcək.

    Elvin HÜSEYNLİ,
    Masallı şəhər sakini.
    PAYLAŞ:

    Oxşar xəbərlər