“Üçtərəfli Bəyanat Azərbaycanın möhtəşəm Qələbəsini rəsmən təsdiqləyən tarixi əhəmiyyətli sənəddir" - Rusif Kərimov

“Üçtərəfli Bəyanat Azərbaycanın möhtəşəm Qələbəsini rəsmən təsdiqləyən tarixi əhəmiyyətli sənəddir" - Rusif Kərimov
  • Siyasət / Manşet

  • “27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra, noyabr ayının10-da imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.” 

    Asiya.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Viləşçay Su Anbarı İstismarı idarəsinin rəisi Rusif Kərimov deyib. İdarə rəisi xüsusi olaraq vurğulayıb ki, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu: 

    “10 noyabr tarixli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri rəşadət nümayiş etdirərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bütün bunlarla yanaşı Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.”

    Həmçinin Rusif Kərimov qeyd edib ki, məhz Üçtərəfli Bəyanatın imzalanması ilə Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqların hüquqi və siyasi əsası qoyulmuş oldu:

    “Məlum olduğu kimi, Üçtərəfli Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə Türkiyə və Rusiya arasında yeni əməkdaşlıq formatı yaranıb ki, bu da Azərbaycanın yaratdığı yeni reallıqların təzahürlərindən biridir. Lakin Azərbaycan üçün ən vacib olan məqamlardan biri təbii ki, Üçtərəfli Bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasının təsdiq olunmasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Sözsüz ki, bütün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu məsələ ilə bağlı çox maraqlı daha bir məqam da budur ki, bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu fakt bir daha onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarında deyil. Nəhayət, daha bir vacib məsələ də məcburi köçkünlərin geri qayıtmaları məsələsidir. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Bununla da bölgədə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.” 

    Sonda müsahibim Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrindən danışaraq bunları deyib: “Əlbəttə ki, Vətən müharibəsini təhlil edərkən Qardaş Türkiyənin qəti mövqeyi xüsusi vurğulanmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi,  İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə də qardaş Türkiyənin rolu böyükdür. İstər regional, istərsə də dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı getdikcə daha önəmli amilə çevrilir. Artıq ölkələrimiz arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır. İyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi də iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasını nəzərdə tutur. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı, eləcə də Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsi bu Bəyannamənin imzalanması ilə bir daha öz təsdiqini tapdı. Şuşa Bəyannaməsində Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda mövqeylərini daha da gücləndirir. Bu tarixi sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Ən başlıcası da Şuşa Bəyannaməsi ümumi təhlükəsizliyin və sülhün təminatı baxımından bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir. Bundan sonra Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısı olacaq.”      
    PAYLAŞ:

    Oxşar xəbərlər