"YAP Ulu Öndərin Heydər siyasi irsinin institusional təcəssümüdür" - Rusif Kərimov

"YAP Ulu Öndərin Heydər siyasi irsinin institusional təcəssümüdür" - Rusif Kərimov
  • Siyasət / Araşdırma

  • 29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmiş və qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.

    2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır.

    Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir. 2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə etmişdir. 2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür.

    2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Yeni Azərbaycan Partiyası dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür (29 maddəyə). Azərbaycan Respublikasının Milli Məclisi YAP - ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26 - da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktını qəbul etmiş və 2009 - cu il mart ayının 18 - də referendum keçiriliməsi barədə qərar qəbul etmişdir. 18 mart 2008 - ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etmişdir. Yeni Azərbaycan Partiyası 23 dekabr 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq, bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanmış və ölkəmizin yerli özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoymuşdur. 2010-cu ilin ən mühüm siyasi kampaniyası heç şübhəsiz, 7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu. Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və öz mövcud potensialını səfərbər edərək, 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü. Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad, demokratik və şəffaf seçkilərdə partiyamız növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi.Yeni Azərbaycan Partiyası 2011-ci ilin dekabr ayının 21-də növbəti beynəlxalq konfransa ev sahibliyi etmişdir. “Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda 33 ölkədən, o cümlədən Fransa, Kanada, Türkiyə, Rusiya, Çin və digər aparıcı dövlətlərdən 65 nümayəndə iştirak etmişdir. Ölkə praktikasında analoqu olmayan bu tədbir geniş ictimai rezonansa səbəb olmuş, YAP-ın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm və əlamətdar hadisəyə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci ilin iyun ayının 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımışdan mühüm əhəmiyyət daşımışdır. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq edilmişdir. Həmçinin, 2012-ci ilin noyabrın 21-də Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi komitəsinin 18-ci iclası keçirilmişdir. Daimi komitənin iclasında İCAPP-ın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən noyabrın 22-23-də Bakı şəhərində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına hazırlıq işlərinin vəziyyəti, eləcə də təşkilatın qarşısında duran digər vəzifələr müzakirə edilmişdir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci il noyabrın 22-23-də Bakıda Gülüstan sarayında öz işinə başlamışdır. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda iki gün və 4 plenarda davam edən Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak etmişdir. Tədbirin sonunda qurumun Qadınlar və Gənclər qollarının 2013-cü ildə Bakıda birinci forumlarının keçirilməsi haqqında razılığa gəlinmiş və “Bakı bəyannaməsi” qəbul olunmuşdur. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı xüsusi olaraq vurğulanmışdır. YAP-ICAPP əməkdaşlığı çərçivəsində 2013-cü ilin aprel ayının 4-6-da Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun birinci iclası keçirilmiş və mühüm qərarlar alınmışdır. İclasın sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir. 2016 –cı ilin  mayın 31-də YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclik və qlobal çağırışlar” mövzusunda keçirilən konfransda İYDU (İnternational Young Democrat Union), İCAPP (İnternational Conference of Asian Political Parties) və DEMYC (Democrat Youth Community of Europe) təşkilatlarının üzvləri iştirak etmişlər.

    2013-cü il iyun ayının 7-də Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılmışdır. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir.

    2013-cü ilin oktyabrın 9-da keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (84.54%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Noyabrın 1-də 2015-ci ildə keçirilən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 71 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır. 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar  seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi qələbə qazanmışdır. 2016-ci il sentyabrın 26 -da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü keçirilən ümumxalq səsverməsində (referendumda) yüksək qiymətləndirilmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir. Referendum ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış "Yeni Azərbaycan" təşviqat qrupu təşviqat kampaniyasının qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.  26 sentyabr 2016-cı il ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir. 2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.

    2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür. 2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %)  Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2018-ci il may ayının 18- də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir.

    2021-ci il mart ayının 5-də  Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.
    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
    PAYLAŞ:

    Oxşar xəbərlər