“Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır” - İlham Əliyev

“Bu gün Yeni Azərbaycan Partiyası dünya  miqyasında çox böyük və güclü partiyadır” - İlham Əliyev
  • Siyasət

  • “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir.» Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır.


    Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Partiyanın hər bir üzvü Heydər Əliyev irsinin təbliğatçısıdır.


    Yeni Azərbaycan Partiyasının qət etdiyi 29 illik yola nəzər saldıqda şərəfli yol keçdiyini, daim tutduğu mövqeyə sadiqlik nümayiş etdirdiyini böyük qürur hissi ilə qeyd edirik. YAP yaranandan cəmi 7 ay sonra  partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xalqımızın Ulu Öndərə, onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başladı. Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.     


    Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı.  «YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.» Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 illik dövr ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atmışdır.

    Gələcəyə doğrü inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Prezident İlham Əliyev  partiyanın hansı zərurətdən yarandığını belə səciyyələndirir: «Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı,  fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.»


    Ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının  iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın  bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur.  1993-2003-cü illər Azərbaycan tarixinə  dirçəliş illəri kimi daxil olmuşdur. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıl, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başla. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında isə Yeni Azərbaycan Partiyasının   rolu  inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi.

    Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq,   Yeni Azərbaycan Partiyasının prezident,  parlament və bələdiyyə  seçkilərində  uğur qazanmasını şərtləndirən də məhz bu amillərdir. Bununla yanaşı, partiyanın Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə  bu günədək üç dəfə ümumxalq səsverməsinin keçirilməsində də irəli sürdüyü təşəbbüs  xalqımız tərəfindən dəstəklənmişdir. Onu da qeyd edək ki, son parlament seçkiləri Yeni Azərbaycan Partiyasının təşəbbüsünə uyğun olaraq keçirilmişdir. Belə ki, partiya ölkədə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu gün bu fikri də böyük inamla qeyd edirik ki, ölkəmizdə sivil dialoq mühiti mövcuddur. Parlamentin, onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının da təmsil olunması  bunun bariz nümunəsidir. Qeyd edək ki, dünyaya səs salan  44 günlük İkinci Qarabağ müharibəsində də 50 siyasi partiyanın Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşməsi, partiyanın VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı da bunun bariz nümunəsidir.        


    Azərbaycan  bu gün elə  bir inkişaf mərhələsinə  gəlib çatıb ki, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar digər dövlətlərə nümunə göstərilir. Vaxtilə  Yeni Azərbaycan Partiyası «Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə çıxış edirdisə, bu gün «Yeni hədəflərə doğru İlhamla irəli» deyir.  Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız və gələcəyə hesablanmış strategiyadır. Azərbaycanın müstəqillik tarixində keçdiyi yola, əldə etdiyi təcrübəyə və uğurlara söykənərək qarşıdakı illər üçün müəyyənləşdirilən əsas hədəfimiz ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, eyni zamanda, yüksək gəlirli dövlətə çevirməkdir.  Partiyanın hər bir üzvü bu hədəflərin reallığa çevrilməsinə öz töhfəsini vermək üçün ciddi səylər göstərir. Dövlətimizin başçısı İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır:  «Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır.»

    İnsafəli Teymurov,

    Salyan rayon Kürsəngi kənd tam orta məktəbin direktor əvəzi

    PAYLAŞ:

    Oxşar xəbərlər