SOCAR-ın prezidenti vəzifəsini o icra edəcək - DOSYE

SOCAR-ın prezidenti vəzifəsini o icra edəcək - DOSYE
  • Siyasət / Araşdırma

  • Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

    Asiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
    Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.
    Bundan başqa, Prezidentin digər sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibindən çıxarılıb.

    Asiya.az 40 yaşlı Rövşən Nəcəfin dosyesini təqdim edir:

    R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub.

    1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.

    2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

    Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

    2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.

    2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

    2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub.

    2010-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

    Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

    Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

    3-cü dərəcəli dövlət müşaviridir.

    Evlidir, 2 övladı var.

    PAYLAŞ:

    Oxşar xəbərlər