“Revanşizm arzusunda olanların cavabı lazımınca veriləcək” – Məşhur Məmmədov

“Revanşizm arzusunda olanların cavabı lazımınca veriləcək” – Məşhur Məmmədov
  • Siyasət / Araşdırma

  • Milli Məclisin İntizam Komissiyasının üzvü, millət vəkili Məşhur Məmmədov Tribuna.Az-a müsahibə verib.

    Deputat müsahibəsində gündəmdə olan məsələlərə münasibət bildirib, ölkədə və dünyada gedən proseslərlə bağlı suallarımızı cavablandırıb.

    Müsahibəni təqdim edirik:

    – Məşhur müəllim, ötən həftə bir sıra hadisələrlə yadda qaldı. Onlardan biri də Prezidentin üç rayona icra başçısı təyin etməsi idi və dövlət başçısı məmurlara xəbərdarlıq etdi. Niyə bəzi məmurlar hələ də dərs çıxarmırlar?
    – Azərbaycanda məmur özbaşınalığına, korrupsiyaya qarşı son illərdə mübarizə tədbirləri güclənib. Biz buna praktikada şahid oluruq. Artıq səkkiz icra başçısı həbs olunub, müavinləri, şöbə müdirləri, həmçinin bir neçə nazirliklərdə vəzifəl şəxslər məsuliyyətə cəlb edilib. Eyni zamanda, ötən həftə Müdafiə Nazirliyinin maliyyə sahəsində antikorrupsiya həbsləri aparılıb. Bütün bu addımlar dövlətin prinsipial mövqeyidir, ölkə başçısı korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparır, cənab Prezident yerli telekanallara müsahibəsində də açıq şəkildə söylədi ki, kim çirkin niyyətindən əl çəkmirsə, indidən istefa ərizəsini yazsın, özünü dəmirbarmaqlıqlar arasında görməsin. Ona görə hansı məmur nəticə çıxarmırsa, onlar üçün da yaxşı olmayacaq. Prezident müxtəlif strukturlara yeni kadrlar təyin edir, gənclərə böyük etimad göstərir, onlara idarəçilikdə təcrübə toplamaq üçün dövlət rəhbərliyi dəstəyini əsirgəmir, həmin şəxslərin də borcudur ki, göstərilən diqqətə layiq olsunlar. Prezident bütün istiqamətlər üzrə islahatlar aparır, neqativlər aradan qaldırılır, kompleks tədbirlər görülür. Bu siyasət də ölkənin inkişafına xidmət edir. Məmurlar da bu inkişafa töhfə verməlidirlər, cənab Prezidentin dediyi kimi, xalqla işləməlidirlər.

    – Amma məmurlarda istefa mədəniyyəti də formalaşmalıdır. Yeri gəlmişkən, ötən həftə AMEA prezidenti Ramiz Mehdiyev çoxsaylı çağırışlardan sonra istefa verdi və ərizəsi qəbul olundu. Bu addımını necə qiymətləndirirsiniz?
    – Bu hadisələri mən də çoxunuz kimi mətbuatdan izləyirdim. Akademiyada baş verənlərlə bağlı həmkarlarım arasında çağırış edənlər də oldu, elm adamları, alimlər, ziyalılar müsahibələr verdilər, müxtəlif fikirlər, ittihamlar səsləndi. Hesab edirəm ki, bu çağırışlara səs verərək addım atdı və istefasını təqdim elədi. Əgər bu qədər çağırışlardan sonra vəzifəsini tərk etmək istəməsəydi, bu da ictimaiyyətdə birmənalı qarşılanmazdı.
    Lakin bu gün elm, təhsil adamlarını, akademiyanın işçilərini maraqlandıran prioritet məsələ AMEA-nın fəaliyyəti olmalıdır. Fikrimcə, akademiyanın inkişafı, burada yeni kəşflərin edilməsi, Azərbaycan elminin dünyada tanıdılması üçün vacib işlər görülməlidir.

    – Məşhur müəllim, məmurlar demişkən, geridə qoyduğumuz həftə səs-küylü hadisələrdən biri də Bakıda TIR sürücülərinin yolu bağlayıb etiraz etməsi oldu. Tıxaca səbəb olan sürücülər üzr istədilər. Amma cəmiyyət bu mövzuda ikiyə bölünür: kimisi sürücüləri, kimisi onların şikayət etdiyi qurumu qınayır. Siz necə düşünürsünüz?
    – Əgər qanuna istinad ediriksə, bu, əslində cinayət təqibinə əsas verən məsələdir. Çünki Cinayət Məcəlləsində ictimai qaydaların pozulmasına səbəb olan hərəkətləri təşkil etmək və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə məsuliyyət halları müəyyən olunub. Nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasından söhbət gedirsə, 3-4 saat ərzində Bakı şəhərində həmin istiqamətdə yüzlərlə yox, bəlkə də, minlərlə nəqliyyat vasitəsinin normal fəaliyyəti pozulub.
    Ona görə avtomobil sahiblərinin, işə gedənlərin, xəstəxanaya gedənlərin heç bir əsas olmadan fəaliyyətinə maneəçilik törədilirsə, yollarda qalmış bu insanların haqqını kim müdafiə edəcək? Ancaq TIR sürücülərinin də şikayəti araşdırılmalıdır.

    – Gündəmdə olan digər məsələlərə də keçid etmək istəyirəm. Son günlər Qarabağda erməni separatçıları fəallaşıb, təxribatlara əl atırlar. Ağdərədə maşın kolonumuzun qarşısını kəsirlər, Xocavənddə mövqelərimizə atəş açırlar…
    – Azərbaycan cəmi 44 günə erməni daşnaklarının başını əzdi və 30 illik işğala son qoydu. Ermənistan rəhbərliyi kapitulyasiyaya imza ataraq, atəşkəsə razılaşdı, Kəlbəcər, Ağdam və Laçının boşaldılması öhdəliyi götürdü, həmçinin bölgədə sülhyaratma missiyasını Rusiya hərbi kontingenti həyata keçirməyə başladı. Bu barədə 10 noyabr, 2020-ci il üçtərəfli bəyanat var, orada göstərilib ki, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdən paralel olaraq erməni silahlı dəstələri çıxamlıdırlar.

    Lakin sülhməramlı qüvvələr sənəddə əksini tapan razılaşmanı icra etmir, hələ də erməni silahlı tör-töküntüləri orada qalıb. Ona görə Ağdərədə, Xocavənddə edilən təxribatlar da məhz bunun nəticəsidir. Əgər sülhməramlı işini yerinə yetirsəydi, separatçı quldur dəstələr tərki-silah olunsaydı, nə kolonun qarşısını kəsən olardı, nə mövqelərimizə atəş açardılar. Bu cür hərəkətlər bizə tamamilə əsas verir ki, Azərbaycan nəzarəti olmayan bu ərazilərində antiterror əməliyyatlarına başlasın. Görünür ki, düşmən “Dəmir yumruq” üçün darıxıb və başı tam əzilməyib.

    Cənab Prezident də bu haqda sərt şəkildə bəyan etdi ki, son vaxtlar erməni faşizmi baş qaldırmaqdadır, revanşizm çağırışları edirlər. Amma Azərbaycanın müzəffər Ordusunun bu faşizmə son qoymağa qüdrəti var, Hadrutda yeni yaradılan “Komandos” briqadaları separatçıları məhv etməyə hazırdır. Sadəcə, üçtərəfli sənəd var, sülhməramlı qüvvələr 4-cü bəndi yerinə yetirib onları bölgədən çıxarmalıdırlar. Eyni zamanda Azərbaycan Baş Prokurorluğu bu yaxınlarda açıqlama yaydı, özünü Xankəndində qondarma rejimin başçısı kimi təqdim edən Araik Aryutunyanın qısa müddətdə istintaqa təhvil verilməsi təmin ediləcək. Ona görə Qarabağda revanşizm arzusunda olanların cavabı lazımınca veriləcək.

    – Məşhur müəllim, yeri gəlmişkən, azad edilən ərazilərimizə, Qarabağa qanunsuz səfər edənlər olur, onların arasında tanınmışlara da rast gəlinir. Amma bu şəxslər barəsində inzibati tədbirlər görülür. Cəmiyyət isə bunu birmənalı qarşılamır. Sizin mövqeyiniz necədir?
    – Əvvəla, bildirməliyəm ki, bu gün azad edilən torpaqlarımızda geniş abadlıq-quruculuq işləri aparılır. Artıq Qarabağımız böyük tikinti meydançasına çevrilib. Hazırda yollar çəkilir, infrastruktur qurulur, habelə paralel Zəngəzur dəhlizi inşa edilir.
    Bu gün azad edilən ərazilərə səfər etməkdə hər hansı problem də yoxdur. Artıq Bakı avtovağzalından turlar təşkil edilir, vətəndaşlarımız bilet alaraq təhlükəsiz şəkildə Şuşaya, Ağdama gedə bilirlər. Yəni hər hansı məhdudiyyət qoyulmayıb. Əgər qanunsuz səfərlərin qarşısı alınırsa, burada da dövlətin məqsədi vətəndaşın təhlükəsizliyinin qayğısına qalmaqdır. İnsanlarımız nəzərə almalıdırlar ki, bu ərazilər 30 il minalanıb, hələ də düşmənin tələləri bilinməyən yerlərdə ola bilər. Müharibədən sonra nə qədər mülki insanımız minaya düşüb. Ona görə dövlət bu addımları atmaqla vətəndaşın təhlükəsizliyini düşünür, avtobuslarla səfərlər onların rahat gedib-gəlməyi üçün nəzərdə tutulub. Ərazilər minalardan tam təmizləndikdən, “Böyük qayıdış” baş tutandan sonra bu məsələlər həllini tapacaq. Odur ki, burada hər kəs üçün qanun bərabərdir, kiməsə imtiyaz yoxdur, cəmiyyətdə statusu onu başqalarından fərqləndirmir.

    – Təşəkkürlər, Məşhur müəllim!
    – Siz sağ olun!
    PAYLAŞ:

    Oxşar xəbərlər