Bir evdə iki qazi, ikisi də işsiz və çarəsiz – Topçu Rəhmandan nazirə duyğusal müraciət

Bir evdə iki qazi, ikisi də işsiz və çarəsiz – Topçu Rəhmandan nazirə duyğusal müraciət
  • Sosial / Manşet

  • Vətən Müharibəsinin qazisi, ön cəbhədə vuruşmuş topçu Rəhman İbişov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova müraciət edib.
     
     
    Bakupost.az xəbər verir ki, müraciətdə atasının Birinci Qarabağ Müharibəsi qazisi olduğunu, lakin bu günə kimi iş tapa bilmədiyini vurğulayan R.İbişov özünün də eyni tale yaşadığını bildirib.



    Nazirdən xahiş olunub ki, onu yaşadığı rayonda işlə təmin etsin.

    Həmin müraciəti olduğu kimi təqdim edirik:

    “Hörmətli cənab nazir!

    Atam İbişov Zəfər Həbib oğlu 1-ci Qarabağ qazisidir. Müharibədən ciddi travmalar və əsəb sarsıntıları ilə qayıdandan sonra heç bir yerdə iş tapa bilməmişdir. 4 il müharibənin ən qaynar nöqtələrində döyüşməsinə baxmayaraq, ona bircə manat da təqaüd verilməmişdir.
    İndi eyni taleyi mən də yaşayıram. Vətən Müharibəsində əvvəldən axıra kimi cəbhənin ön xəttində topçu kimi döyüşmüşəm. Evə qayıdandan sonra ailəmizin ağır durumuna, həm də ailənin tək oğlu olduğuma görə kənddən çıxıb haradasa iş axtarmağa gedə bilmədim. Rayonda çoxlu iş yerləri yaranır, müraciət edirəm, lakin cürbəcür bəhanələrlə başdan eləyib, başqa adamları işə götürürlər. Müharibə vaxtı düşünürdüm ki, sağ – salamat evə qayıtsam, ata-anamın ağır həyatına bir yüngüllük gətirərəm. Amma görünür, bunlar top gurultularının yaratdığı başgicəllənməsindən doğan boş xəyallar imiş. Böyük bir ailəyə kömək etmək əvəzində özüm də yükə çevrilmişəm. Hər yerə müraciət eləsəm də, heç kəs bir evdə yaşayan iki qazinin harayına səs vermir.

    Mən sadəcə, rayondakı Yanğınsöndürmə İdarəsində, yaxud sizin tabeliyinizdə olan başqa idarələrdə tez- tez yaranan iş yerlərinin birində ən aşağı vəzifəyə də razıyam.
    Sizdən xahiş edirəm, mənə köməklik göstərəsiniz.
    Sizə öncədən dərin təşəkkürümü bildirirəm”. 
    E.Mirzəyev
    PAYLAŞ:

    Oxşar xəbərlər