Qənirə Paşayeva Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı beynəlxalq online konfransda dünyanın hər yerində yaşayan türk kökənli insanlara çağırış etdi - VİDEO

Qənirə Paşayeva Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı beynəlxalq online konfransda dünyanın hər yerində yaşayan türk kökənli insanlara çağırış etdi - VİDEO
  • Siyasət

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı beynəlxalq online konfransda türk dünyasına və dünyanın hər yerində yaşayan türk kökənli insanlara çağırış edib. 

    Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı onlayn konfrans çərçivəsində, Qazaxıstanda yeni çıxmış “Xocalı Soyqırımı: şahidlərin dilindən” kitabının da təqdimatı keçirilib Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar təşkil olunan onlayn konfransda Millət vəkilləri, türk ölkə və topluluqlarından olan tanınmış ziyalılar iştirak edib. Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Milli Məclisin Mədəniyyət Komitəsi, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi, "NƏFƏS" İctimai Birliyi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə baş tutan tədbirə dəstək verən Beynəlxalq Türk Akademiyasına, həmçinin iştirak edən ziyalılara təşəkkür edib. O, Xocalıda baş verən hadisələri Türk dünyasının, Azərbaycan dostlarının, bütövlükdə tərəqqipərvər bəşəriyyətin əleyhinə böyük vandallıq aktı olaraq xarakterizə edib. Bugünlərdə Xocavənddə, Edilli kəndində kütləvi məzarlıq aşkarlandığını vurğulayan Ə.Qoşalı, başqa kütləvi məzarlıqların yerinin də təsbit edildiyini bildirib: "Bunlar soyqırım, vandallıq, insanlıq dramının Ermənistan və ermənilər üçün xarakterik hal olduğunu bir daha sübut edir". Tədbirin təşəbbüskarı və Qazaxıstanda çıxan "Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabının həmmüəllifi olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva geniş nitq söyləyərək, 30 il öncə baş vermiş hadisənin mahiyyətini şərh edib. O, Ermənistanın və havadarlarının azərbaycanlılara, ümumən türklərə, habelə dilindən, dinindən asılı olmayaraq, ermənilərin işğalçılıq niyyətlərini qəbul etməyən, haqq-ədaləti müdafiə edən hər kəsə qarşı törətdiyi çoxsaylı cinayətlərdən danışıb. Q.Paşayeva Ümummilli lider Heydər Əliyevin vaxtı ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" haqqında Fərman imzaladığını, Xocalı Soyqırımına hüquqi və siyasi qiymət verərək, soyqırım həqiqətlərini dünyaya yaydığını xatırladıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın Xocalı Soyqırımının dünya ölkələri, beynəlxalq qurumlar tərəfindən tanınması üçün sistemli işini minnətdarlıqla vurğulayıb, həmin işləri örnək adlandırıb. Q.Paşayeva Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə çoxsaylı peşəkar əsərlərin meydana gəldiyini, abidələr qoyulduğunu, mühüm çağırışlar, Bəyanatlar qəbul edildiyini söyləyib. Bu planda, Xocalı Soyqırımının artıq bir neçə ölkə parlamenti, bələdiyyəsi və beynəlxalq qurumun mühüm sənədləri ilə tanındığı, pisləndiyi  bildirilib. Q.Paşayeva Xocalı Soyqırımının, Xocalıya ədalətin dünya azərbaycanlılarının, Azərbaycan dostlarının daima diqqətində olduğunu vurğulayıb. O, 30 il öncə baş vermiş böyük vandallıq aktını modern dünyanın qara ləkəsi kimi dəyərləndirib. Q.Paşayeva onlayn konfransa Türk dünyasından qatılan bütün iştirakçılara təşəkkür edib. Onun həmmüəllifi olduğu kitabı qazaxcaya çevirmiş Erkinbek Serikbaya xüsusi təşəkkürünü bildirib. Q.Paşayeva Erkinbek Serikbayın bundan öncə "Qarabağ hekayələri"ni də qazaxcaya çevirdiyini xatırladaraq, onu haqqın-ədalətin müdafiəçisi, Azərbaycanın könül dostu olaraq xarakterizə edib. Q.Paşayeva 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən danışaraq, Xocalı Soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların intiqamının məhz döyüş meydanında alındığını deyib. Tədbirin davamında, Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli çıxış edib. F.Məcidli Xocalı soyqrımından 30 il keçsə də bu hadisəni sağalmayan yara kimi qiymətləndirib; o, çap olan kitabı gələcəyin həqiqət mənbəyi kimi dəyərləndirib, onun tarixi əhəmiyyətindən danışıb. Quzey Makedoniya parlamentinin üzvü, Türk Hərəkat Partiyasının başqanı Enes İbrahim, İraq parlamentinin keçmiş üzvü, İraq-Türkman Yazarlar Birliyinin başqanı Fövzi Əkrəm Tərzioğlu, mərkəzi qərargahı İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı, yenə mərkəzi qərargahı İstanbulda olan Türk Dünyası Vəqfinin başqanı Közhan Yazqan, Avrasiya Yazarlar Birliyi başqanı Dos.Dr. Yaqub Öməroğlu, Milli Məclisin Komitə sədri Sadiq Qurbanov, Millət vəkili Vüqar İsgəndərov, Millət vəkili Ülviyyə Həmzəyeva, Millət vəkili Müşfiq Məmmədli, keçmiş Millət vəkili, "Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabının həmmüəllifi Həvva Məmmədova, Qazaxıstanın tanınmış yeni nəsil yazarı, sözügedən kitabı qazaxcaya çevirmiş Erkinbek Serikbay, Qırğız Respublikasının tanınmış yeni nəsil yazarı Altınbek İsmail, "Başqurdistan qızı" jurnalının baş redaktoru, tanınmış şair-publisist Gülnaz Kutuyeva, RHİM İB sədri Arzu Bağırova, Yəsəvi Yolu araşdırmaçısı, Türküstanın fəxri vətəndaşı Dr. Fatma Sönməz, Türkiyəli tanınmış sənətçi Bünyamin Aksunqur, Kərküklü tanınmış araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi, "TRT Türkmən Masası"nın rəhbəri Murat Toylu onlayn konfransda çıxış edib. Çıxışlarda Xocalı Soyqırımı şəhidləri ehtiramla yad edilib və ermənilərin azərbaycanlılara, ümumən türklərə qarşı ötən yüzilliyin başlarından bəri törətdiyi sistemli cinayətlər haqqında danışılıb. Ermənilərin bu cinayətlərində arxalandığı güclər, erməni havadrları qınanıb. Türk dünyasının böyük simalarından olan Əhməd Yəsəvi, Mövlana, Yunis Əmrə, Hacı Bektaş Vəli, Nəsimi kimi fikir babalarının insanlıq haqqında fikirləri işığında əcdadımızın heç zaman soyqırımlar törətmədiyi deyilib. - Mədəniyyətində, tarixində soyqırım törətmə cinayəti olmayan türklərin soyqırıma məruz qaldığı halda, guya 1915-ci ildə türklərin ermənilərə qarşı soyqırım törətməsi kimi əsilsiz iddiaların qəbuledilməzliyi vurğulanıb. Çıxışlarda xüsusi vurğulanıb ki, 30 il öncə törədilmiş sənədli-sübutlu, şahidli soyqırımı görməyib, 1915-ci ildə baş verdiyi iddia olunan əsilsiz "erməni soyqırımı" haqqında danışmaq həqiqətə kor və kar olmaqdır. Natiqlər Xocalı Soyqırımını təkcə Azərbaycanın deyil, Türk dünyasının, bütün tərəqqipərvər insanlığın  faciəsi olaraq qeyd edib. Həmçinin vurğulanıb ki, bu böyük faciə beynəlxalq məhkəmələrə daşınmalı, soyqırım suçluları cinayətə cəlb olunmalıdır: Dünya birliyi bu vandallıq aktını pisləyərək, ədalətin bərpasını təmin etməlidir ki, bəşəriyyət bir daha belə soyqırımlarla üzləşməsin. Çıxışlarda, Qənirə Paşayeva və Həvva Məmmədovanın yazmış olduğu "Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabının qazaxcaya çevrilərək, Almatıda nəşr edilməsi mühüm hadisə kimi dəyərləndirilib, bu sənədli əsərin başqa dillərə də çevrilməsi məqsədəuyğun hesab edilib.
     


    PAYLAŞ:

    Oxşar xəbərlər