Daşkəsəndə yaylaq mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Daşkəsəndə yaylaq mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
  • Sosial

  • Martın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətində yaylaq mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.

    Asiya.az
    xəbər verir ki, müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev həyata keçirilən tədbirlər nəticəsində hazırda rayon ərazisində sanitar-epidemioloji və epizootik vəziyyətin sabit olduğunu bildirib. Əhəd Abıyev çıxışında rayonun dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli Qərarına əsasən dövlət fonduna aid yay otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə həmin torpaq sahələri hər bir rayonun özünə aid edilib. O cümlədən də Daşkəsən rayonu ərazisində olan yay otlaqlarının istifadəsinə nəzarət Daşkəsən Rayon İcra Hakimiyyətinə verilib. Həmin qərarın icrası ilə bağlı kənar rayonlardan və rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2022-ci ilin yay mövsümü ərzində rayon ərazisinə davarların gətirilməsi ilə əlaqədar dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsi, mühafizəsi, xəstəliklərin və qansuzluqların qarşısının alınması məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən keçid yollarda nəzarət məntəqələri yaradılacaq.

    Bəzi icarədar işbazlar tərəfindən qonşu rayonlardan olan fermerlərdən müxtəlif bəhanələrlə maddi maraq qarşılığında yaylaqlara iri və xırdabuynuzlu heyvanların qanunsuz gətirilməsinin qarşısı alınacaq. Yay otlaq sahələrinin keçid ərazilərində yaradılan məntəqələrdə və mövsüm ərzində bütün yaylaqlarda asayişin qorunması rayon polis əməkdaşlarının iştirakı ilə təmin ediləcək.

    Diqqətə çatdırılıb ki, yaradılan məntəqələrə ayrılan mütəxəssislər tərəfindən yaylaq mövsümündə heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün epizootik xəstəliklər üzrə aparılmış profilaktiki tədbirlərin sənədləri tam yoxlanılmalı, baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına yol verilməməlidir. Nəzarət məntəqələrində mütəxəssislərə xidməti istifadə məqsədilə aidiyyəti şəxslərin, bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əlaqə telefonları və yerli sakinlərə məxsus təsərrüfatlarda olan heyvanların baş sayı barədə müvafiq siyahılar təqdim olunub. Məntəqəyə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 №-li baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı təqdim etdikdən sonra sürülərinin yaylaqlara buraxılması təmin edilə bilər.

    Müşavirədə mövcud problemlər təhlil edilib və həlli yolları müzakirə olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər