Qənirə Paşayeva Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda çıxış edib - FOTOLAR

Qənirə Paşayeva Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda çıxış edib - FOTOLAR
  • Cəmiyyət

  • Qənirə Paşayeva Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda professor-müəllim və tələbə heyəti qarşısında geniş çıxış edib.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda davam edib.

    Asiya.az xəbər verir ki, İnstitutun akt zalında keçirilən tədbirdə  alimlər və tələbələr, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və onun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Q.Paşayeva alimlər, tələbələr qarşısında geniş çıxış edib.

    O, Prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyevin səmimi dostluq, qardaşlıq münasibətlərinin hər bir ziyalı üçün örnək olduğunu bildirib. Qardaş ölkələrimiz arasında təhsil, mədəniyyət və elmi əlaqələrin günü-gündən inkişaf etməsindən məmnunluq ifadə edən Q.Paşayeva ali məktəblərimiz arasında işbirliyinin gücləndirilməsinin önəmini vurğulayıb. Ölkələrimiz arasında ümumən mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından danışan Q.Paşayeva, Özbəkistanla bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib, tələbə və müəllim mübadiləsinin mühüm amil olduğunu söyləyib. Komitə sədri Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın qələm qardaşlığından, sənət dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Q.Paşayeva 44 günlük Vətən Müharibəsindən danışıb, Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etdiyini vurğulayıb və bunun üçün minnətdarlıq edib. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın ali təhsil ocaqlarında tanıdılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı mərkəz, kabinet, guşə və fondların yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Komitə sədri parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan mühüm addımlara da toxunaraq, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın Özbəkistan səfərini, imzalanan sənədləri, keçirilən mühüm görüşləri xatırladıb.

    Sonra Mədəniyyət Mədəniyyət və Sənət İnstitutunun tələbələri Bakıdan gələn modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və özbək milli libaslar dəfiləsini nümayiş etdirib.

    Daha sonra geniş konsert proqramı keçirilib, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnı və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını, institutun ansamblı isə Azərbaycan və özbək mahnılarını ifa edib.

    Görüşdə Millət vəkili, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanda keçirilən tədbirlərə dəstək verən qurumlardan olan “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva, “Fitoterapevtlər Cəmiyyəti”nin sədri Məlahət Qəhrəmanova, “Umay – Türk Dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova, tanınmış modelyer, Azərbaycan və Özbəkistan milli qadın geyimləri dəfiləsini hazırlayan Afaq İsmayılzadə, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyeva, rəssam-dizayner Qənirə Süleymanova, Xalq artisti Gülyanaq Məmmədova, tanınmış rejissor Elnurə Kazımova, ictimai fəal xanımlarımızdan Yeganə Əliyeva iştirak edib.

    Tədbirin sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri dünyaşöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın əsərlərini, Qarabağ motivli hədiyyələri təqdim ediblər. Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri ali təhsil ocağına  hədiyyə edib.







    PAYLAŞ:

    Oxşar xəbərlər