İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı işlər dövlətimizin daxili gücü hesabına həyata keçirilir

İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı işlər  dövlətimizin daxili gücü hesabına həyata keçirilir
  • Siyasət

  • Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun şanlı Zəfəri ilə bitdi. Bu Zəfər 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, artıq qalib ölkəyə çevrilməsi təbiidir ki, yeni reallıqlar yaratdı. Postmüharibə dövrünün reallıqları ölkəmizin iqtisadi və siyasi potensialının, beynəlxalq nüfuzunun artan səviyyəsini bir daha təsdiqlədi.

     

    Ötən il azad edilmiş ərazilərdə bərpa işlərinə start verilməsi və beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək istiqamətində mühüm uğurlar əldə etdik. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir keçirilmişdir.. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

     

    İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq, Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. 

     

    Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.

     

    Hazırda ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır. Ölkəmizin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb, xarici ticarətin balansı çox müsbətdir, dövlət büdcəsi profisitlə icra olunur.

     

    Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı işlər dövlətimizin daxili gücü hesabına həyata keçirilir. Füzuli rayonu ərazisində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur. Böyük strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti uğurla çəkilir.

     

    Rayonun gələcək inkişafında müstəsna əhəmiyyət daşıyan, regional xarakterli layihələrdən olan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya istifadəyə verildi. İşğaldan azad edilmiş ərazilərin enerji təminatında xüsusi rolu olan Füzuli yarımstansiyası artıq fəaliyyətdədir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Füzuli şəhərinin Baş planı təsdiqlənib. Füzulidə 180 çarpayılıq xəstəxananın inşasına start verilib.

     

    Torpaqlarımızın işğaldan azad edilməsi həmin ərazilərdə olan resurslardan istifadə imkanı yaratdı. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

     

    Əminik ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işlərin məqsədi öz doğma torpaqlarından didərgin düşmüş insanlarımız üçün layiqli həyat səviyyəsi təmin etmək və o əraziləri dünyanın ən gözəl məkanlarından birinə çevirməkdir. Azərbaycan bu istiqamətdə sürətlə irəliləyir.

    Məhəmməd Ağayev,

    Salyan rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü 

    PAYLAŞ:

    Oxşar xəbərlər