Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısının göstərilməsi Azərbaycan dövləti üçün əsas prioritetdir

Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısının göstərilməsi Azərbaycan dövləti üçün əsas prioritetdir
  • Sosial

  • Azərbaycanda şəhid ailələri, qazilər və müharibə veteranları hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Bu kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçımızın tapşırığı ilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi, onların sosial təminatının gücləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bununla bağlı sərəncamlar imzalanıb, qanunlar qəbul edilib.

     

    Həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki, postmüharibə dövründə şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə ümumilikdə 3 min 500 mənzil verilib, müharibə əlillərinə 214 avtomobil təqdim olunub. 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Reabilitasiya müəssisələrində 2500-dən çox qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib. Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə isə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib.

     

    Dövlətimiz tərəfindən aparılan siyasət kursunun əhəmiyyətli tərkib hissəsi olan bu sahəyə diqqət hər gün daha da artır. Ölkə başçısı öz çıxışlarında hər zaman bütün məmurlara, ictimaiyyətin bütün üzvlərinə şəhid ailələri, qazilər və müharibə veteranlarına xüsusi qayğı ilə yanaşma sərgiləməyi tələb edir. Bu günlərdə bir neçə rayona təyin edilən icra başçılarını qəbul edərkən Möhtərəm Prezidentimiz bu məsələləri xüsusilə vurğulayaraq bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

     

    Bütün bunlar bir daha onu deməyə əsas verir ki, vətəndaşlarımıza, xüsusilə də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısının göstərilməsi Azərbaycan dövləti üçün əsas prioritetdir. 

    İltifat Məmmədov,

    Salyan rayon Qaraçala qəsəbə tam orta məktəbin direktoru.

    PAYLAŞ:

    Oxşar xəbərlər