Mən həmişə fəxr etmişəm ki…

Mən həmişə fəxr etmişəm ki…
  • Sosial / Manşet

  • Tarix yaratmaq tarix yazmaqdan daha çətindir. O, da tarix yaradan dahi şəxsiyyətlərdən idi. Vətəninə olan sonsuz sevgisi də təmənnasız idi. Söhbət xalqın taleyindən keçən, onu düşünən ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdən gedir. 

    Azərbaycan xalqının ümummilli lideri-Heydər Əliyev hakimiyyəti dövründə  vətən, millət üçün qısa bir tarixə sığmayacaq işlər gördü. İlk addımı Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi oldu. Bu həmin dövrdə xalqımız, dövlətimiz üçün çox böyük bir addım idi. Bütün dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması üçün çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin hərtərəfli inkişafı üçün gördüyü işlər saysızdır. Ulu Öndərin elm, təhsil sahələrinin inkişafındakı əvəzolunmaz dəstəyi isə bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilir. Ölkə başçısı olduğu dönəmlərdə bütün sahələrin eyni dərəcədə inkişaf etdirilməsi üçün əlindən gələni edirdi. Görülən işlər arasında üstünlük isə əsasən ordu quruculuğunda və Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində olurdu. Ordu quruculuğu ölkədə yaşayan vətəndaşlarımızı müdafiə üçün önəmli idisə diaspor fəaliyyətinin yaxşılaşdırılması da dünyada yaşayan həmyerlilərimizin qorunması üçün vacib idi.

    Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından nə qədər danışsaq da azdır. Çünki hər günü, hər addımı böyük bir tarix idi. Tarix demişkən, yəqin ki, ümummilli liderin o möhtəşəm çıxışını da xatırlayırsınız:

    -“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!”

    Bəli, daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Həyatını həsr etdiyi müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Torpaqlarımız onun ideya və əməllərini davam etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalından azad olundu.

    Qeyd edim ki, bir neçə ay sonra - 2023-cü ilin may ayının 10-da ümummilli lider Heydər Əliyevin dünyaya gəlişinin 100 ili tamam olacaq. Bu səbəblə ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il  Azərbaycanda “Heydər Əliyev İli” elan edildi. 

    Millətin dünəninə ehtiram, bu gününə sevgi, gələcəyinə inamla yaşayan Ulu Öndər Heydər Əliyevi biz də sonsuz sevgi, böyük özləm və dərin ehtiramla yad edirik! Allah rəhmət eləsin!
    Fərqanə Qafarova
    PAYLAŞ:

    Oxşar xəbərlər