“Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideologiyasının yaradıcısıdır” - Rusif Kərimov

“Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideologiyasının yaradıcısıdır” - Rusif Kərimov
  • Siyasət / Araşdırma

  • 1993-cü ildə xalqın təkidi və tələbi ilə ikinci dəfə Azərbaycanda ölkə rəhbərliyinə gələn ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində respublikada ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Ulu öndərin Bakıya qayıdışı xaosun və parçalanmanın bir addımlığında olan Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 

                                           

    Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri  sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Ümummilli lider Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi. Bu gün isə ölkəmizdə əsası ulu öndər tərəfindən qoyulmuş multikulturalizm öz bariz təzahürünü Vətən müharibəsinin gedişində göstərdi. Müxtəlif millətlərin, dinlərin nümayəndələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vahid cəbhədə, çiyin-çiyinə verərək xalqımızın düşmənləri ilə ölüm-dirim savaşına girdilər. Budur əsl tolerantlığın, multikulturalizmin və ümumxalq birliyinin göstəricisi.

            

    Birmənalı olaraq demək lazımdır ki, 1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir və Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Bununla Azərbaycan ulu öndər Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsini bütün dünyaya nümayiş etdirmişdir.


    İşğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Azərbaycan xalqı möhtərəm dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla addımlayır.


    Rusif Kərimov,

    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi

           


    PAYLAŞ:

    Oxşar xəbərlər