Dövlət Proqramında qlobal trendlər nəzərə alınıb

Dövlət Proqramında qlobal trendlər nəzərə alınıb
  • Manşet / İqtisadiyyat

  • Məşhur Məmmədov
    Milli Məclisin deputatı
    Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramını tarixi Sərəncam adlandırmaq olar.
    Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir.

    Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
    İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır.
    Strateji prioritetlərə nəzər saldıqda görürük ki, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır.
    Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.
    Strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sistemi nümunəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.
    İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

    Bunun üçün əsas şərt birinci dərəcəli zəruri infrastrukturun yaradılmasıdır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır.

    İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası abadlıq-quruculuq işləri ilə paralel aparılır. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
    Bölgənin rabitə infrastrukturu əsaslı şəkildə şaxələnir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər - mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.

    Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. İnanıram ki, digər strateji layihələr kimi, Dövlət Proqramı da uğurla həyata keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər