Azərbaycan xalqını qalib xalqlar sırasına çıxaran Müzəffər Ali Baş Komandan

Azərbaycan xalqını qalib xalqlar sırasına çıxaran Müzəffər Ali Baş Komandan
  • Siyasət / Araşdırma

  • Hər bir xalq qəhrəmanları ilə tarixdə qalır.   Cavanşir Albaniya dövlətinin başçısı və təcrübəli diplomat, Babək azadlıq hərəkatının qəhrəmanı, Şəmsəddin Eldəniz dövlət qurucusu, Uzun Həsən böyük dövlət xadimi və dərə döyüşlərinin  şəriksiz sahibi, Şah İsmayıl Səfəvi imperiyasının yaradıcısı, gəncəli Cavad xan düşmənə qarşı son damla qana qədər vuruşan sərkərdə, Cümhuriyyət liderləri Müsəlman Şərqində ilk Parlamentli Respublikanın qurucuları, Heydər Əliyev nəhəng sovet imperiyasını idarə edən yeganə türk-müsəlman və müstəqil Azərbaycan dövlətinin qurucusu kimi Azərbaycan tarixinə daxil olmuşlar.
       
    Tarix boyu bir xalq olaraq heç kimin torpağında gözümüz olmayıb. Amma təəssüflər olsun ki, torpaqlarımıza vaxtaşırı düşmən müdaxilələri olub. Bədnam Gülüstan və Türkmənçay müqavilələrindən sonra uzun illər torpaqlarımız əsarət altına düşdü. Dilimizə və dinimizə yasaqlar qoyuldu. Qərbi Azərbaycan adlanan tarixi torpaqlarımızda erməni idarəçiliyi yaradıldı. Sovet dönəminin ilk illərində Şərqi Zəngəzur ermənilərə verildi, Naxçıvanla Azərbaycanın quru sərhədi bilərəkdən ləğv edildi. Çar Rusiyasının Azərbaycan torpaqlarına qarşı həyata keçirdiyi ədalətsiz siyasət sovet dönəmində də insafsızcasına davam etdirildi. Bir sözlə, iki yüz il ərzində Azərbaycanın tarixi torpaqları gəlmə ermənilərə verildi. Bir imperiyanın tərkibində olsaq da həm torpaqlarımız, həm də yeraltı sərvətlərimiz qonşulara onların halal malı kimi verildi. 
       
    80-ci illərin sonuna doğru sovet imperiyası çökməyə başladı. Erməni millətçiləri Qarabağ torpaqlarına olan iddialarını yenidən dilə gətirdilər. Həm sovet rəhbərliyi, həm də ermənilərin xaricdəki havadarları heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadan torpaqlarımızın işğalına başladılar. Müstəqilliyini elan edən Azərbaycan bu müstəqilliyin şirinliyini dadmamış torpaq itkisi ilə üzləşdi. Azərbaycan iqtidarı ölkə daxilində sabitliyi bərpa edə bilmədi, düşmən isə torpaqlarımızı işğal edir, xalqımız qaçqınlıq və köçkünlük həyatını yaşamağa məhkum edildi. Xalqın ümidi kəsilməkdə idi, az qala müstəqilliyin sonu görünürdü. Xalq üzünü Naxçıvana tutdu. Çünki ağır blokada şəraitində yaşayan Naxçıvanı Heydər Əliyev qorudu, xilas etdi. Xalq Heydər Əliyevi xilaskar kimi görürdü və təkidlə, xahişlə onu Azərbaycanın idarəçiliyinə çağırırdı. Mövcud iqtidarın da Heydər Əliyevi Bakıya dəvət etməkdən başqa çıxış yolu qalmamışdı. Heydər Əliyev xalqın tələbini qəbul etdi, Azərbaycanın üstünü alan bütün təhlükələri aradan qaldırmaq üçün ölüm-dirim mübarizəsinə başladı. Müstəqilliyimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində yaşadı və ilk uğurlara imza atdı. 
       
    Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün mümkün olan hər şeyi etdi. Heydər Əliyevin on il ərzində həyata keçirdikləri Azərbaycanı bölgənin ən güclü dövlətlərindən birinə çevirdi. Qarabağ problemini həll etmək üçün bütün səyini və bacarığını bu işə sərf etdi. Bu problemin uğurlu həllini siyasi varisi İlham Əliyev cənablarına vəsiyyət etdi. Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirməyə, güclü iqtisadiyyatın yaradılmasına, problemin real tarixini və hüquqi statusunu əsaslandırmağa, ən nəhayət, on yeddi illik hakimiyyəti dövründə güclü ordunun təşkil edilməsinə nail oldu.
       
    Şübhəsiz, 44 günlük Vətən Müharibəsinin qəhrəmanı Ali Baş Komandan, onu yaratdığı və rəhbərlik etdiyi şanlı ordumuzdur. Bu ordu Ali Baş Komandanın rəhbərliyi altında son iki yüz ildə ilk dəfə torpaqlarımızı geri aldı, düşməni darmadağın etdi, xalqımızı qalib xalqlar cərgəsinə qoşdu. Bu müharibədə erməni qəsbkarları ilə yanaşı ona himayədarlıq edən dövlətlərin də məkrli arzuları ürəklərində qaldı. Bu qələbəyə görə bütün Azərbaycan xalqı Ali Baş Komandan və onun yetişdirdiyi əsgərinə minnətdardır.
       
    Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının doğum günüdür. Təmsil etdiyim rayonun seçiciləri adından hörmətli Dövlət Başçımızı təbrik edir, ona bütün işlərində uğurlar arzulayırıq.
    Anar İsgəndərov,
    Millət vəkili, professor 
    PAYLAŞ:

    Oxşar xəbərlər