FƏZİLƏTİN QÜDRƏTİ - Hacı Şahinin xatirəsinə

FƏZİLƏTİN QÜDRƏTİ - Hacı Şahinin xatirəsinə
  • Cəmiyyət / Araşdırma

  • (essevari düşüncələr)

    Ulu sözün hikmətinə, müqəddəsliyinə güvənərək xalqın məhəbbətini, hörmətini və rəğbətini qazanmaq hər kəsə nəsib olmayan ən böyük mükafatdır. Cəmiyyət arasında yalnız yaxşı fikrin, yaxşı sözün və yaxşı əməlin harmoniyasını özündə cəm edən İNSANLAR bu BÖYÜK MÜKAFATA layiq görülürlər. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də vəzifəsinə, mövqeyinə, dini tituluna görə deyil, məhz İNSAN OĞLUNUN və İNSANLIĞIN əsl mahiyyətini ifadə edən məşhur triadaya ("üçlüyə”) əməl etdiyinə görə xalqın sevgisini qazanmış kamil ŞƏXSİYYƏT və FƏZİLƏT sahibi idi. Böyük türk sufisi Hacı Bəktaş Vəlinin dediyi kimi;
        
    Hərarət nardadı, sacda deyildir,
    Kəramət başdadır, tacda deyildir.
    Hər nə ararisən özündə ara,
    Qüdsdə, Məkkədə, Hacda deyildir.

    Hacı Şahin mənsub olduğu cəmiyyətdə görmək istədiyi yüksək mənəvi dəyərləri və gözəl insani keyfiyyətləri əvvəlcə bir fərd olaraq özünün mənəvi dünyasında tapıb cəmləşdirə bilmişdi. O rasional düşüncəli ruhani alim, dəyərli ziyalı  kimi, həm ictimaiyyət içində, həm də şəxsi həyatda bir müstəvi üzərində davranış nümayiş etdirərək öz işıqlı fikirləri ilə insanların beyninə, qəlbinə yol tapa bildi və SÖZÜN QÜDRƏTİ ilə neçə-neçə insanı düz yola gətirdi, gənci tərbiyə etdi...

    Məşhur inqilabçı şair və filosof, Kubada azadlıq hərəkatının lideri Xose Marti belə bir fikir söyləyib: “Dünyada ən çətin peşə insan olmaqdır.” Allaha şükürlər olsun ki, Azərbaycan xalqı vətənpərvər və nəcib ziyalılardan, dəyərli  alimlərdən xali olmadığı kimi elə YAXŞI sözün çəkisini, qədir-qiymətini, hikmətini bilən  peşəkar insanlardan da xali deyil... Peşəkar insan hər bir xalqın sərvəti hesab olunur. Hacı Şahin peşəkar İNSAN, mötəbər din xadimi idi...
                                 
    ÖLÜMÜNDƏN DOĞULAN RUHANİ
    Baharın ilk günü Hacı Şahin ölümündən yenidən doğuldu və RUHU ilə diriləri birləşdirdi. Onun DOĞULUŞU Azərbaycanın hər guşəsindən göründü.  Barəsində ölkəmizdə və xaricdə  yaşayan görkəmli adamların ürək sözlərini oxuyanda bir daha əmin olursan ki, HACI ŞAHİN Allahın verdiyi ömrü təkcə özü, ailəsi, doğmaları və dostları üçün yaşamayıb. Bu fikiri qürbətdə yaşayan bir soydaşımız yazıb: “Yeniyetmə çağlarımdan Rusiyada, vətənimdən və valideynlərimdən uzaqda böyüdüm. O uzaq və soyuq diyarda mənə mənəvi-psixoloji tərbiyəni Hacı Şahin Həsənli verdi. Öz audio yazıları ilə mənə milli-mənəvi dəyərlərimizə sadiqliyi aşıladı... Hacı öz doğma dilimdə mənə moizə edirdi... Din, Vətən, Millət, Haqq, Ədalət... Yeniyetməlikdən gəncliyə, gəncilkdən orta yaşa keçidimdə Hacı Şahin Həsənlinin böyük, həm də çox böyük rolu vardır. Bəlkə də elə buna görə də öz valideynlərimdən də daha əziz birini itirmiş kimiyəm...” 

    İmam Əli əleyhisalamın belə bir kəlamı var: "Mən elə doğulduğum gün öldüm." Allaha naxoş getməsin, mən bu müdrük kəlamı ürəyimin süzgəcindən belə keçirdim: Hacı Şahin ŞƏXSİYYƏT olaraq öldüyü gün doğuldu... O gün Hacı Şahinin dəfn mərasiminə gələnlərin ata-babaları Bakıda belə böyük izdihamı ötən əsrin 50-60 cı illərində Mir Mövsüm Ağanın, Əliağa Vahidin dəfn gün görmüşdülər...       
                  
    HACI ŞAHİN MƏKTƏBİ
    “Xoşbəxt ailə modeli”, “Haradan başlamalı”, “Yaradılışın hədəfi” adlı kitabların müəllifi olan Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Mirzə Cəlili, Nitsşeni, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi. Şeirlərində Vətən sevgisi ön planda idi. Mənəvi Dünya ictimai birliyinin sədri idi. “İstedadınla insanlığa xidmət edə bilərsənsə, həyatı gözəlləşdirə bilərsən” düşüncəsini  gənclərimizə təbliğ edən Hacı Şahin akademik Vasim Məmmədəliyevdən sonra dövlət televiziyasında "Haqqın dərgahı" müəllif proqramının aparıcısı olub!“ İslamda xurafata qarşı çıxmaq lazımdır. Bunun da mübarizəsini din xadimləri etməlidir” deyən Hacı Şahin öz bəlağətli nitqi və ibrətli öyüd – nəsihətləri ilə başqaları üçün nələr etməyə qadir olduğunu, bu dünyaya hansı missiya ilə gəldiyini çox yaxşı bilirdi. Bu gün ölkəmizdə kaş onun kimi din xadimlərimiz çox olaydı. Məncə,  cəmiyyətimizə xeyir vermək naminə Hacı Şahinin davamçılarına hər bölgədə ehtiyac var. Bəli 48 illik ömrünün şüurlu dövrünü dini-əxlaqi-mənəvi dəyərlərin gözəl şəkildə təbliğinə həsr edən Hacı Şahin xalqımızın qəlbində silinməz iz qoydu. O, bir evin, bir ailənin övladı olmaqdan çıxıb, bütöv bir millətin övladı olaraq layiqli bir ömür yaşadı. Yaşatmaq və YAŞAMAQ ölümü öldürmək, ölümsüzlük deməkdir...
       
    Tovuz döyüşləri, Vətən müharibəsi günləri Azərbaycanın əsgər və zabitləri ilə birgə paylaşılan şəkillləri Hacı Şahinin həm də bir VƏTƏNPƏRVƏR insan olduğunu göz önündə sərgiləyir.
    Dünyaya bəsirət gözü ilə baxan Hacı Şahin Allahı sevdiyi qədər Allah da  onu sevirdi... Haqq aşiqi Yunus Əmrə demişkən, Yaradılanı xoş görürdü, Yaradandan ötəri!  Bu  mənada Hacı Şahin  çevrəsindəki  bütün insanlarla, hətta ateist olanlarla da Allaha şah əsəri kimi xoş davranırdı. Yaradan da DOSTUNA uca mənzilində yer ayırdı.

    Xalq şairi Ramiz  Rövşən demişkən: 
      “Bizdən ayrıldın daha,
       Ən əziz dostun yanına getdin.
       Daha nə dərdin?
      yanında dostun var Allah kimi…”

    Ruhuna böyük ehtiramla
    Nurəddin Ədiloğlu


    PAYLAŞ:

    Oxşar xəbərlər