“Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolu” - Əli Nağıyev

“Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolu” - Əli Nağıyev
  • Siyasət

  • Əli Nağıyev
    Masallı şəhər 70 saylı seçki dairəsinin
    millət vəkili Məşhur Məmmədovun
    köməkçisi


    Azərbaycanda sağlam siyasi mühit mövcuddur. Təbiiki atılan addımlar demokratik mühiti daha da təkmilləşdirir, ölkəmizin bu dəyərlərə bağlılığını nümayiş etdirir, həmçinin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Ölkə başçısı prezident İlham Əliyevin qeyd etdiyi kimi, atılan bütün addımlar Azərbaycan dövlətinin uğurlu gələcəyi üçündür.

    Qeyd etməliyəm ki, Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu var. Bu gün Azərbaycan beynəlxalq qurumların hesabatlarında da ən islahatçı ölkələr sırasındadır. Xüsusilə ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə kimi göstərilir. Həmçinin ölkəmiz özünəməxsus ənənələri olan, insan amilinə yüksək dəyər verən ölkə kimi hər daim nüfuz qazanır. Məhz cənab prezident İlham Əliyevin vurğuladığı kimi, bütün fundamental hüquqlar, eyni zamanda mətbuat, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bütün bunlarla yanaşı, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır.

    Ölkəmizdə hakimiyyət, müxtəlif təşəbbüslər vasitəsilə dialoq aktuallığının qorunmasını da tam təmin edir və sistemli islahatlarla yanaşı, siyasi münasibətlər sistemini də əhatə edir. Bunlara əlavə olaraq, siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır. Təbii ki, bütün bu saydıqlarım zəminində Milli Məclisin rolu da danılmazdır.

    Hazırda, Yeni Azərbaycan Partiyası ilə bərabər digər partiyaların nümayəndələri də Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Lakin keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri daha da sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var idi və bu hal baş verdi. Əlbəttə bugün, Azərbaycanın siyasi palitrasının yeni konfiqurasiyasının formalaşdırılması, siyasi mühitin konstruktivləşdirilməsi istiqamətində hakimiyyət tərəfindən atılmış yenilikçi addımlar təşəbbüskarlığa və novatorluğa yol açır.

    “Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı ətraflı çıxışı bütün Azərbaycan ictimaiyyəti tərəfindən olduqca rəğbətlə qarşılanmışdı. Cənab Prezident fevralın 9-da keçirilmiş parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu bildirmişdi. Dövlət başçısı, Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşdığını qeyd etmiş və bunu demokratiyanın inkişafında önəmli addım olaraq adlandırmışdı. Prezident İlham Əliyev qeyd etmişdi ki, Milli Məclisə keçirilən seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək”.

    Bəli, VI çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişdir.

    Ulu öndər Heydər Əliyev zamanında belə bir çağırış etmişdi – “Ölkədə nə qədər partiya olur-olsun, onların hamısı bir məqsədə-Azərbaycanın dövlətinin müstəqilliyini qorumaq işinə xidmət etməlidir.”

    Bəli, ölkəmizin bu gün bütün sahələrdə yeniləşməsinə, təkmilləşməsinə yol açan 44 günlük şanlı II Qarabağ müharibəsi birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 50-dan artıq siyasi partiya dövlət başçısının siyasətinə dəstəklərini, onun ətrafında sıx birləşərək gələcəyə böyük inamla baxdıqlarını qəbul etdikləri Bəyanatda ifadə etdilər.

    Milli Məclis, onun deputatları, rəhbərliyi müstəqil dövlətimizin uğurlu inkişafı istiqamətində böyük rol oynayırlar, parlament tərəfindən qəbul edilmiş qanunlar uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir.

    Qeyd edim ki, VI çağırış Milli Məclis uğurla fəaliyyət göstərir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz fəal töhfəsini verir.
    PAYLAŞ:

    Oxşar xəbərlər