Məhəmməd Peyğəmbərin (s) “Şabaniyyə xütbəsi”, yaxud insanlığa səsləniş

Məhəmməd Peyğəmbərin (s) “Şabaniyyə xütbəsi”, yaxud insanlığa səsləniş
  • Cəmiyyət

  • PhD. Əfzələddin Rəhimli

    İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

     

    Texnologiyanın inkişafı ilə qloballaşan dünyamızda insanlar həyatın rahatlaşması ilə yanaşı mədəniyyətlərarası dialoqun da daha geniş müstəvidə və sülh şəraitində aparılacağını düşünürdülər. Amma bu inkişaf nəinki ümumbəşəri rifaha lazım olan tövhəsini vermədi, hətta yeni münaqişələrin yaranmasına və ixtilafların şiddətlənməsinə şərait yaratdı. Çünki texnoloji inkişaf düzgün və müdrik beyinlərin əlində olmadığı təqdirdə ümumbəşəri rifah, sülh və əmin-amanlıqdan söhbət belə gedə bilməz. 

    Hal-hazırda beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan islamafobiya da müdrik olmayan və cahil beyinlərin məhsuludur. Bəşəriyyəti dialoqa, insanları dözümsüzlükdən to­le­rantlı­ğa, qı­na­maq­dan anlayışa, düş­mən­çi­lik­dən humanizmə, rə­qa­bət­dən bir­li­yə, əda­vət­dən barışığa və xa­os­dan əmin-amanlığa sövq etmək əvəzinə, islama qarşı əsassız və radikal mənəvi hücumlar doğurdan da narahatedicidir. 

    Bir halda ki, dinlərin ilahi həyat fəlsəfəsi və hümanist baxış tərzini, onun mahiyyətinin sevgi və anlayış əsaslı olmasını göz önündə canlandıraraq, dinlərarası a tövhə vermək mümkündür. Necə ki, bu dialoqun məqsədi ixtilafları kənara qoymaq, ortaq və müştərək məqamlarda razılaşmaq və mümkün olduğu qədər daha da yaxınlaşmaq ola bilər. 

    Ölkəmizdə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan və 32 ölkədən beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfrans da bu sahədə önəmli mövqeyə malik idi.  

    Bu sahədə düzgün maarifləndirmə çox böyük əhəmiyyət daşıyır. Elə bu səciyyələrdən biri də, Hz. Məhəmməd Peyğəmbərin (s) Ramazan ayının gəlişi münasibəti oxuduğu “Şabaniyyə xütbəsi”dir. İlahi, bu xütbədə bəşəriyyətin sülh və əmin-amanlığına və insanlığa xidmət edən ali-mənəvi xüsisiyyətlərə tövsiyə edilir. Elə bu xütbə ilə tanış olan şəxs islam dininin necə də ali ilahi səciyyələrə malik olduğuna etiraf edər. Ramazan ayının gəlişi münasibəti ilə həmin xütbəni istisarla sizə təqdim edirik:

    Həzrət Əli (ə) buyurur: Məhəmməd peyğəmbər (s) şəban ayının son
    günlərinin birində Ramazan ayının gəlişi münasibətilə bu xütbəni buyurdu:

    “Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə
    doğru üz gətirmişdir. Bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın
    günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və
    ləhzələri ən üstün saatlar və anlardır.

    Bu ayda, siz, Allahın qonaqlığına dəvət olunaraq, Allahın lütf və
    mərhəmətinə layiq görülmüşsünüz. Bu ayda, sizin nəfəsləriniz zikr,
    yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah
    dərgahında qəbul olacaqdır. Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini diləyin. Çünki, doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.

     Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

    Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! 

    Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin.

    Yaxınlarınıza baş çəkin və onlara yardım edin.

     Dilinizi pisliklərdən qoruyun.

     Gözlərinizi haram baxışlardan saxlayın.

     Qulaqlarınıza haram eşıtdirməyin. 

    Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar. 

    Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz
    gətirib, tövbə edin. Hər namaz vaxtı, əllərinizi Onun qarşısında aciz qul
    kimi açaraq, dua edin. Çünki, namaz vaxtı duaların qəbul olunması üçün
    vaxtların ən yaxşısıdır. Allah-taala, bu vaxt, öz bəndələrinə rəhmət və
    mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər.
    Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

    Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan
    bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın
    ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. 

    Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar
    etməyəcəyinə və onları (həqiqi namaz əhlini) Qiyamət günü əməlləri hesab-kitab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir.

    Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa, Allah
    dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun
    keçmiş günahlarının bağışlanmasına səbəb olar.

    (Bir nəfər soruşduEy Allahın RəsuluBizim hamımızın madi imkanı yoxdur kikimisə qonaq edə bilsinnə edək?)

    Peyğəmbər (s) buyurdu: Yarı xurma dənəsini sədəqə verməklə də olsa, Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də olsa, Cəhənnəm odundan qurtulun.

    Ey camaat! Hər kəs, bu ayda öz əxlaqını, rəftarını
    gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona
     bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. 

    Hər kim, bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-taala Qiyamətdə onun işini asanlaşdırar. 

    Hər kim, bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Allah o biri dünyada ona qarşı qəzəbini azaldar. 

    Hər kim, bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. 

    Hər kim, bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah Qiyamətdə ona rəhm edəcəkdir. 

    Hər kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir. 

    Hər kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət  verər.  

    Hər kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir. 

    Hər kim bu ayda mənə çox salavat göndərərsə, Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. 

    Hər kim bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylada bütünlüklə oxunmuş Qurana bərabərdir.

    Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu
    qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları
    da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə
    açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə
    hakim etməsin...” (Biharül-ənvar, Əllamə Məclisi, c. 96, səh. 356; Əl-əmali, Məhəmməd ibn Əli Səduq, c. 1, səh. 295; Üyunu əxbarir-Rza, c.1, səh. 295)

     

     

    PAYLAŞ:

    Oxşar xəbərlər