Gün kimi gün, bayram kimi bayram!

Gün kimi gün, bayram kimi bayram!
  • Araşdırma / Siyasət

  • Qənirə Paşayeva 
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri


    25 il öncə Ümummilli liderin imzaladığı Sərəncamla hər il 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü olaraq bayram edilir. Bu bayram 105 il öncəki tarixi günə əsaslanır. O gün – 1918-ci il 26 iyun tarixli Fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Xalq Cümhuriyyətinin elanından 1 ay keçməmiş Milli Ordunun yaradılması tarixi zərurət idi. “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq” (Heydər Əliyev). – Ümummilli liderin illər öncə dediyi bu sözlər yalnız deyildiyi dövrü, ondan sonrakı vizyonumuzu deyil, eyni güclə 1918-ci ildəki təşəkkülü də ifadə etməkdədir.

    Çox şadıq ki, Xalq Cümhuriyyətimizin, Milli Ordumuzun yaradılmasının 105, Ümummilli liderin tarixi irsə əsaslanaraq imzaladığı 22 may 1998-ci il tarixli Fərmanın 25, Ümummilli liderin özünün anadan olmasının 100 illik əlamətdar yubileyini qeyd edirik. İl: 2023 –  “Heydər Əliyev İli”, işğalçı düşmən üzərində tarixi Zəfərin 3-cü ildönümü! Bax, bu əlamətdar gün, ildönümü və bayramların qüruru, fərəhi fonunda Müzəffər Ali Baş Komandan komando hərbi hissəsində oldu, hərbi hissəyə Döyüş Bayrağı təqdim etdi. Döyüş Bayrağı! – O, bir hərbi hissənin düşmən əlinə keçməməli olduğu yüksək rəmzdir; Döyüş Bayrağı hərbi hissənin şərəfini, namusunu simvolizə edir! Qürurla deyirik ki, Azərbaycan Respublikasının şanlı ordusunun heç bir hərbi hissəsinin Döyüş Bayrağı düşmən əlinə keçməmişdir. Ancaq 44 günlük müharibədə düşmən ordusunun döyüş bayrağını da qoyub qaçdığı yaxud onu qoruya bilmədiyinə dair foto, video faktlar sosial mediada yayğın idi.  

    Bəli, Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü ərəfəsində komandolar qarşısında çıxış etdi, Ordumuzun tarixinə, bugününə və gələcəyinə ayna tutan fikirlər bölüşdü. Biz bilirik ki, Azərbaycan Prezidetinin sözü imzası qədər keçərlidir və komandoslar qarşısındakı nitqin gələcəyə yönəlik hissəsi müzakirə mövzusu deyil, yol xəritəsidir. Heç şübhə etmirik ki, ordumuzun da, dövlətimizin də sabahı bugünündən daha möhtəşəm olacaq!

    Çağdaş Milli Ordumuzun inkişaf tarixi Ümummilli liderin adı ilə sıx bağlıdır. Bəlli olduğu kimi, Xalq Cümhuriyyətimiz işğala məruz qaldıqdan sonra milli ordu quruculuğu prosesi dayandırıldı. Yalnız uzun illər sonra – Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra respublikamızda hərbi kadrların hazırlanması prosesi başlanmış oldu. Uzaqgörən siyasi və dövlət xadiminin müstəsna xidmətləri sayəsində bu sahədə yeni səhifə açıldı. Ümummilli lider ali hakimiyyətə gəldikdən cəmi iki il sonra - 1971-ci ildə böyük çətinlikləri dəf edərək, Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli Azərbaycan sərkərdəsi, ünlü Diviziya komandiri Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi məktəbin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Respublikamız öz dövlət müstəqilliyini bərpa edəndən sonra, bu hərbi təhsil ocağı ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

    Ümummilli lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 20 fevral 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Həmin akademiyanın yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyətcə yeni inkişaf mərhələsi oldu. Heydər Əliyevin 20 avqust 2001-ci ildə imzaladığı Fərmanla Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər uyğun şəkildə Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu Fərman Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədinə xidmət edirdi. Ümummilli lider deyirdi: “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”.
    Heydər Əliyev Azərbaycan Ordusunun NATO ilə əməkdaşlığına da önəm verirdi. NATO ilə sıx, səmərəli əməkdaşlıq Silahlı Qüvvələrimizin çağdaşlaşmasına, ordu quruculuğu prosesinin daha da təkmilləşdirilməsinə, ordumuzun çağdaş dünya standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ümummilli liderin uzaqgörən siyasəti sonucunda 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Beləliklə, bir il içində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu çağdaş orduya çevrildi.

    Ümummilli liderin başçılığı ilə ordu quruculuğu sahəsində aparılan ardıcıl işlər, sonuc etibarı ilə nizami, qüdrətli ordu yaratmağa imkan verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikamıza başçılığı dönəmində isə möhkəm təməllər üzərində sağlam binalar ucaldıldı! İndi Azərbaycan Silahlı Qüvvələrindən yalnız ölkə daxilində və yalnız Dəmir Yurmruğun zərbəsini öz başında hiss etmiş keçmiş işğalçı deyil, dünyanın dörd tərəfində danışılır.

    Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev irsinə sadıq qalaraq, ordu quruculuğunu daha da inkişaf etdirdi, zirvələrə daşıdı. O irsin, o irsə sadiqliyin, o irs və sadiqlik üzərində qazanılmış inkişafın necə xariqələr yaratdığını 44 günlük müharibədə parlaq şəkildə gördük. Öncə, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt Hərbi Əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri, düşmənin atəşkəsi pozduğu digər vaxtlarda aldığı sərrast cavablar Silahlı Qüvvələrimizin hazırlıq səviyyəsini göstərirdi. Biz sülh danışıqlarına sadiqlik nümayiş etdirirdik lakin hər dəfə açıq şəkildə bildirirdik ki, ədalətsiz sülhlə razılaşmayacağıq. Azərbaycan dövləti, Prezident İlham Əliyev dəfələrlə Ermənistana, havadarlarına müvafiq xəbərdarlıqlar etmişdi. Xəbərdarlıqlardan gərəkən nəticəni çıxarmayan Ermənistan hərbi-siyasi rəhbərliyi isə “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasını edirdi. Bardağı daşıran son damla 27 sentyabr 2020-ci ildə işğal altındakı ərazilərimizdən bizim mülki və hərbi infrastrukturlarımıza yenidən atəş açılması oldu. Əks-hücum Əmri verildi və olanlar oldu!

    “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”. – Ümummilli liderin bu kəlamı özünü doğrultdu. Düşmənin neçə qat “keçilməz sədd”i ildırımsürəti ilə keçildi, minalarına, tankın topun, sıldırım qayaların üzərinə gedən, yolsuz yerlərdən yol açan qəhrəman Azərbaycan oğulları mümkünsüzü mümkün etdi. Bəli, çağdaş silahlar vardı, texnika vardı ancaq onu idarə edən, irəli gedən, azad olunan torpaqlara bayraq sancan hərbçilər – ölümü öldürən Azərbaycan oğulları idi! Gənclərimizin yüksək əxalqi keyfiyyətləri, vətəncanlılığı, mənəvi-ideoloji hazırlığı, dövlət-xalq birliyi, əvəzsiz qardaşlarımız Türkiyənin, Pakistanın Azərbaycana mənəvi, siyasi-diplomati və informasiya dəstəyi düşmənin və onun himayədarlarının məğlubiyyətini qaçılmaz etdi!

    Bəli, “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir” (Prezident İlham Əliyev).

    DÖVLƏTİMİZ VAR OLSUN!
    PAYLAŞ:

    Oxşar xəbərlər