Azərbaycandakı “McDonalds”ın sahibinin adı 230 milyonluq “Çirkli Pul” qalmaqalında hallanır

Azərbaycandakı “McDonalds”ın sahibinin adı 230 milyonluq “Çirkli Pul” qalmaqalında hallanır
  • İqtisadiyyat / Araşdırma

  • Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) İran əsilli iş adamı Cavad Marandinin çirkli pulların yuyulmasında iştirakına dair araşdırma aparır.
    Asiya.az  xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın aparıcı mətbuat orqanlarından olan BBC və “The Evening Standart” yayıb.
    Bildirilir ki, Cavad Marandiyə məxsus hesablara ofşor şirkətlərdən milyonlarla şübhəli vəsait daxil olub.
    Cavad Marandinin vəkilləri yayılan iddiaları təkzib ediblər. Vəkillər bildirib ki, məhkəmənin Cavad Marandinin adını açıqlaması onun reputasiyasına ciddi ziyan vuracaq. Onlar bildirib ki, Marandiyə cinayət işi açılmayıb və rəsmilər tərəfindən ifadə verməyə çağırılmayıb. Eyni zamanda dünyanın heç bir yerində onun hər hansı biznesi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb.
    Marandinin vəkilləri bildirib ki, pul köçürmələri tamamilə qanuni olub.
    Məlumat üçün bildirək ki, 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Cavad Marandi Böyük Britaniya vətəndaşıdır.
    Bildirilir ki, Marandinin biznes şəbəkəsinə “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir.
    Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.
    Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloq Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).
    Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda “Wickstead Gargiulo Limited” və “A.S.H.S. Limited” şirkətlərinin direktorudur.
    Cavad Marandinin Azərbaycandakı biznesinə “Mc Donalds” restoranlar şəbəkəsi və siqaret biznesi daxildir.
    Qeyd edək ki, Britaniya məhkəməsi Azərbaycanda qeydiyyatdan keçən “Baktelekom” adlı bir şirkətdən Cavad Marandinin ofşor zonada (Seyşel) qeydiyyatdan keçən “Avromed” adlı şirkətinin hesabına milyonlarla vəsaitin köçürüldüyünü bildirib.
    Bunlardan başqa Cavad Marandi 2014-cü ildə “KSJ Theatre Investments Limited” adlı şirkətdə əmlak meneceri olub. Bu şirkətin direktoru Svend Kristofer adlı şəxsdir. Svend Kristofer eyni zamanda 1984-cü il təvəllüdlü Leyla Əliyevanın əvvəllər rəhbərlik etdiyi “Between Asia And Europe Limited” və “Ali And Nino Productions Limited” (ləğv olunublar) şirkətlərinin də direktoru olub.
    Cavad Marandinin adı həm də Böyük Britaniyada Mühafizəkarlar Partiyasına 750 min funt sterlinq dəyərində ianə edilməsində hallanır. Cavad Marandi eyni zamanda 2020-ci ilin martında Azərbaycanın Koronavirusla Mübarizə Fonduna 1 milyon 100 min manat ianə edib.//Yeniavaz.com//
    PAYLAŞ:

    Oxşar xəbərlər