Azərbaycan kinosu üçün böyük uğur - "Xənnas" Türkiyənin bütün kinoteatrlarında...

Azərbaycan kinosu üçün böyük uğur - "Xənnas" Türkiyənin bütün kinoteatrlarında...
  • Mədəniyyət

  • Azərbaycanın ilk qorxu filmi "Xənnas” ölkə hüdudlarından kənarda kütləvi yayıma çıxarılır.

    Asiya.az xəbər verir ki, bu haqda filmin rejissoru Elvin Abdulla özünün "Facebook” hesabında məlumat verib.

    "Nəhayət düz 6 ildən sonra "Xənnas”ı dünyaya çıxartmağa nail olduq. Türkiyənin ən böyük distribyutor şirkəti olan "Mars Dağıtım”la razılaşdıq və bir Azərbaycan filmini bütün Türkiyədə vizyona çıxarırıq. Bu bizim üçün qürurdur! Türkiyə kimi bütün dünyaya film, serial ixrac edən ölkəyə bizim kimi kino sektoru pərakəndə şəkildə var olan bir ölkənin məhsulunu sata bilmək Azərbaycan Mədəniyyəti, Azərbaycan İqtisadiyyatı, Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlər üçün atılmış mühüm addımlardan biridir!

     

     
    Rejissor yeni Mədəniyyət Naziri Adil Kərimlidən də böyük gözləntiləri olduğunu deyib: 

    Yeni Mədəniyyət Nazirimiz Adil Kərimliyə inamımız böyükdür ! Bu saxta pafos deyil ! Adil müəllimlə ortaq tanışlarımız çoxdur. Haqqında çox müsbət rəylər, çox pozitiv şərhlər eşitmişəm. İstəyirəm bu yazı vasitəsi ilə bir daha səsləndirim ki, ona ümidimiz böyükdür! Etimadımız yüksəkdir! Əminəm ki, bu məsuliyyətli vəzifənin öhdəsindən Adil müəllim və komandası ən yüksək səviyyədə gələcək !

    Səmimi qəlbdən inanıram ki, Cənab Nazir mənim kimi öz gücünə beynəlxalq arenalara əsərlərini çıxardan bir mütəxəssisin potensialını düzgün dəyərləndirəcək! Lazımi dövlət dəstəyi olduğu təqdirdə Azərbaycan kinosunu dünyanın ən yüksək zirvələrinə qədər qaldıracaq bilik və bacarıqlarımızın olduğunu düzgün qiymətləndirəcək! Əminəm ki, nazirlik mən və mənim kimi öz hesabına Azərbaycan kinosu üçün böyük işlər görmüş, xaricdə təhsil almış, beynəlxalq təcrübəyə malik, istedadlı mütəxəssisləri ətrafına toplayacaq! Bizim dövlətimizə, millətimizə, mədəniyyətimizə daha yüksək xidmət etməyimiz üçün şərait yaradacaq”.

    O bildirib ki, "Xənnas” 14 iyul tarixindən etibarən Türkiyənin bütün kinoteatrlarında yayımlanacaq.

    Qeyd edək ki, Xənnas 2 A Kateqoriyalı Beynəlxalq Film Festivalında Azərbaycanı təmsil edib.

    Xatırladaq ki, rejissor Elvin Abdulla Türkiyədə İstanbul Film Akademiyasının məzunudur.
    PAYLAŞ:

    Oxşar xəbərlər