Jurnalist cəmiyyətin üzvü olmaqla yanaşı, həm də irəlidə gedən ziyalısıdır - Anar İsgəndərov

Jurnalist cəmiyyətin üzvü olmaqla yanaşı, həm də irəlidə gedən ziyalısıdır - Anar İsgəndərov
  • Cəmiyyət / Manşet


  • Bu sözləri AzerPress-ə özəl açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib.
    “Azərbaycan jurnalistləri Həsən bəy Zərdabinin yolunu getməlidir və çox sevindirici haldır ki, onun ənənələri uğurla davam etdirilir. H.Zərdabi ilk əvvəl Azərbaycan cəmiyyətini savadlı görmək istəyirdi və Əkinçi qəzetini dövriyyəyə cəlb etməklə yaxşı başa düşürdü ki, insanlar maariflənərək savadın cəmiyyətin həyatında rolunu dərk etməlidir”, -deyə o bildirib.
    A. İsgəndərov onu da qeyd edib ki, jurnalist əqidəli və ədalətli olmalıdır, kiminsə diqtəsiylə deyil, ədalətli yazısı ilə cəlb etməlidir.

    “H. Zərdabi işlədiyi dövr ərzində onun həm fəaliyyəti, həm də həyatı nümunəvi idi. Əslində, bunu da demək yerinə düşər ki, Sovet dönənimdə Həsən bəy Zərdabi qiymətləndirilmədi. O, sadəcə 2 il, yəni 56 nömrə işıq üzü görən Əkinçi ilə əlaqələndirildi və guya Əkinçi ilə onun fəaliyyəti bitdi. Əslində, Azərbaycan tarixində, milli mübarizə tariximizdə Həsən bəy Zərdabi bir zirvədir”, - deyə millət vəkili vurğulayıb.
    Onun sözlərinə görə, Azərbaycan jurnalisti həm Azərbaycan, həm də dünya tarixini mükəmməl bilməlidir.
    “Azərbaycan 1991-ci ildən sonra yenidən öz dövlət müstəqilliyini bərpa edib. Azərbaycan jurnalisti də, tarixçisi də, ədəbiyatçısı da 91 ci ildən sonra ürəyindən keçənləri yaza bilir. Müstəqillik əldə etdikdən sonra yaşanan çətinlikləri tarixə çevirən məhz jurnalistlərimizdir. Jurnalistlərimiz 30 ildən artıqdır ki, təkcə qələmlə işləməyib. Vətəni müdafiə etmək üçün əlində qələmlə çiynində süngü daşıyan saysız jurnalistlərimiz olub. 44 günlük müharibə dövründə jurnalistin öz üzərinə götürdükləri dediklərimə əyani misaldır”,- deyə A.İsgəndərov əlavə edib.
    O hesab edir ki, işğaldan azad edilən Azərbaycan ərazilərində ilk sözü yazan da məhz jurnalistlərimiz olub.
    “Jurnalist də Azərbaycan xalqının bir övladı kimi bu müharibədə həm yazdı, həm döyüşdü, həm də düşmənə qarşı mübarizə apardı. Düşmən yalnız erməni deyildi. Dünyanın hər yerində nahaq ermənini haqq kimi göstərənlər var idi və Azərbaycan jurnalistləri onlara qarşı uğurla mübarizə apardı”, -deyə o vurğulayıb.

    Millət vəkili sonda 22 İyul Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edib.
    Ləman Əsədli
    PAYLAŞ:

    Oxşar xəbərlər