“Kərbəla faciəsində qalib tərəf İmam Hüseyndir!” - Hacı Ağarəşid Talıbov

“Kərbəla faciəsində qalib tərəf İmam Hüseyndir!” - Hacı Ağarəşid Talıbov
  • Cəmiyyət / Manşet

  • Bu gün Aşuradır. Hər il məhərrəm ayının 10-u keçirilən Aşura bu dəfə iyulun 28-nə təsadüf edir. İslam dünyasında matəm günü kimi qeyd olunan bu hadisə İmam Hüseyn və ailə üzvlərinin, tərəfdarlarının amansızlıqla qətlə yetirildiyi tarixdir. Kərbəla faciəsindən 14 əsr keçməsinə baxmayaraq, hər il milyonlarla insan əziz imamına sevgi və sədaqətini  göstərmək üçün “Ərbəin” yürüşünə qatılır.

    Dini əhəmiyyətini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Hacı Ağarəşid Talıbov Aşura ilə bağlı "Qafqazinfo"nun suallarını cavablandırıb:

    -Kərbəla faciəsi baş verməyə bilərdimi?
    -Həzrəti Rəsulullahın (s. ə. a. s.) vəfatından Kərbəla hadisəsinə qədər baş vermiş hadisələrə nəzər saldıqda, peyğəmbərin ölümündən sonrakı 50 ili  düzgün araşdırdıqda görərik ki, Kərbəla hadisəsi labüd idi. Çünki  bu müddət ərzində dini qanunvericilikdə edilən təhrif və yanlışlar islam ümmətini dinin həqiqətlərindən uzaqlaşdırırdı. Bu təhrif və yanlışların zirvəsində Yezid dayandığı kimi, islah və haqqın zirvəsində də İmam Hüseyn (ə) dururdu.  Batil yaymağa həvəsli olan Yezidin qarşısında haqq və gözəllik rəmzi olan İmam Hüseyn (ə) dayanmalı idi.

    -İmam Hüseynin şəxsi siyasi maraqları və hakimiyyət üçün üsyan etdiyini yazanlar var. Bu haqda nə deyərdiniz?
    -Bu sözün sahibi şəksiz və şübhəsiz İmam Hüseyni (ə) tanımır. Çünki onun haqqında zərrə qədər məlumatı olan bilir ki, bütün müsəlmanların qəbul etdiyi  bir həqiqət var. Həzrəti Rəsulullah (s. ə. a. s.) İmam Hüseyn (ə) və qardaşı İmam Həsən (ə) barədə deyib ki, onlar cənnət cavanlarının ağalarıdır. Hansı maraq və hakimiyyət sevdası bu məqamdan üstün ola bilər ki?! Xüsusilə atası Həzrəti Əli (ə) məhşur kəlamında belə buyurur: “Mənim üçün dəfələrlə yamanmış çarığım sizə etdiyim hakimiyyətdən daha  qiymətlidir. Mən yalnız məzluma kömək və haqqın difası üçün bunu qəbul edirəm”.
    Həmçinin digər kəlamında “Dünya mənim yanımda çəyirtkənin ağzında çeynənmiş tut yarpağından da aşağıdır”, deyir. Odur ki, İmam Əlidən (ə) tərbiyyə və dərs alan oğlu Hüseyn (ə) barədə bu iddialar yersizdir.

    -Bu faciə İmam Hüseynin məğlubiyyəti, yoxsa qalibiyyəti oldu?
    -Aşuraya verilən təriflərdən biri də budur ki, Aşura qanın qılınca qalib gəldiyi gündür. Bu sualı dördüncü İmamımız İmam Səccada (ə) verərkən, ağamız belə cavab verir: “Ey sual soruşan, gözlə namaz vaxtı olsun, azan ver, iqamə oxu, namaz qıl, o zaman bilərsən kim qalibdir”.  

    Yəni bu gün namaz yaşayırsa, məscid minarələrindən “La ilahə illəllah , Muhəmmədun Rəsulullah” səslənirsə, demək ki, qalib İmam Hüseyndir(ə)!

    -İmam Hüseyn etiraz etməyib, baş verənlərlə göz yumsaydı, islamın aqibəti necə olardı?
    -İmam Hüseyn (ə) məhşur kəlamında buyurur ki, əgər Yezid islama xəlifə olsa, o zaman bilin ki, islamın fatihəsi oxunub. Çünki xilafət təkcə idarəedici və icraedici orqan deyil. Həmçinin dini qanunverici məqamdır. Əgər şəriət qanunvericiliyi Yezidə həvalə olunsaydı, olacaqlar bəlli idi.  

    -1400 il yas saxlamaq islama ziddir deyənlər də var…
    -Min dörd yüz il yas saxlamaq islama ziddir deyənlər, mənim fikrimcə üç gündən artıq yas saxlamağın da əleyhinədirlər. Halbuki bütün müsəlmanlara aydındır ki, Həzrəti Rəsulullah ( s. ə. a. s.) xanım Xədicə və Əbu Talib dünyalarını dəyişən ili hüzn və kədər ili adlandırmışdı. Yəqubun (ə) otuz il hüzn və kədərdən ağladığını da hamımız Qurandan bilirik. Həzrəti Əli (ə) də Xanım Zəhranın (ə) dəfnindən sonra mənim kədərim və hüznüm əbədidir deyib. 20 Yanvar şəhidlərimizin ildönümünü artıq 33 ildir qeyd edirik. İndi biz  1367 ildən sonra onları unutmalıyıqmı?! Əsla! Min illər də davam etsə, şəhidlərimiz və onların ildönümləri bizim üçün müqəddəs olaraq qalacaq.  

    Bütün dediklərimizə əlavə olaraq, bu gün istər ana yurdumuz Azərbaycanda, istərsə də dünyanın hər yerində qurulan İmam Hüseyn (ə) məclislərini sırf əza məclisi kimi qələmə vermək doğru deyil. İmam Hüseyn (ə) məclisləri artıq məktəbdir. Qeyrət, namus, fədakarlıq, dürüstlük, həqiqət, Vətəni sevmək, Vətən uğrunda şəhid olmaq kimi gözəlliklər və dəyərlər bu məktəbdə danışılır və öyrənilir.

    -Əzadarlıqlarda bəzən ifrata varan, özünə xəsarət yetirən dindarlar da olur. Bu cür neqativ hallar Aşuranın mahiyyətinə, müqəddəsliyinə  kölgə salırmı?

    -Əlbəttə kölgə salır. Həmişə demişəm və indi də deyirəm ki, Aşura məclislərində üç əsas şərt nəzərə alınmalıdır:

    1. Orda deyilən sözlər və edilən əməllər tam şəriətə uyğun olmalıdır. Bədənə xəsarət yetirmək isə şəriətimizdə yasaqdır.

    2. Orda deyilən sözlər və edilən əməllər İmam Hüseynin (ə) hədəfinə zidd olmamalıdır. İmam Hüseynin (ə) hədəfi ümmətin islahı idi, deməli İmam Hüseyn (ə) məclisləri ümmətin islahı, birliyi və mehribanlığına xidmət etməlidir. Ona görə deyirik ki, İmam Hüseyn (ə) məclisləri bölücü yox, birləşdiricidir.
    3. O məclislərdə deyilən sözlər və edilən əməllər yaşadığımız məkanda və zamanda insanlar tərəfindən ikrahedici olmamalıdır. Qan çıxarmaq ikrahedicidir.

    - Bir müsəlmanın Kərbəla faciəsindən çıxarmalı olduğu əsas nəticə nədir?
    -Kərbəla faciəsi nə qədər ürək yandırıcı olsa da, eyni zamanda bütün gözəlliklərin məcmuəsidir. Orda qardaşın qardaşa fədakarlığı, bacının qardaşına məhəbbəti, qardaşın bacıya sevgisi, dostun etibar və sədaqəti, haqq və həqiqət uğrunda çalışmaq və sair gözəlliklərin cəm olduğu məktəbdir Kərbəla! Kərbəladan alınan nəticə isə bu gözəlliklərlə zinətlənməkdir.
    Könül Cəfərli
    PAYLAŞ:

    Oxşar xəbərlər