Laçın şəhərimiz LAÇIN - Qənirə Paşayeva yazır

Laçın şəhərimiz LAÇIN - Qənirə Paşayeva yazır
  • Cəmiyyət / Araşdırma

  • Qənirə Paşayeva, 
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri


    26 avqustda Laçın şəhərində - Həkəri çayının sahilində ilk dəfə “Laçın Şəhəri Günü” bayram tədbiri keçirildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bayram tədbirində çıxış etdi, laçınlıları, bütövlükdə xalqımızı təbrik etdi. Şəhidlərimizin dərin ehtiramla yad edildiyi, qazilərimizin, şanlı Ordumuzun qəhrəmanlığının bir daha və məhəbbətlə vurğulandığı bayram, qədirşünaslıq, vəfadarlıq və yeni uğurlara inamın təntənəsi oldu!

    Əlbəttə, hər bir kəndimizin işğalı faciə, hər kəndimizin qurtuluşu uğurdu. Lakin dövlət başçısının çox haqlı olaraq vurğuladığı kimi Laçının işğalı da, qurtuluşu da müstəsna hadisə idi. İşğal - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistanla böyük coğrafi bağını yaratmışdı; bu bağ, sonrakı işğalların (o dönəmki ortamda), belə demək mümkünsə, qaçınılmazlığını da şərtləndirirdi. Və Laçının qurtuluşu da anti-Azərbaycan qüvvələrin Qarabağla əlaqədar çirkin planlarının suya düşürülməsi, sıfırlanması anlamını daşıyır. 44 günlük müharibədə Laçının xeyli kəndlərini azad edən şanlı Ordumuz, nəhayət Şuşada bayraq qaldırmaqla düşmənin belini qırdı! Bəlli olduğu kimi bundan sonra Ermənistan öz üzərində öhdəliklər götürdü və 1 dekabradək Laçın ərazilərini qismən boşaltdı; qismən deməyimizsə onunla bağlıdır ki, Laçın şəhəri, Zabux və Sus kəndləri keçmiş “Laçın dəhlizi” boyunca yerləşdiyi üçün orada qanunsuz məskunlaşdırılmış ermənilər daha bir müddət köçürülmədi. Azərbaycan dövləti 44 günlük müharibədəki iradəsini bu dəfə yoltikintisində və diplomatik cəbhədə nümayiş etdirdi və mümkün sayılmayan işi mümkün qılıb, alternativ yolun tikintisini başa çatdırdı. Ermənilərin və havadarlarının bəhanəsi tükəndi və yeni bəhanələr arayışı qarşılığında isə Dəmir Yumruğun yerində olduğunu xatırlatmaq bəs etdi. Beləliklə 26 avqustda Laçın şəhəri, Zabux və Sus kəndlərində də bayrağımız qaldırıldı. Laçına əbədi qayıtdıq. Qayıtdıq ki, quraq-yaradaq, torpağın əsl yiyələri ilə yadellilərin arasındakı kəskin fərqi bir daha dünyaya göstərək! Bəli, son 1 ildə (ilin bir neçə ayı) içində qurucu, yaradıcı Azərbaycan Laçını laçın şəhərə çevirdi! 
    Dünən Laçın Şəhəri Günü böyük coşğu, qürur və yeni üfüqlərə qanadlanmalarla bayram edildi. Müzəffər Ali Baş Komandan 50 illik yubileyini Ağcabədidə - Taxtakörpüdə məskunlaşmış laçınlılarla keçirdiyini və onlara verdiyi sözü xatırlatdı. Duyğulu anlardı! Bəli, bir daha təsdiq olundu ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”!
    “Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq”!
    Dünən yalnız laçınlılar deyil, ayrı-ayrı bölgələrimizi, vətəndaş cəmiyyəti institutlarımızı, dövlət orqanlarımızı və yaradıcılıq qurumlarımızı, eləcə də ölkəmizdəki diplomatik korpusu təmsil edən insanlar Laçın Şəhəri Bayramında idi. Bəli, “Kədər bölüşdükcə azalır, sevinc bölüşdükcə çoxalır”. Laçının sevincimizdən sevinə bilən hər kəsə pay düşdü; kədərli tariximizi isə bir daha təkrar olunmaması üçün unutmuruq.
    Dövlət başçısı bayram çıxışında dediyi kimi, “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”!
    Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün öz gücümüz hesabına bərpa etməyimizdir!

    Laçında bayram bayrama qarışmışdı desək yanlış olmaz:
    25-26 avqust 2023-cü ildə dövlət başçısının təməlqoymalarına, etdiyi açılışlara və tanış olduğu tikinti-quruculuq işlərinə diqqət edək:
    - “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı;
    - Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq;
    -Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanışlıq;
    -Mehmanxana kompleksinin təməlqoyma mərasimi;
    -Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı;
    -“Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı;
    -Laçın rayon 2 saylı tam orta məktəbin əsaslı təmirdən sonra açılışı;
    -“Həkəri Balıq Təsərrüfatı”nın açılışı;
    -Laçının Zabux kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüş.
    Laçına insanlıq qayıdır, mədəniyyət qayıdır!
    DÖVLƏTİMİZ VAR OLSUN!
    PAYLAŞ:

    Oxşar xəbərlər