Asiya.az pravda.az-a istinadən xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı aralarında yaranan münaqişəyə görə Mehparə onu öldürəcəyini deyib. Gülsevər 08 oktyabr 2021-ci ildə səhər saatlarında meşəyə gedib. Orada Mehparə ilə rastlaşıb. Aralarında olan narazılığa görə zərərçəkmiş onu söyüb təhqir edib, onu itələyib yerə yıxaraq bıçaqla vurmaq istəyərkən özünü müdafiə etmək məqsədi ilə əvvəlcə dəhrə, sonra isə bıçaqla Mehparəyə zərbələr endirib. Gözü döndüyündən onun qulaqlarını bıçaqla kəsərək sırğalarını çıxarıb götürüb. Sonra üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedib. Həmin əşyaları hadisədən sonra həyətinə gələn polis əməkdaşlarına təhvil verib. Bildirib ki, 4 azyaşlı uşaqları olmasına görə əməlindən peşmançılıq keçirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunub ki, Gülsevər heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli bilib. Hadisə barədə ətraflı ifadələr verərək göstərib ki, 2020-ci ilin sentyabr ayından onun ailəsi ilə ərinin əmisi oğlu Famil Ağayevin ailəsi arasında münaqişə yaranıb. Nəticədə Famil Ağayev qaynı Musa Ağayevi qətlə yetirib. Musanın ölümündən sonra ailələr arasında yaranmış ədavətin səbəbkarı kimi Gülsevəri günahlandırıblar.
08 oktyabr 2021-ci ildə səhər saatlarında heyvanlarına ağac yarpaqları qırıb gətirmək üçün özü ilə evdən dəhrə götürüb yaxınlıqdakı meşəyə gedib. Həmin vaxt meşədə olan Mehparə Ağayeva uzaqdan onu görüb talış dilində "Pozğun, əxlaqsız" kimi digər ifadələr işlədib. Sonra zərərçəkmiş ona tərəf gəlib. Mehparəyə onu təhqir etməməsini, ondan əl çəkməsini deyib. Zərərçəkmiş isə ona "bütün hər şey sənə görə oldu, get heç olmasa, ifadəni geri çək" deyərək onu itələyib yerə yıxıb. Həmin vaxt ayağa durub əlindəki dəhrə ilə Mehparənin baş nahiyəsinə təxminən 3 zərbə vurub. O deyib ki, sonra dəhrəni yerə atıb, bu zərbələrin təsirindən zərərçəkmiş yerə yıxılsa da ölməyib. Mehparəni öldürmək üçün üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr yetirib. Mehparə aldığı xəsarətlər nəticəsində xırıldamağa başlayıb, hirsi soyumadığı üçün bıçaqla onun sağ və sol qulağını sırğalıq hissədən aşağıya doğru kəsib. Mehparə Ağayevanı öldürdüyünə hər kəsi inandırmaq üçün qadının sırğalarını, üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedərək əynindəki pencəyin qan ləkələrini yuyub təmizləyib. Sonra həyətə çıxarkən qonşusunu görüb baş vermiş hadisəni qısaca ona danışıb.