“Ərbəin yürüşü İmam Hüseyn və Kərbəla şəhidlərinə olan eşqin əməli təzahürüdür” - Hacı Ağarəşid Talıbov

“Ərbəin yürüşü İmam Hüseyn və Kərbəla şəhidlərinə olan eşqin əməli təzahürüdür” - Hacı Ağarəşid Talıbov
  • Cəmiyyət / Manşet

  • Qarşıdan dünya müsəlmanlarının İmam Hüseyn naminə həmrəylik yürüşü olan “Ərbəin” yaxınlaşır.

    Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Hacı Ağarəşid Talıbovla müsahibəni təqdim edirik:
    -“Ərbəin” nə deməkdir?
    –Ərbəin doğma Azərbaycan dilində qırx deməkdir. Aşuradan sonra İmam Hüseyn (ə) və Kərbəlada şəhid olanlar səfər ayının 20-sinə qədər ziyarət olunmadı. İlk dəfə həmin ilin Aşurasından 40 gün keçəndən sonra İmam Hüseyn (ə) və Kərbəla şəhidləri Peyğəmbərimizin (s. ə. a. s.) səhabəsi Cabir ibn Abdullah Ənsari tərəfindən ziyarət olundu. Həmin gündən etibarən hər il İmam Hüseynin (ə) Ərbəini, yəni Kərbəla şəhidlərinin ilk dəfə ziyarətinin ildönümü qeyd olunur. Aşura günü İmam Hüseynin (ə) şəhid olmasının, Ərbəin isə İmam Hüseynin (ə) ilk dəfə ziyarət olunmasının ildönümüdür.
    –Bu yürüşün mahiyyəti nədir?
    –Ümumiyyətlə, insanlar aşiq olduqlarına öz eşqlərini müxtəlif yollarla bəyan etməyi özlərinə borc bilirlər. Aşiq məşuquna öz sevdiyini aşkar etmək üçün təkcə “səni sevirəm”, “qəlbimdə sevgin var” sözləri ilə kifayətlənə bilmir. Həmin sevgini və eşqi əməllə zahir etmək istəyir. Bu yürüş İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə olan eşqin əməli təzahürüdür.
    –Neçə ildir Ərbəin yürüşü keçirilir?
    –11-ci İmamımız Həsən Əsgərinin (ə) mübarək kəlamına əsasən Ərbəin ziyarəti iman əhlinin əlamətlərindən biri hesab olunur. Ona görə də bu ziyarətə şövq həmişə olub. Sadəcə, milyonların iştirakı təqribən 2003-cü ildən sonra başlayıb.
    –Necə oldu Ərbəin bu qədər geniş vüsət aldı?
    –Ərbəin yürüşünə kənar maneələr və qadağalar olmadığı vaxtlarda həmişə dindarlar qatılıb. 2003-cü ildən sonra ilk dəfə İraqın Bəsrə əhalisi bu yürüşə kütləvi şəkildə başladı. Onları görən digər müsəlmanlar da bu yürüşə qatıldılar.
    –Harada keçirilir?
    –İmam Hüseyni (ə) və Kərbəla şəhidlərini Ərbəində ziyarət etmək məsum imamlarımız tərəfindən tövsiyə olunub. Kərbəlaya yaxın, yaxud da uzaq olmağımızdan asılı olmayaraq, həmin gün Kərbəla şəhidlərini ziyarət etmək savabdır. Ərbəin yürüşü əsasən Nəcəf şəhərindən Kərbəlaya tərəf olur. Digər şəhərlərdən də Kərbəla səmtinə piyada gələnlərə rast gəlinir.
    –Hər il təxminən neçə müsəlman qatılır?
    –Rəsmi və qeyri-rəsmi mənbələrin qeyd etdiyi say var. Lakin dəqiq onu deyə bilərik ki, bu yürüşə qatılan insanların sayı milyonları keçir.
    –Ərbəin yürüşü insanların bir-birinə qayğısı, diqqəti və fədakarlığı ilə yadımda qalıb. Adətən, mənfəət ardınca qaçan insanlar həmin yürüşdə yalnız əta etmək barəsində düşünür. Başqasına yardımım dəysin, susuza su, aca yemək verim, yorğun insana dəstək olum və s. Ümumiyyətlə, orada olarkən sanki başqa bir aləmdə və başqa bir dünyadasan. Mənə nəsə versinlər yox, mən kiməsə xidmət edim eşqi ilə hər yer “ətirlənir”. Kaş hər yerdə bu fədakarlığı görə bilək, kaş hər zaman insanlar bir–birinə belə qayğı və diqqət göstərsin. Qısası, orada hər kəs faydalanım yox, fayda verim həvəsi ilə hərəkət edir.
    –Bu il yürüşə ilk dəfə qatılacaq müsəlmanlara nələri tövsiyə edərdiniz?
    –Diqqətli olsunlar, həmin məkanlarda yürüyərkən İmam Hüseyni (ə), Kərbəla şəhidlərini və xüsusilə əsirlikdə qolu qandallı gedən Həzrəti Zeynəbi (ə) yad etsinlər. Onlarla bahəm bizim Vətən şəhidlərimizi xatırlayıb onlara dualar etsinlər, şəhid ailə və valideynlərinə səbir diləsinlər. Yaralı qazilərimiz üçün Allahdan şəfa istəsinlər. Vətənimiz cənnət Azərbaycan üçün xoşbəxtlik və səadət, həmişə qalibiyyət və tərəqqi arzu etsinlər. Orada gördükləri fədakarlıq, qayğı və diqqəti özləri ilə hər yerə daşısınlar.
    Könül Cəfərli
    PAYLAŞ:

    Oxşar xəbərlər