"Cəbrayıl rayonunda böyük quruculuq işləri davam edir" - Kamilə Əliyeva

"Cəbrayıl rayonunda böyük quruculuq işləri davam edir" - Kamilə Əliyeva
  • Siyasət

  • Kamilə Əliyeva,
    Milli Məclisin deputatı, professor


    Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda rayon yeraltı, yerüstü sərvətlərlə zəngindir. Cəbrayıl rayonu sement, mərmər, mişar daşı və bir çox tikinti materialları ilə çox zəngindir. Cəbrayıl rayonunun torpağı olduqca münbit olduğundan əhali üzümçülük, baramaçılıq, heyvandarlıq ilə məşğul olublar. İşğaldan əvvəl Cəbrayıl rayonunun əhalisi 52 min nəfər olub.
    1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunu işğal etdilər. Cəbrayıllılar Azərbaycan əsgərləri ilə birlikdə öz ata yurdları uğrunda mərdliklə vuruşdular. 362 şəhid, 191 nəfər əlil oldu, 6 nəfər cəbrayıllı Milli Qəhrəman adına layiq görüldü. Məcburi köçkün düşən cəbrayıllılar respublikamızın 58 rayonunda məskunlaşdırıldı. Hər birimiz kimi cəbrayıllılar da inanırdılar ki, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək. 

    Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını alaraq 27 sentyabr 2020-ci ildə əks hücum əməliyyatlarına başladı. Vətən müharibəsi kimi tarixə düşən bu savaşın elə ilk günündən Azərbaycan oğulları böyük igidlik, qəhrəmanlıq göstərdilər. Müharibənin ilk günü - 27 sentyabr tarixində ordumuz Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda 5 kəndi işğaldan azad etdi. 4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi. Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. 
    2020-ci il noyabrın 20-də "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu "Cəbrayılın işğaldan azad olunmasına" görə medalı ilə təltif edilmişdir.

    Ölkəmizin başçısı cənab İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırması böyük tarixi və siyasi əhəmiyyət kəsb etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Ordumuz Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərini işğaldan azad etdi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədi. Üstəlik Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. 

    Artıq Cəbrayıl rayonunda böyük quruculuq işləri davam etdirilir. Müasir standartlara cavab verən 4-5 zolaqdan ibarət yollar çəkilir. Böyük infrastruktur layihələr həyata keçirilir. "Araz Vadisi İqtisadi Zonası"-nın yaradılması Cəbrayıl rayonu ilə yanaşı regionun inkişafı üçün çox önəmli hadisədir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günü təsis edilmişdir. Həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilib. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev 7 dəfə Cəbrayıl rayonuna səfər edib. Ölkə başçımız bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib. Artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər