Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum öz işinə başlayıb

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum öz işinə başlayıb
  • Sosial

  • AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində forum öz işinə başlayıb.

    Forumda giriş nitqi ilə çıxış edən STEPI-nin baş elmi işçisi, layihənin koordinatoru  Eun Joo Kim STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 12 ölkə ilə elm, texnologiya və innovasiya siyasəti ilə bağlı məsləhətləşmələr, o cümlədən bacarıqların artırılmasına dair 16 layihənin icra edildiyini bildirib. Layihə koordinatoru  qeyd edib ki, Cənubi Qafqaz regionunda, MDB dövlətləri içərisində Azərbaycan yeganə ölkədir ki, Koreya Respublikasının bu imkanlarından faydalana bilmiş və ən çox layihə həyata keçirən ölkə statusuna sahib olmuşdur.

    O, STEPI və YTP arasında beynəlxalq texnoloji innovasiyalar üzrə əməkdaşlıq layihəsinin önəminə toxunaraq bildirib ki, layihə çərçivəsində texnoparkın əməliyyat potensialının və rəqabətqabiliyyətinin əsas təlim proqramları vasitəsilə gücləndirilməsi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılması və inkişafına dəstək verilməsi, həmçinin əməliyyat təcrübəsinin artırılması nəzərdə tutulub.

    E.J.Kim STEPI ilə birgə həyata keçirilən layihənin YTP-də texnologiyaların kommersiyalaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyib, layihənin Azərbaycanın elm, texnologiya və innovasiya siyasətinə mühüm töhfə verəcəyinə inamını ifadə edib.
    Daha sonra çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov texnoparkın 2017-ci ildən STEPI ilə əməkdaşlıq etdiyini bildirib. O, STEPI ilə birlikdə “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsinin icrasına 2022-ci ildə başlanıldığını və 2022-2024-cü illəri əhatə edən layihənin əsas konsepsiyasının təcrübə mübadiləsi və məsləhətləşmələr vasitəsilə Azərbaycan ekspertlərinin bacarıqlarını gücləndirməkdən ibarət olduğunu qeyd edib.

    “Layihə çərçivəsində bilik və bacarıqların artırılması, müsbət nəticələrin əldə edilməsi üçün müxtəlif yanaşmalar tətbiq edilmişdir”, - deyən Vasif Abbasov hazırkı layihənin icrası ilə Azərbaycanda insan kapitalının formalaşmasına töhfə verilməsi, Azərbaycan-Koreya elmi, texnologiya və innovasiya əməkdaşlığının genişləndirilməsi, YTP-nin istismar proqramının təkmilləşdirilməsi, biliyin iqtisadi dəyərə çevrilməsi ilə müşahidə olunan texnologiyanın kommersiyalaşdırılması prosesinin daha da inkişaf etdirilməsi istiqamətləri üzrə hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

    Baş direktor çıxışının sonunda Koreya Respublikasının tanınmış ekspertlərinin və yerli məsləhətçilərin apardığı təlimlər, eləcə də tətbiq olunan digər metodların YTP-nin və benefisiar qrupda təmsil olunan digər təşkilatların nümayəndələrinin gələcək inkişafına və Koreya-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə  töhfə verəcəyini bildirib.

    Forumda Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Eun Yong Lee çıxış edərək bu cür tədbirlərin  iki ölkə arasındakı elmi-texniki əlaqələrin inkişafında mühüm rola malik olduğunu söyləyib.
    O, Azərbaycan ilə Koreya arasında 1992-ci ildən qurulan diplomatik əlaqələrin bu gün bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb.  İki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu deyən səfir Azərbaycanla Koreya arasında neft sektorunda, informasiya texnologiyaları və bərpa olunan enerji sahələrində, nəqliyyat istiqamətində, o cümlədən elm, təhsil, texnologiya sferalarında çoxlu əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib.

    Eun Yong Lee forumun səmərəli müzakirələrlə iştirakçıların həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

    Daha sonra YTP-nin icraçı direktoru Zaur Nəhmətov “STEPI və YTP-nin 2023-cü il K-İnnovasiya tərəfdaşlığı” mövzusunda məruzə ilə çıxış edib. O, STEPI ilə YTP-nin əməkdaşlığı çərçivəsində texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiya istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, bu sahələrdə Koreya təcrübəsinin öyrənildiyini və ölkəmizdə tətbiq olunduğunu diqqətə çatdırıb.
    Zaur Nəhmətovun sözlərinə görə, elm, texnologiya və innovasiya siyasətinin inkişafı və texnoparkların  idarəetmə və istismarına yönəlmiş layihələr çərçivəsində 20-yə qədər onlayn və ənənəvi təlim təşkil edilmişdir. Keçirilən təlimlərdə fundamental və təbiət elmləri üzrə fəaliyyət göstərən elmi müəssisələrin, innovasiya mərkəzlərinin və universitetlərin nümayəndələri Koreyalı ekspertlərin təcrübələrindən bəhrələnmiş və potensiallarını artıraraq müvafiq sertifikatlara yiyələnmişlər.

    O, həmçinin layihə çərçivəsində cari ilin may ayında YTP-nin, İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin, İqtisadiyyat Nazirliyinin tabeliyindəki  İqtisadi Zonaların İnkişafı Agentliyinin və özəl şirkətlərin nümayəndələrinin Koreya Respublikasında səfərdə olduqlarını qeyd edib. Bildirib ki, səfərin əsas məqsədi Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması imkanlarını artırmaq üçün Koreyanın bu sahədəki təcrübəsini öyrənmək, tədqiqat institutlarını ziyarət etmək, Azərbaycan üçün texnologiyaların kommersiyalaşdırılması proqramının Fəaliyyət Planına dair müzakirələr aparmaq və bu sahədə hər iki ölkənin akademik-sənaye qurumları və ekspertləri arasında şəbəkə yaratmaqdan ibarət olub.
    İcraçı direktor səfər zamanı Azərbaycan nümayəndə heyətinin Seul və Daejon şəhərlərində yerləşən “SK TELECOM” şirkətinin Gələcək Mərkəzi, Koreya Qabaqcıl Texnologiyalar İnstitutu, Koreya Elm və Texnologiya İnstitutu, Innotown SEUL Bio-hub, Koreya Universitetinin X-Garage İnkubasiya Mərkəzi, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu, Hanbat Universiteti, Milli Texnologiya Bankında keçirilən görüşlərdə iştirak etdiklərini diqqətə çatdırıb.

    Tədbirdə STEPI və YTP-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

    Forum öz işini “Koreya məsləhətləşmələrinin nəticəsi və Azərbaycanda tətbiqi” və “Texnologiyaların transferi və kommersiyalaşdırılması platforması vasitəsilə Azərbaycanda innovasiya ekosisteminin təşviqi” sessiyaları üzrə davam etdirib.

    Sessiyalarda yerli və xarici ekspertlər tərəfindən “Texnologiyanın kommersiyalaşdırılması ekosistemi və dövlət qurumlarının rolları”, “Azərbaycanda texnologiyanın kommersiyalaşdırılması ekosistemi və siyasəti”, “Koreyanın I-Corp Proqramının Azərbaycanda tətbiqi və istifadəsi”, “Yaradıcı İqtisadiyyat və İnnovasiya Mərkəzinin (CCEI) texnologiyaların kommersiyalaşdırılmasına dəstək Proqramı”, “Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının yenilənməsi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.







    PAYLAŞ:

    Oxşar xəbərlər