Göy üzünün adamına vida məktubu

Göy üzünün adamına vida məktubu
  • Masallı / Cəmiyyət

  • Miraslan ağanın əziz xatirəsinə

         27 noyabr 2023 -cü il... O gün payızın xəzan çağı da, səmada uzaqlara köç edən durna qatarının səsi də qəlbimizi riqqətə gətirən “Aman ayrılıq” türküsü üstündə köklənmişdi.  Sənin bağlı-bağatlı ATA ocağının həyətindən kəndimizin qəbiristanlığa kimi tabutunu öpüb-oxşayan payız küləyinin “dilində” də sanki VİDA kəlmələri titrəyirdi.  “Ərrahman” surəsinin avazla oxunuşu, dəfn mərasiminə və yeddi gün uzaqdan-yaxlndan başsağlığına gələnlərin üz-gözündə həkk olunmuş əbədi ayrılığın qüssəsi ruhumuza qurğuşun kimi hopurdu... İÇİMİZİ dönə-dönə göynədən, qulaqlarımızda aramsızca səslənən ağılar, səssiz göz yaşları, qəmli baxışlar üstümüzə daha bir mehriban QOHUM və sədaqətli DOST itkisi ələmişdi... 

           

    Bəli, Tale ilahəsi bizə həm qohmluq, həm də dostluq etmək imtiyazı vermişdi. Bəlkə elə buna görə də gözlərimin önündə keçən həyatın, şahidi olduğum xeyirxah əməllərin, mənsub olduğun MÜQƏDDƏS OCAĞIN möhtərəm və mötəbər şəxsiyyətləri barədə düşüncələrim istər-istəməz sənin məzarının başında dilə gəldi. Sonra 20 ilə yaxın DİN-də çiyin-çiyinə çalışdığın polkovnik Nazim Əliyev danışdı. Dedi ki, Miraslan ağa mələk kimi insan idi, ən ağır əməliyyatlara gedəndə biz onun cəddini köməyə çağırardıq. Polkovnik Füzuli Xəlilov da çox adamın qəlbindən keçən fikirləri söylədi. Ertəsi gün polkovnik Adil Həsənov hamımızın Ağa deyə müraciət etdiyimiz Hacı Seyid Məhəmməd Hüseynovun el ağsaqqalı kimi onu necə valeh eləmisindən, sənin təmənnasız polis zabiti olduğundan bəhs elədi... Ağanı və səni yaxşı tanıyan polkovnik Qambay Muradov və onlarca başqa keçmiş polis həmkarların sosial şəbəkə vasitəsi ilə Allahdan Ruhuna rəhəmət dilədilər.

           

    Sən ömrün boyu qəlbindəki ilahi qüvvəyə güvənərək böyüklərin kimi haqq yolunda addımlayaraq insanların dərin rəğbətini qazanmışdın. Baban Mirsamid Ağa, atan Seyid Məhəmməd Ağa kimi Allahın seçilmiş bəndəsi idin. Sənin kimi insanların dünya malında gözləri olmadığını uzun illər çalışdığın daxili işlər nazirliyində hamı bilirdi. Sənin kimi əməli-saleh,vicdanı təmiz, halallıq sevənlərin həyat qayəsi yalnız təmənnasız yaxşılıqlar olur. Peyğəmbər (s) buyurub ki: “Sizin içinizdən daha çox sevdiyim və qiyamət günü mənə daha çox yaxın olacaq kəsdən xəbər verim? O kəs əxlaqı gözəl və (başqalarına) dayaq olan kəsdir…”

          

    Həmişə üz-gözündən nurlu təbəssüm əskik olmayan, dost, qohum gəlişinə sevinən və hər kəsin dərdinə şərik olmağı özünə bir İNSANLIQ borcu bilən Miraslan ağa! Allah bu dünyamızı həmişə sənin kimi insanlarla bərqərar eləsin. Bir müdrik kəlamda deyildiyi kimi: “Dünya yaxşılığı sevənlərə, ədəb sahiblərinə, sülh yaradanlara və heç kəsdən uzaqlaşmadan xəlvətə çəkilənlərə görə  bərqərardır…”

          

    …Bu fani dünyanın ağrı-acılarından yaranan xəstəlikləri səni yorub əldən salanda belə qapın köməyinə ehtiyacı olanların üzünə həmişə açıq oldu... Empatiya hissi sənə gendən, qandan keçmişdi. QƏHRƏMAN atan kimi şəhərdə, kənddə  insanların dərdlərinə, yaralarına məlhəm olmağa can atdın… Sağlığında əbədi rəhmət qazanmaq hər kəsə nəsib olmur. Hamı nə vaxtsa köçüb gedəcək bu dünyadan… Kimi qısa, kimi uzun ömür sürür. Amma insanın ömür yolu uzunluğu ilə yox, əhəmiyyəti ilə ölçülür, deyirlər. Ölməzlik ölümdən sonra yaşamaq bacarığıdır!  Sən ömrünün 63-cü pilləsində -Peyğəmbər yaşında   haqqın dərgahına qovuşdun.  Ölüm haqq olsa da, dogma, əziz insanların  vaxtsız itkisi bizə çox ağrı verir…

         

    Bu sətirləri yaza-yaza gözlərim önündə sənin gülərüz siman canlanır. Heç vaxt köhnəlməyən sənli xatirələrlə baş-başa qalıram. Uşaq dünyamızla bağlı xatirələrin bir qisminə çıraq tutmağım yəqin ki, bizi tanıyanlara qəribə gəlməz. Sən şəhərdə dünyaya göz açmışdın. Uşaq vaxtı kəndə gələndə bizim həyətimizdəki ata minib ora-bura çapardın. Bağdagül nənəm də bizi danlayardı ki, bu seyid balası Allahın əmanətidir, şayəd atdan yıxılıb-eləsə, onda bacım oğlu Seyid Məhəmmədə nə cavab varərəm?!. Bir dəfə də otla yüklənmiş arabanı xəndəyə aşırdın, rəmətlik qardaşım Sahibəli ilə ikiniz otun altında qaldınız. O vaxt ikiniz də 5—ci sinifdə oxuyurdunuz. Mən çox qorxdum, Sahibəli ağlayırdı, səndənsə səs çixmırdı. Elə bildim ki, bərk zədə alıbsan… Aradan illər ötüb keçdi, bu əhvalatı xatırlayanda sən deyirdin atı xəndəyə mən salmışdım. Ona görə səsimi çıxarmırdım... 

     

    ADU-nun (BDU) tarix fakültəsində və Polis Akademiyasında təhsil alandan sonra  daxili işlər orqanlarında çalışırdın,“İgidliyə görə” medalı ilə təltif olunmuşdun. Neçə-neçə ağır cinayətkarı, Qarabağda bir erməni snayperi zərərsizləşdirmişdin. Amma haqqında bir cümlə yazmağa, şəklini qəzetdə dərc etməyə belə razı  deyildin.  İndi yeganə təsəllim odur  ki, zati – möhtərəm, atanız Əməkdar inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Hacı Seyid Məhəmməd ağanın xatirəsinə həsr etdiyim “Halal adam” sənədli  povestimdə sənin epizodik də olsa obrazını qələmə almışam. (“Bizim Ağamız”, Bakı, Adiloğlu nəşriyyatı, 2003)   

         \

    …2002-ci ilin qarlı  qış gecəsi Kazan şəhərində  tələbə yoldaşın, tarixçi-alim Talıb Talıbovla rastlaşdım. Ağanın dünyasını dəyişdiyindən xəbər tutub çox məyus oldu. “Ağa  Azərbaycanın   Qızıl Fonduna aid olan Qəhrəman, Mərd, Xeyirxah bir KİŞİ idi” -dedi. Sonra mobil telefonu ilə sənə zəng edib başsağlığı verdi. 

        

    İndi sən də Ağanın, üç qaraşının - Mirsədinin, Mirislamın, Mircamaləddinin və anan Yasəmən xalanın olduğu məkanın -Ruhlar dünyasının sakinisən… Sən nur içindəsən - Göy üzünün adamısan, mən isə hələlilk bu narahat Yer üzünün… Üzü dönsün belə   ayrılığın… Daha əvvəlki kimi üzbəüz oturub danışa bilməyəcəyik…

    Allah səni əbədi sakini olduğun behişti-əlada şəfaət mərtəbəsinə ucaltsın! Amin.

    Ruhuna böyük ehtramla

     

    Nurəddin ƏDİLOĞLU

       07.12. 23.  17.00.

    PAYLAŞ:

    Oxşar xəbərlər