Dünya ölkələrinin ən maraqlı Yeni il adətləri

Dünya ölkələrinin ən maraqlı Yeni il adətləri
  • Maraqlı

  • Hər birimiz yeni ilə yeni ümidlər, gözləntilər, arzular, qərarlar və hədəflərlə giririk. Qəribə rituallara da bu arzularımızın gerçəkləşməsini gözləyərək inana və ya inanmaq istəyə bilərik. 

    Bayram günü kimi qapısını açıq qoyur, kimi gecə yatarkən boşqabda yemək payı saxlayır, kimi də istəklərini bir kağıza yazıb saat 00:00-da yandıraraq ritualını tamamlayır. Yeni ili qarşılamaq üçün insanların inandığı bu adətlər hər mədəniyyətə, ölkəyə, millətə görə dəyişir. 

    Asiya.az müxtəlif ölkələrin Yeni ili qarşıladığı zaman uğuruna inandığı və əsrlərdir tətbiq etdiyi maraqlı ənənələri sizin üçün araşdırıb.

    Köhnə ilin pis ruhlarını qovmaq üçün evlərin qarşısında kəndir asan Yaponiyada yeni ilin ilk saniyələri gülüşlə qeyd olunur.

    Çində keçən ilin uğursuzluqlarını silmək və bəxtləri açmaq üçün ilk növbədə insanlar yaşadqları evləri təmizləyir. Bundan əlavə, uğur gətirməsi üçün uşaqlara qırmızı zərflərdə pul paylanılır.

    Adətlərin ən maraqlısına isə Çilidə rast gəlmək mümkündür. Belə ki, Çilidə bayram gecəsi bir qaşıq mərci yeyənlərin yeni ildə uğurlu iş həyatı yaşayacağına inanılır.
    Cənubi Afrikada isə köhnə məişət əşyaları bayram axşamında pəncərədən atılır və yeni ilə yeni əşyalarla başlayırlar.

    Maraqlı Yenhi il adətlərindən birinə də Belarusda rastlamaq mümkündür. Bu ölkədə bayram günü subay qızların qarşısına qarğıdalı qoyulur, ortaya isə xoruz buraxırlar. Hesab olunur ki, xoruz, hansı qızın qarşısında qoyulan qarğıdalını yeməyə başlayarsa, həmin qız digərlərindən daha tez ailə quracaq. 

    Kolumbiyada insanlar Yeni il ərəfəsində boş çamadanlarla küçələrdə gəzirlər. Bunu etsələr, yeni ildə çox səyahət edəcəklərinə inanırlar.

    Yunanıstanda yeni il gecəsi qapıların qarşısında soğan asılır. Yunanlar soğanın yenidən doğuşu simvolizə etdiyinə inanırlar, buna görə də yeni ilə yeni ümidlərlə girirlər. Bir çox fərqli mədəniyyətdə bəd nəzər, məhsuldarlıq, təmizlənmə kimi mənalar daşıyan soğanın Yeni ildə uğur gətirdiyinə inanılır.

    Argentinada inanırlar ki, Yeni il gecəsində yeni çəhrayı paltar geyinsəniz, bu il arzuladığınız saf sevgi sizi tapacaq.

    Taylandada isə köhnə ilin pisliklərindən arınmaq üçün insanlar bir-biri ilə su savaşı edirlər. Onlar bu yolla ruhlarının təmizləndiyinə inanırlar.

    Bütün dünyada insanların fərqli və maraqlı ənənələri qoruyub saxlamasının yalnız bir səbəbi var, Yeni ili daha yaxşı, xoşbəxt və sağlam qarşılamaq.
    Hər Yeni il bizim üçün təzə ümidlərin hakim olduğu, nikbinliyin canlandığı, daha yaxşı həyat şəraiti gözləntilərinin artdığı bir il olsun. Qoy 2024-cu il ölkəmizə, bütün bəşəriyyətə sağlamlıq, əmin-amanlıq və xoşbəxtlik gətirsin.
    Aysel Hacızadə
    PAYLAŞ:

    Oxşar xəbərlər