Dünya Azərbaycanlılar 2024-cü ili böyük sevinc və qürur hissi ilə qarşıladı

Dünya Azərbaycanlılar 2024-cü ili böyük sevinc və qürur hissi ilə qarşıladı
  • Siyasət

  • Dünyada yaşayan bütün azərbaycanlılar 2024-cü ili böyük sevinc və qürur hissi ilə qarşıladı. 2020-ci ildən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız böyük savaşı, mücadiləni 2023-cü ildə böyük tarixi gələbə ilə başa çatdırdıq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, müdrik, eyni zamanda qətiyyətli siyasəti, siyasi iradəsi sayəsində ölkəmiz öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. 
    Prezident cənab İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycanın qazandığı şanlı gələbə və qələbəyə gedən yolda görülən işlər, üzləşdiyimiz çətinliklər, bu gün ölkəmizin güclü və güdrətli bir dövlətə çevrilməsi və dünyada böyük nüfuza sahib olması barədə çıxış etdi, dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik etdi. 
    Prezident cənab İlham Əliyev tərəfindən güclü Azərbaycan Ordusu yaradıldı. Ordumuz şəxsi heyətinin  peşəkarlığı, ən müasir silahlarla təchiz edilməsi sayəsində dünyanın ən güclü ordular sırasına yüksəldi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Lakin Ermənistan əldə olunmuş razılığa görə  üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə yeni təxribatlar törətməyə davam edirdi. Xankəndi və ətraf ərazilərdə 15 minlik silahlı qüvvələrini Qarabağ ərazisindən çıxartmırdı. Prezident cənab İlham Əliyev Ermənistana və dünya ictimaiyyətinə dəfələrlə müraciət etmişdir ki, Ermənistan rəhbərliyi ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmasa Azərbaycan hərbi yola əl atacaq. Bu xəbərdarlıqlara baxmayaraq Ermənistan Qərbdəki öz havadarlarına güvənərək qanunsuz hərəkətlərini davam etdirirdi. 2023-cü ilin aprel ayında Laçın sərhəd məntəqəsini yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu 24 saat ərzində Ermənistan ordusunu və separatçılara məxsus qanunsuz  silahlı dəstələrini məğlub etdi. Bununla da ölkəmizdə separatizmin kökü kəsildi və Azərbaycanın suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. 2023-cü il oktyabrın 15-də Prezident cənab İlham Əliyev Xankəndində Azərbaycan bayrağını dalğalanırdı. Noyabrın 8-də Xankəndində keçirilən hərbi parad dünyaya Azərbaycanın gücünün və güdrətinin nümayişi idi. Bu möhtəşəm gələbə ilə birinci və ikinci Qarabağ müharibəsində, eləcə də Xocalıda şəhid olmuş soydaşlarımızın ruhları şad oldu. Azərbaycan Ordusu döyüş meydanında onların qisasını aldı. 2023-cü il dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev ili kimi də yaddaşlarda qalacaq. Ulu öndər Heydər Əliyev həyatını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına həsr etmişdir. Ulu öndərimiz dünyada yaşayan bütün azərbaycanlıların harada olmasından asılı olmayaraq onların yeganə vətəninin Azərbaycan olduğunu vurğulayırdı. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev ruhuna ən böyük hörmət və ehtiramımızdır. 
    Ulu öndər Heydər Əliyev siyasi və iqtisadi kursunu layiqincə və uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan dövləti və azərbaycanlıları dünyaya qalib dövlət, məğrur xalq kimi tanıtdı. Ölkə başçımızın apardığı müstəqil siyasi və iqtisadi siyasəti dünyada ölkəmizə olan etimadı hər il gücləndirir. Bu etimadın nəticəsidir ki, dünya dövlətləri yekdilliklə COP 29 konfransının 2024-cü ildə Azərbaycanda keçirilməsinə səs verdilər. Bəzi Qərb dövlətləri Azərbaycanın güclü dövlət olmasına və dünyada artan nüfuzuna ləkə gətirmək niyyətini güdür. Onlar İlham Əliyev siyasəti qarşısında hər zaman məğlubiyyətə düçar olublar. Ulu öndər Heydər Əliyevin yaratdığı və cənab İlham Əliyevin güclü dövlətə çevirdiyi Azərbaycan müstəqil dövlət kimi əbədi yaşayacaq.

    Kamilə Əliyeva 
    Milli Məclisin deputatı, professor
    PAYLAŞ:

    Oxşar xəbərlər