Media və seçkilər - Rəşad Məcid yazır

Media və seçkilər - Rəşad Məcid yazır
  • Cəmiyyət

  • Rəşad MƏCİD,
    Mətbuat Şurasının sədri

    Mətbuat Şurasının missiyası
    Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan yeni dövrə başlayarkən, Prezident seçkiləri də bu dövrün başlanğıcı olmalıdır. Torpaqlarımızın işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından sonra ilk dəfə reallaşacaq prosesi medianın obyektiv işıqlandırması isə demokratik dövlət, hüquqi cəmiyyət quruculuğunun dərinləşməsinə töhfə baxımından son dərəcə vacibdir. Buna görə də seçki media orqanları kimi, Mətbuat Şurasının qarşısında da məsuliyyət müəyyənləşdirir. 
    Ümumən, Mətbuat Şurası seçki proseslərində medianın iştirakı ilə bağlı ayrı-ayrı məqamları hər zaman diqqət mərkəzində saxlayıb. 7 fevral Prezident seçkiləri də bu baxımdan istisna ola bil­məz. Əvvəlki dövrlərin təcrübəsinə isti­nad etsək, deyə bilərik ki, seçki media və jurnalistika üçün, bir növ, sınaqdır. 
    Məlum olduğu kimi, seçkilər za­manı cəmiyyətdə aktivlik artır. Bu ak­tivlikdə müxtəlif qütblər olur. Onlar öz aralarında rəqabət aparırlar. Üstəlik, Azərbaycan təcrübəsini nəzərə alsaq, aktivliyin xarici seqmentinə də rast gə­lirik. Bilirsiniz ki, ölkəmizdən kənarda­kı qüvvələr fəallaşırlar və onlar bəzən lokal, bəzən qlobal, bəzən də regional maraqlarından irəli gələn mənafelərinin yerinə yetirilməsinə çalışırlar. Bütün bunlar yekunda media fəaliyyətinə tə­sirini göstərir. 
    Əlbəttə, hazırda Azərbaycan me­diasında siyasiləşmə, demək olar, yoxdur. Media orqanlarının ayrı-ayrı siyasi qrupların təsirinə düşüb hərəkət etmələri halları da həmçinin. Bu sevin­diricidir. Çünki fərqli durumun yaşan­ması, istər-istəməz, peşə prinsiplərinə etinasızlıq hallarını doğururdu və bu, hər birimizin yaxşı xatirindədir. Mövcud xüsusda yaranmış gərginlik isə bütöv­lükdə, cəmiyyətin ahənginə neqativ tə­sir göstərirdi. 
    Ancaq hazırkı durum da arxayın­lıq üçün əsas vermir. Başlıca vəzifə əldə edilmiş sabit ab-havanın qoru­nub saxlanmasıdır. Mətbuat Şurası da məsələyə məhz bu prizmadan yana­şır. Şura media subyektlərinin seçkidə peşəkar şəkildə iştirakını iki cəhətdən vacib sayır. Birincisi, onların özlərini təsdiqləmələri məsələsi var. Nəzərə alaq ki, hər seçki həm də bir hesa­batdır, əvvəldə bildirdiyim kimi sınaq­dır. İkinci məqam ictimai maraqların qorunmasıdır. Gərginlik dövründə bu maraqlardan çıxış etmək faizinin yük­səkliyi, bütövlükdə ölkənin gələcək in­kişafı baxımıdan mühüm indikatordur. Əlbəttə, peşəkarlıq ön planda olmalıdır. Şura mövcud istiqamətdə hər zaman tövsiyələr verib və verəcək. 

    Media və seçkilər mövzusunda bir sıra məsələlərin üzərində dayanmaq mümkündür. Hesab edirik ki, onlar həm Mətbuat Şurasının tövsiyələrində, həm Mərkəzi Seçki Komissiyasının təlimatla­rında, həm yerli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə, kifayət qə­dər, geniş əksini tapıb. Bir sözlə, onu deyim ki, jurnalistlər seçki prosesinin taleyüklülüyünü nəzərə almalı, həssas davranmalıdırlar. Unutmaq olmaz ki, həssaslığın özü ən böyük peşəkarlıqdır. 
    Mətbuat Şurasının 7 fevral Prezi­dent seçkiləri ilə bağlı konkret fəaliy­yətinə gəlincə, proseslə əlaqədar iki ənənəvi xətti əsas götürürük. Birincisi, seçki kampaniyası dövrünün diqqətdə saxlanılması, ikincisi isə seçki gününə hesablanmış fəaliyyət. Şura birinci istiqamət üzrə ölkənin müntəzəm ya­yımlanan media subyektlərinin mate­riallarına diqqət yetirməkdədir. Hazırkı dövrün reallıqlarını düşünsək, sosial şəbəkələrə də nəzər salmaq şərtdir. Bəzən görürük ki, ayrı-ayrı sosial şə­bəkə profillərində yayımlanmış bilgilər media və jurnalistlər üçün xəbərə çev­rilir. Media bu bilgiləri nə dərəcədə dəqiqləşdirir, hesab edirik ki, məsələ son dərəcə önəmlidir. Jurnalistlər "qara piar” aparmamalı, alətə çevrilməməli­dirlər.
    Mətbuat Şurasının bilavasitə seçki günü ilə bağlı fəaliyyətində də iki is­tiqamət olacaq. Əvvəlcədən onu deyim ki, hər iki istiqamət jurnalistlərin seçki­ni sərbəst işıqlandırmaları üçündür. İlk növbədə, MŞ-də seçki günü yaradıla­caq "qaynar xətt”i vurğulamaq istərdim. Bu, 2005-ci ildən indiyədək keçirilmiş bütün seçkilərdə əsas götürülmüş fəaliyyətdir. Şuranın əvvəlcədən elan ediləcək mobil və şəhər telefon nöm­rələri "qaynar xətt” rejimində çalışacaq. Seçki prosesini işıqlandıracaq jurnalist­lər həmin nömrələrlə əlaqə saxlamaq imkanı əldə edəcəklər. 
    Əlbəttə, biz bilirik ki, jurnalistlərin seçkini işıqlandırmalarına hər zaman şərait yaradılır. Ancaq bəzən müəyyən anlaşılmazlıqların yaranması mümkün­dür. Məqsədimiz həm də bu cür durum­ların ümumi axara təsir göstərməsinin qarşısını almaqdır. Belə situasiyalarda media təmsilçiləri "qaynar xətt”ə müra­ciət edə biləcəklər. Müraciətlər olacağı təqdirdə, Mətbuat Şurası tərəfindən yaranmış çətinliyin aradan qaldırılması üçün operativ tədbirlər gerçəkləşdirilə­cək. Təbiidir ki, bu zaman müvafiq ins­tansiyalarla əlaqəli iş aparılacaq. 
    İkinci istiqamət Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin paytaxtda və bölgələrdə dairə və məntəqə seçki komissiyalarındakı monitorinqləridir. Onlar jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış və­ziyyəti müşahidə edəcəklər. 
    İnanıram ki, həm Mətbuat Şurası, həm də Azərbaycan mediası qarşıya qoyulmuş vəzifələri yerinə yetirə bilə­cək. Ona da əminəm ki, Azərbaycan mediası bütün sınaqlardan üzüağ, al­nıaçıq çıxdığı kimi, bu seçki prosesinə münasibətdə də layiqli mövqe tutacaq, özünün peşəkarlığı ilə cəmiyyətin, ümumən, xalqımızın maraqlarını uzlaş­dırmağı bacaracaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər