İsmayıl Şıxlı və Çingiz Aytmatov

İsmayıl Şıxlı və Çingiz Aytmatov
  • Cəmiyyət

  • (Ruh və düşüncə doğmalığı)         
                    (esse)

             
    “Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz”  İ.Şıxlı.
           
    “Hər zaman və hər kəs üçün dəyişməz olan bir həqiqət var: Heç kim öncədən taleyini, başına nələr gələcəklərini bilmir. Sadəcə həyat onu göstərir...” Ç.Aytmatov.
               
    Bəri başdan deyim ki, yazıma epiqraf kimi sitat verdiyim bu fikirləri hər iki görkəmli ədib bədii sənət nümunələrinin yekunu və ya son akkordu olan dəyərli  əsərlərində - “Ölən dünyam” və “Əbədi gəlin” romanlarında ifadə ediblər.
               
    İstər İsmayıl Şıxlının “Ölən dünya(m)”sında, istərsə də Çingiz Aytmatovun “Dağlar yıxılanda” adı ilə təqdim olunan “Ədəbi gəlin”ində haqq - ədalət, sülh tərəfdarı olan qəhrəmanlarının obrazlarında hər iki unudulmaz qələm ustasının özünəxas milli SİMASI boy verir. Böyük Çin filosofu Konfutsinin təbirincə desək, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. 
               
    Heç kimə sirr deyil ki, bu iki böyük söz ustadının – Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının və Qırğızıstanın Xalq Yazıçısı Çingiz Aytmatovun yaradıcılığında həmişə mənsub olduqları xalqın məişəti, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı məsələlər ictimai-siyasi hadisələrin fonunda bədii əksini tapıb. Onların iksinin də milli təəssübkeşlik hissinin, qan yaddaşının oyadılmasında danılmaz xidmətləri olmuşdur. Hələ sağlıqlarında canlı klassikə çevrilmiş bu iki ədəbiyyat korifeyi həm də nüfuzlu ziyalı, ictimai-siyasi xadim olaraq öz müasirlərinin qəlbində silinməz izlər buraxmışdır. 
               
    “Ölən dünyam” tarixi romanını İsmayıl Şıxlı 1995-ci ildə Bakıda ana dilində, "Dağlar yıxılanda (Əbədi gəlin)" romanını Çingiz Aytmatov 2005-ci ildə Bürüsseldə rus dilində araya-ərsəyə gətirmişdi. Əlbəttə, ruh və fikir yaxınlığı olan yerdə dil fərqi, məsafə və məkan anlayışı məna daşımır. Məhz ona görə də ömrünün son çağları şəkər xəstəliyindən gözləri tutulan İ.Şıxlı əsərini həyat yoldaşı Ümidə xanıma diktə edərək yazdırandan sonra “Artıq rahat ölə bilərəm” deməsi, eləcə də ölümün yaxınlaşdığını hiss edən Ç. Aytmatovun əsərin epiloqunda qəhrəmanın dili ilə “Oxucular isə hər zaman var, yazıçı həyatda ikən də, o öldükdən sonra da..." qənaətinə gəlməsi məndə qəti təəccüb hissi doğurmur.
             
    Üstəlik hər iki əsərdə soy-kökə bağlılıq, keçmişə ehtiram hissinin, nəsildən-nəsilə ötürülən mənəvi dəyərlərin, təbiət - cəmiyyət münasibətlərinin və siyasi sistemin köklü şəkildə dəyişməsi zamanı insanların üzləşdiyi faciələrin real boyalarla təsviri müəlliflərin ruh və əqidə yaxınlığını bir daha təsdiq edir.
         
    “Ümidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə yoxdur” (Aslan bəy), “Divan-dərəyə lotu- potular yığılıb, bala, ehtiyatlı olun. Bir-birinizdən göz-qulaq olun.” (Ömər koxa) fikrini söyləyən İsmayıl Şıxlının qəhrəmanları Cümhuriyyətin dağılmasından sonra sosializm cəmiyyəti “quran” sovet hökümətinin repressiya siyasətinin, “Taleyin sirr olması özü bir taledir”, “Zənginlərin var-dövləti okeanlara sığmaz, kasıbların yoxsulluğu okeanda yer tapmaz!" deyən Çingiz Aytmatovun qəhrəmanları isə sosializmin iflasından sonra vəhşi kapitalist mühitinin, bazar münasibətlərinin sərt qaydaları ilə üzləşirlər. Sanki bu iki ədib əvəlcədən belə mövzuda əsər yazacaqları barədə öz aralarında  uzun müddət fikir mübadiləsi aparıblar. 
         
    Hər iki romanda müəlliflər orijinal dəsti-xəttlə cəmiyyət və təbiət faciələrini qələmə alaraq personajların dərin hisslərini, daxili konfliktlərini əks etdirir və  oxucuların ixtiyarına həm emosional, həm də intellektual cəhətdən dolğun, ictimai-siyasi məzmunu ilə seçilən sanballı bədii nəsr nümunəsi təqdim edir. 
           
    İsmayıl Şıxlının "Ölən dünyam" kitabına ön sözündən məlum olur ki, “xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox olmuşdur...”
           
    Atası sovet repressiyasının qurbanı olan Ç. Aytmatov isə son müsahibələrinin birində "Dağlar yıxılanda (Əbədi gəlin)" əsəri haqqında belə deyib: "...romanda yenidənqurmadan sonrakı qloballaşmanın konkret insanların həyatına necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə cəhd etmişəm..." 
           
    İsmayıl bəyin və Çingiz ağanın əsərlərində belə paralellər aparmaq bəlkə də yalnış fikirdir, fəqət  “Ölən dünyam” və “Əbədi  gəlin” onların mənsub olduqları xalqa son ismarıcı, vida nəğməsidir. Bəlkə də bu son nəsr əsərləri “buynuzlu-buynuzsuz cahangirlərin” meydan suladığı dünyada Azərbaycanın və Qırğızıstanın yaxın və uzaq taleyini görən iki müdrik ağsaqqalın Vəsiyyətnamələrdir.
         
    Film üçün maraqlı epizodlarla zəngin olan hər iki əsər təkcə bizim bu günümüzlə səsləşmir, həm də sabahımızın yaxşı olması naminə bütün Türk dünyası üçün ibrətamiz nümunədir.
       
    “Öləm dünyam''da  Müsavat hökumətinin qurucularından general Cavad bəy Şıxlınskinin yavəri Çapıq Əmrah əlində qanlı “troyka”nın möhürlənmiş ağ qərarları olan qəddar sovet çekisti Fətullayevin qarşısında kişilik qüruru nümayiş etdirərək: “... siz camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq... İndi buraya niyə gəlmisiniz? Rus əsgərlərini niyə gətirmisiniz?” soruşur.
         
    Fətullayevin: “Qaçaq, quldurların kökünü kəsməyə.” cavabından sonra
    Çapıq Əmrah deyir: “Yox, Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad - uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Sizə kişi yox, madyan lazımdır... Cəmiyyət də insan kimidir Axtalanmış adamdan kişi çixmadığı kimi, axtalanmış cəmiyyətdən cəmiyyət olmaz.”
             
    Bəs sosializmdən kapitalizmə "keçid" Sovet cəmiyyətində yaşayan xalqlara nə verdi? Çingiz Aytmatovun  “Əbədi gəlin”də yazdığı kimi, hər şeyin alınıb-satıldığı bazar münasibətlərini, biznes dünyasının acımasızlığını, qəddarlığını... Hər yerdə - o cümlədən, qırğızlarda "könüllü şəkildə öz ruhunu satan", işsizlikdən əziyyət çəkən adamların pul qazanmaq, kasıbçılıqdan yaxa qurtarmaq naminə cinayət törətməyə meyl etmələrini... Korrupsiya girdabı... Mənəvi və ekoloji terrorlar və nəhayət 4 təhlükəli R: - Regionçuluq, Rüşvətxorluq, Reyderçilik, Reketçilik... Riyakarlığa, rəzilləyə zəmin yaradan səbəblər...
               
    İnsanların ümidlərinin, həyat ideallarının “dağlar kimi çöküşü” zamanı böyük faciələr baş verir... SSRİ-nin qurulması da, süqutu da insanların kütləvi qətliamı ilə nəticələndi. Totalitarizmdə köləlik əleyinə mübarizə aparan mətbuatın sonralar bazar iqtisadiyyatının köləsinə çevrilməsini emosionallıqla qələmə alan Çingiz ağa yenidənqurmanın "azmış durnası" kimi təqdim etdiyi müstəqil jurnalistin Tyan-şan dağlarına bəbir ovuna gələn harın ərəb şahzadələrinə: "Qar bəbirlərindən əl çəkin!.. Mən sizə bizim heyvanları məhv etməyə imkan vermərəm..." deyməsi onun ölümcül yaralanmasına səbəb olur... Beləliklə, o, ərəb şahzadələrinin ovlamaq istədiyi Cabbars adlı bəbirlə eyni mağarada can verir. Bəbirlə onun Molotaş mağarasında can verməsini müəllif belə təsvir edir: "Bu vəhşi heyvan həyatının son günlərində taleyini bir insanla paylaşacağını  təxmin belə edə bilməzdi... Halbuki bu qarşılaşma onun alın yazısı idi. Yenə taleyin oyunu... Can verən iki canlı: insan və vəhşi heyvan. Hər ikisi də bu dünyada yolunu eyni şəkildə başa vururdu...”  
       
    Çingiz Aytmatovun Caabars adlı qar bəbirindən fərqli olaraq İsmayıl Şıxlının “Ölən dünya(m)”sındakı Alan adlı it çörəyini yediyi ailəyə xəyanət edən,  namuslu adamlara divan tutan Keçəl Xonduludan “qisas” alır və qaçağa çevrilərək çanavarlarla gün keçirir. Və bir gün Həsən ağa uzun illərin ayrılığından sonra elinə, obasına qayıdarkən onu Kürün sahilində ilk qarşılayan hamının canavar zənn etdiyi Alan olur. “Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi... Həsən ağa canavarın başını sığallayırdı. O isə insan kimi kövrəlirdi. Gözləri tez-tez yaşarırdı.”
         
    Hər iki əsərdə diqqəti çəkən daha bir oxşar cəhət var: "Kür Azərbaycanın mavi fəqərə sütunudur” deyən İsmayıl Şıxlı “Dəli Kür”də olduğu kimi, "Ölən dünyam” romanında da Kür çayının obrazını yaradır. Su saflıq, təmizlik rəmzi hesab edilir. Kür sözü türk dillərində əzəmətli, böyük, güclü, gur sulu, inadkar, nadinc və s. mənalarında işlənir.
         
    Dağ obrazı isə "Biz nəhəng türk ağacının qolları, budaqlarıyıq" deyən Çingiz Aytmatovun son romanında həm də taleyin rəmzi kimi təsvir olunur. Tyanşan - qədim türk dilində tanrı dağları deməkdir. Dağların zirvəsi əbədiliyin, ucalığın, əbədi gəlin haqqında əfsanə isə saflığın, sədaqətin, dürüstlüyün simvoludur.   
         
    ...Çox əfsuslar olsun ki, son onilliklərdə istər Kür sahilinin ətrafındakı, istər Tyan-Şanın ətəyindəki meşələr doğranıb pula, var-dövlətə çevrilir. Cinayət yolu pul qazanan keçəl Xonduluların, bolşevik Fətullayevlərin nəvə-nəticələri, sərvət hərisliyinə düçar olmuş Taştanəfqan, pulun gücü qarşısında mənəvi dəyərlərini itirmiş Ertaş Kurçal və Aydana Samarova kimilər bu gün dildə xalq, millət deyib  ədalətdən dəm vurur, mərhəmət və humanistlikdən ağızdolusu danışırlar. Amma əllərinə fürsət düşən kimi xalqın malına tamah salır, ölkənin yeraltı-yerüstü sərvətlərini talayırlar. Onlar üçün ÇİRKLİ PULLAR  hər şeyə sahib olmaq, hökmüdarlıq etməkdir. “Böyük pullar böyük cinayətlər deməkdir” (Balzak)  ...Belə insanların baş(çı)ları feodalizm, ayaqları sosializm, əlləri kapitalizm cəmiyyətində yaşaya- yaşaya “elita” qrupu kimi fəaliyyət göstərir və hər şeyin üzərinə əcaib-qəraib kölgə salırlar. Kölgələr sürünə-sürünə hörmüçək toru kimi bütün sahələri bürüyürlər. 
         
    Bir sözlə, Elçin Şıxlı demişkən, “İndi dünya sürünən kölgələrindir…”
         
    Mənim sözümün mabədi isə ondan ibarətdir ki, İsmayıl Şıxlı və Çingiz Aytmatov kimi korifeylərin mənəvi dünyası ölməzdir, onların hər ikisi “dağlar çökəndə” də, siyasi sistemlər dəyişəndə də ƏBƏDİ YAŞAMAQ haqqı qazanıblar.  Fəlsəfədə Ölüm və Ölməzlik insаnın mənəvi аləminə çох güclü təsir еdən məsələ kimi təqdim olunur. Son əsərlərinin epiloqunda İ.Şıxlı da, Ç. Aytmatov da keçmişlə gələcək arasında körpü salıb, oxucularının qəlbində ədəbi heykələ dönərək ölümsüzləşiblər. Beləliklə, onlara sağlığında olduğu kimi, ölümündən sonra da əsl yazıçı xoşbəxtliyi nəsib olub...
           
    Hər iki böyük ədibin ölməz ruhuna ehtiramla
    Nurəddin ƏDİLOĞLU,
    12.03.2024
    PAYLAŞ:

    Oxşar xəbərlər