Masallı prokurorluğunda “Açıq qapı günü” və seminar keçirilib -

Masallı prokurorluğunda “Açıq qapı günü” və seminar keçirilib -
  • Sosial / Araşdırma / Masallı

  • Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, iyulun 18-də Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirildi.
    Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. 
    Heydər Əliyev Mərkəzindəki tədbir öncəsi Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
    Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verildiyini qeyd etdi. 
    Çıxış zamanı, həmçinin, prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması və mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, yerin təkindən və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyi vurğulandı.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Masallı rayonu ərazisində də davam etdirildiyini diqqətə çatdırdı. 
    Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynovun, “Qızılağac” Milli Parkının direktoru Aqil Sucayevin aktual mövzular üzrə çıxışları dinlənildi.
    Sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” səmərəli müzakirələr, fikir mübadiləsi aparıldı.
    Daha sonra Azərbaycan Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Azərbaycanın ekoloji siyasəti” adlı sənədli film izlənildi.

             ***
    Əlavə edək ki, iyulun 18-də həmçinin Masallı rayon prokurorluğunun inzibati binasında media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirildi. 
    Masallı rayon prokuroru Vəli Mustafayev rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışdı. O, çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verdi, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs etdi.
    Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən danışaraq, təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verdi.
    Seminar zamanı prokurorluq orqanlarının fəaliyyətilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

              ***
    Qeyd edək ki, həmin gün ictimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, Masallı rayon prokurorluğunda “Açıq qapı günü” də təşkil edildi. Məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək idi. 
    Tədbir zamanı Masallı rayon prokuroru Vəli Mustafayev və Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışaraq, Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verdilər. 
    İnzibati bina, eləcə də kriminalistik texnika ilə tanışlıqdan sonra “Elektron prokurorluq” informasiya sistemi iştirakçılara əyani olaraq nümayiş olundu. 

             ***
    Toplantı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması məqsədilə prokurorluq əməkdaşları, tədbir iştirakçılar tərəfindən Masallı rayonunda, Viləş çayının kənarındakı park ərazisində ağaclar əkildi.
    Müxbir: Akif Ağayev 
    Fotomüxbir: Rəşad Fərəcov


















    PAYLAŞ:

    Oxşar xəbərlər