“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim saxlanıldı

“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkim saxlanıldı
  • Sosial / Manşet

  • "Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

    Asiya.az
    xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.Qeyd olunub ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir: "Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar".

    Bildirilib ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.

    Azərbaycanda "WhatsApp”da mesaj vasitəsilə koronavirusun yayılması barədə həqiqəti əks etdirməyən yalan məlumatlar yayılıb. Belə ki, koronavirusa yoluxmuş insanların Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə saxta məlumatlar yayılıb. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib, hüquq-mühafizə orqanları isə yalan məlumat və çaxnaşma şayiələri yayan mənbələrlə bağlı əməliyyat tədbirləri həyata keçirib.

    Hüquq-mühafizə orqanlarından virtualaz.org-a verilən məlumata görə, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkar olunması barədə yalan məlumat yayan şəxs saxlanılıb. Həmin şəxsin həkim olduğu müəyyənləşdirilib. Onu söhbət etmək üçün dəvət ediblər. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı suala cavab olaraq, zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb.

    Azərbaycanda koronavirus barədə saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.

    Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

    Bu barədə Report-un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

    E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir:

    "Təşvişə ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır”.

    DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər