Fransa BMT-nin 4 qətnaməsinə səs verib: Senat isə bunu inkar edir - Sevinc Fətəliyeva

Fransa BMT-nin 4 qətnaməsinə səs verib: Senat isə bunu inkar edir - Sevinc Fətəliyeva
  • Siyasət

  • Azərbaycan 44 gün davam edən Vətən müharibəsində beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müdafiə edib, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində müvafiq addımlar atıb. Ölkəmizin haqq işi qələbəmizlə nəticələnib. Azərbaycanın hüquq normaları əsasında haqqını bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi narahat edib. Bunlardan biri də Fransadır.

    Asiya.az
    xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

    Onun fikrincə, ermənipərəst, anti-türk və anti-azərbaycan senatorlar tərəfindən qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə beynəlxalq hüquqa ziddir.

    Deputatın sözlərinə görə, qətnamə Azərbaycanın beynəlxalq səviyyədə, Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə hüququn əsas prinsiplərinə açıq hörmətsizlikdir: “Bu sənəd BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Həmin qətnamələrin qəbul edilməsinə Fransa da səs verib, Senatın bu addımı öz-özünü inkar mənası verir. Sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir. Bu sənədin qəbul olunması ilə Fransanın həmsədr kimi neytralığı pozulmuş olur”.

    Millət vəkilinin fikrincə, Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından və özünün arxa planda qalmasından narahatdır: “Lakin həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Fransa bu qərarla regionumuzda tamamilə təsir gücünü itirdi. Bu, onun ən ciddi xarici siyasət səhvi və vahid Avropa məsələlərində Fransanın “xüsusi” rolunun azalmasına dəlalət edir. Bu sənədin qəbul edilməsinin nəticələri ilk növbədə Fransanın özünün mənafelərinə təsir edəcək”.

    S.Fətəliyeva həmçinin işğaldan azad olunmuş torpaqlarımızda digər dinlərə məxsus dini və mədəni abidələrin qorunmasına dair Fransadakı bəzi dairlərin “narahatlıqlarına” da münasibət bildirib.

    O qeyd edib ki, 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarında yerləşən dini abidələrimizə qarşı ermənilər tərəfindən vandalism törədilib: “Bu illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə məxsus abidələr vəhşicəsinə dağıdılıb, qədim alban tayfalarına məxsus dini və tarixi məbədləri ermənilər özününküləşdirilməyə çalışıb. Ötən illər ərzində Azərbaycan dövlləti bu haqda müvafiq beynəlxalq təşkilatlara müraciət edib və problemin qarşısının alınması üçün addımların atılmasına çağırıb. Təəssüf ki, heç bir təşkilat və Avropa dövlətləri buna ciddi münasibət bildirməyiblər. Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış İslam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək. Məlumdur ki, Azərbaycanda etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir, Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud vəziyyəti də bunu təsdiq edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur”.
    PAYLAŞ:

    Oxşar xəbərlər