Bəzi tibb müəssisələrinin baş həkimlərinə xəbərdarlıq edilib

Bəzi tibb müəssisələrinin baş həkimlərinə xəbərdarlıq edilib “Ötən il noyabrın 15-dən - əlilliyin qiymətləndirilməsində ekspertiza və reabilitasiya alt sisteminə keçiddən sonrakı 4 ayda əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə mart ayında eyni məzmunlu məktub daxil olub”.

Asiya.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib. O bildirib ki, ötən müddətdə Tibbi-sosial ekspert komissiyalarına ümumi sayına görə ilk yeri tutan tibb müəssisələrindən – 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) 574, 31 nəfərə xidmət göstərən Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən MRX-dən 385 “forma-088” verilib.

“Hesablamalar göstərir ki, bir ayda hər 10 min nəfərə verilən “forma-088”lərin sayı 5-6-ya bərabərdir. Təəssüf ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici də yüksəlib. 2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7.9, 15 saylı şəhər poliklinikası (ŞP) 4.5, 22 syalı ŞP 4.1, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi-yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi MRX Poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub”, - deyə şöbə müdiri əlavə edib.

G. Poladov qeyd edib ki, 3 aylıq dövrün təhlilinə əsasən, 21 BŞX orta ölkə göstəricisindən 7.9, 4 saylı ŞP 4.8, Ağcabədi MRX 4.6, 22 saylı ŞP 3,5 dəfə çox “forma-088” göndərib. Onun sözlərinə görə, araşdırılan müddətdə Bakı və Bakıətrafı qəsəbələrdə təxminən eyni sayda əhaliyə tibbi xidmət göstərən 31 saylı BŞX-dan cəmi 15, 24 saylı ŞP-dən 18, 11 saylı BŞX-dən 21, 19 saylı BŞX-dən 22 xəstəyə “forma -88” verilib. Şöbə müdiri vurğulayıb ki, Balakən MRX 55 xəstəyə 2 dəfə, 10 xəstəyə 3 dəfə, 1 xəstəyə hətta 5 dəfə, 21 saylı Ramana BŞX 48 xəstəyə 2 dəfə, 4 xəstəyə 3 dəfə, 1 xəstəyə isə 4 dəfə təkrar “forma-88” təqdim edilib.

Oxşar xəbərlər