Qənirə Paşayeva şəhid Elxan Muradovun atası ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid Elxan Muradovun atası ilə görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş Elxan Muradovun atası, Sabirabad rayonunun Əhmədabad kənd sakini Murad Muradovla görüşüb.

    Asiya.az
    xəbər verir ki, şəhid atasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində Tarixi Zəfəri münasibəti ilə təbrik edən Komitə sədri, “Vətən Müharibəsində parlaq qələbəmiz münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailələrisiz” deyib.

    Şəhid atası ilə ətraflı söhbət edən Qənirə Paşayeva, ona Tarixi Zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından Məktub və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış, xüsusi hazırlanmış saat təqdim edib.

    Görüşdə Axıska Türkləri "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov başda olmaqla Birliyin rəhbərliyi, "Nəfəs" Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova iştirak edib.

    Qənirə Paşayevanın şəhid Elxan Murad oğlu Muradovla bağlı yazısını təqdim edirik:

    İNANCIMIZ GÜCÜMÜZDÜR
    19 yaşında Vətənin azadlığı uğrunda canından keçmiş oğullarımızdan biri də adı kimi, soyadı kimi elcanlı, vətənmuradlı Elxan Murad oğlu Muradovdur.
    Elxan 2001-ci ilin may ayının 15-də Sabirabad rayonunun Əhmədabad kəndində doğulub. Bahadur Şabanov adına Əhmədabad kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayının 7-də həqiqi hərbi xidmətə çağırılıb və Ağdamda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Zabitlər tərəfindən həmişə təqdir görən gənc əsgər, yoldaşları arasında da hörmət sahibi olub. Elxanın oxuduğu məktəbə adı verilən Bahadur Şabanov I Qarabağ Müharibəsinin şəhididir. – Vətəncanlılıq, əhdə vəfa, dövləti, bayrağı müqəddəs bilmək Axıskalı soydaşlarımızın canında-qanındadır.
    Bugünlərdə Elxanın atası ilə görüşdük, dədrləşdirk, uğurlaşdıq. Şəhid atasının duruşu, “Vətən sağ olsun!” deməsi çox təsirli, qürurvericidir.
    Sizlərə minnətdarıq, əziz Şəhid valideynləri!

    Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan əsgər Muradov Ağdam istiqamətində gedən ağır döyüşlərdə, 2020-ci il oktyabr ayının 7-də şəhidlik zirvəsinə ucalıb.
    Hərbi xidmətə yola düşməsindən 1 il 3 ay keçmiş şəhadət şərbəti içən Elxan, böyüyüb boya-başa çatdığı Əhmədabad kənd qəbirstanlığında torpağa tapşırılıb. İndi Əhmədabad kənd qəbirstanlığı ziyarət edənlər mütləq Elxanın qəbrinə baş çəkir, ruhuna dualar oxuyur.
    Elxanın müəllimi, Axıska Türklərinin “Vətən” Cəmiyyətinin tanınmış üzvü, Əhmədabad kənd sakini Güləhməd Mövludoğlu öz şəhid şagirdi haqqında ürək sözlərini bizimlə bölüşdü:

    “Elxan Muradov məktəbdə oxuduğu müddət ərzində intizamlı, çalışqan şagird olub; məktəbin bütün ictimai işlərində fəal iştirak edib; şagird kollektivinin və müəllimlərinin hörmətini qazanıb.
    Müharibə ölüm, qan-qada deməkdir. Müharibədə itirdiyimiz oğullar üçün qəlbimiz sızlayır, ürəyimiz göynəyir. Ancaq biz itirsək də cənnət qazandı”...
    Bəli, mən də Güləhməd müəllimin fikirlərinə qoşuluram.
    Bir ailə oğul itirəsə də, o oğul artıq bütün xalqın əzizi, Vətənin oğlu olursa, bu ayrı bir nemətdir, sıradan cümlələrlə anladılması çətindir.

    Şəhidlərin özlməzliyi, ruhların əbədiliyi – inancımızdır!
    Cənnətməkan şəhidlərin ruh şadlığına inanırır
    İnam bizə təsəlli verir, taqət verir, güc verir.
    İnanmış insan yenilməzdir.
    Elxanın qanı yerdə qalmayıb. Onun uğrunda can verdiyi torpaqlarda bugün üçrəngli müqəddəs bayrağımız dalğalanır.
    BAYRAĞIMIZ HƏMİŞƏ UCA OLSUN!
    VƏTƏN SAĞ OLSUN!
    Qənirə Paşayeva
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

    Qənirə Paşayeva şəhid Elxan Muradovun atası ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər