Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan iki nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib. Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.
Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib.
Göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.