14 yaşlı qızın nişanlanması barədə Masallı Rayon İcra Hakimiyyətinin AÇIQLAMASI

14 yaşlı qızın nişanlanması barədə Masallı Rayon İcra Hakimiyyətinin AÇIQLAMASI
  • Siyasət

  • Dünən rəhbəri olduğumum Asiya İnformasia Agentliyinə Masallı rayonunda 14 azyaşlı qızın nişan mərasimi keçirilməsi ilə bağlı xəbər daxil olmuşdu. Elə həmin saat hadisənin baş vermə səbəbləri ilə bağlı kiçik araşdırma apardıq.
    Apardığımız araşdırma zamanı həqiqətən də belə bir hadisənin baş verdiyi bizə məlum oldu. “Asiya.az” xəbər portalı və AsiyaTV-də “Masallıda 14 yaşlı qızı nişanladılar” başlıqlı xəbərlə hadisənin təfərrüatını yayımladıq və adiyatı qurumların məsələyə biganə qalmamasını istədik.

    Artıq baş verən hadisə ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti və İcra Hakimiyyəti yanında yaradılan ictimai şura açıqlama verib.
    İctimai şuranın üzvü Mərhəmət Lələyev Asiya.az xəbər portalının redaksiyası ilə əlaqə saxlayaraq verilən açıqlamanın bir nüsxəsini bizə təqdim etdi.

    Məlumatda yazılır:

    “Masallı rayonu, Bədəlan kəndində azyaşlı qızın erkən nikaha cəlb edilməsi ilə bağlı yayılan məlumatlara cavab olaraq bildiririk ki, məsələ ilə bağlı 07.06.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi və mətbuatda yayılan məlumat əsasında Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri və məsul katibi, Hüquq şöbəsinin müdiri, Rayon Polis şöbəsinin məsul əməkdaşı, ərazi nümayəndəsi və məktəb direktoru rayon icra hakimiyyətində yaradılan ictami şuranın üzvləri birgə sözügedən ailə ilə yaşadıqları ünvanda görüşdü və eyni zamanda qeyd olunan müraciət rayon Polis şöbəsinə təqdim edildi.
    Araşdırma zamanı məlum oldu ki, 11.07.2006-cı il təvəllüdlü, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi azyaşlı N.N-nin(ad şərtidir) atası 2017 ci ildə vəfat etmişdir və hazırda azyaşlı anası və azyaşlı qardaşı ilə birlikdə yaşayır. Ailə üzvləri və yaxınların deməsinə görə 05.06.2021-ci il tarixində azyaşlı ilə hazırda Bədəlan kəndində olan, Rusiya Federasiyası vətəndaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1985-ci il təvəllüdlü N.N arasında Lənkəran rayonun Osaküçə kəndində yerləşən restoranların birində üzük taxma mərasimi olub.

    Təşkil olunan komissiyanın üzvləri tərəfindən azyaşlı, valideyni və orada olan yaxınları ilə maarifləndirici-profilaktiki söhbətlər aparıldı, Azərbaycan Respublikasının müvafiq sahədə Qanunlarının müddəları izah olundu, məsuliyyətləri barədə xəbərdarlıq edildi. Azyaşlının valideyni həyat yoldaşının vəfat etdiyini, ailəsinin başsız qaldığını və bu səbəbdən qızını ad etməyə razılıq verdiyini, qızının nikah yaşı çatdıqdan sonra nikaha daxil olmasına razılıq verəcəyini bildirdi. Azyaşlı heç bir məcburiyyətin olmadığını, öz istəyi ilə söz kəsildiyini, söz kəsildiyi oğlanla aralarındakı yaş fərqinin ona heç bir narahatçılıq yaratmadığını, nikah yaşı çatdıqdan sonra nikaha daxil olacağını bildirdi.
    Komissiya azyaşlıya erkən nikahın fəsadlarını izah etdi, təhsil almasını və nikah yaşı çatmamış nikaha daxil olmamasını tövsiyə etdi. Eyni zamanda nikaha məcbur ediləcəyi təqdirdə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət edə biləcəyi azyaşlıya bildirildi.
    Məsələyə dair hazırda Rayon İcra Hakimiyyətində və rayon Polis şöbəsində araşdırma davam edir.”

    Mərhəmət Lələyev Masallı Rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyəti yanında yaradılan İctima Şuranın apardığımız araşdırma ilə bağlı xəbər portalımıza TƏŞƏKKÜR etdiyini bildirdi.

    Biz də Masallı Rayon İcra hakimiyyətinə, İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuraya və Masallı Rayon Polis Şöbəsinə çağırışımıza tez bir zamanda reaksiya verdiklərinə görə Asiya İnformasiya Agentliyi adından minnətdarlığımızı bildiririk.
    Cəfər Cəfərov,
    Asiya İnformasiya Agentliyinin təsisçi-direktoru.
    PAYLAŞ:

    Oxşar xəbərlər