MASALLI TƏHSİL FONDU tələbə qızlarla görüş keçirdi – VİDEO/FOTOLAR

MASALLI TƏHSİL FONDU tələbə qızlarla görüş keçirdi – VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma

  • "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə" 

    Bu sözlər böyük xeyriyyəçi, mesenant Hacı Zeynalabdin Tağıyevə məxsusdur. O inanırdı ki, təhsilli qız, təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək.

    H.Z.Tağıyev Bakıda min bir əzab-əziyyətlə Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini açmışdı.

    Sonradan Tağıyevdən nümunə götürülərək başqa və daha kiçik qız məktəbləri açılırdı. 1915-ci ildə Bakıda artıq 5 qız məktəbi var idi.

    Cənub bölgəsində isə ilk belə məktəb Tarixçi-etnoqraf, pedaqoq, maaarifçi Teymur Məmməd bəy oğlu Bayraməlibəyovun rəhbərliyi ilə 1917-ci ildə Lənkəranda "Ünas" (qızlar) adı altında fəaliyyətə başlayıb.

    Ləkəran qəzasının Yeddioymaq kəndindən olan Teymur bəyin yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. 

    Sevindirici haldır ki, 100 il sonra 2020-ci ildə Teymur bəyin həmkəndlisi millət vəkili Məşhur Məmmədov Bayraməlibəyovun, Tağıyevin işıqlı, ziyalı yolunu davam etdirdi. 

     

    Masallıda uşaq bağçaları, orta məktəb, idman mərkəzi və bu kimi uşaqların, gənc nəslin təhsili, tərbiyəsi, sağlamlığı üçün önəmli olan inzibati binaların tikintisini həyata keçirən Məşhur Məmmədovun doğma rayonuna verdiyi ən böyük töhfələrdən biri də “Masallı Təhsil Fondu” oldu. 

     

    "Masallı Təhsil Fondu" erkən nigahların qarşısını almaq, aztəminatlı ailələrdən olan qızların ali məktəblərdə təhsil almaqlarına kömək və xüsusi istedadlı gəncləri aşkar edib, onlara dəstək üçün yaradılmışdır.

     

    Son zamanlar tez-tez fondun xoşməramlı sədalarını ölkə miqyaslı mədəniyyət tədbirlərinin təşkilatçısı kimi eşidirik və buna sevinirik.

     

    12 fevral 2022-ci il tarixində “Masallı Təhsil Fondu” Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində cari ildə ali məktəblərin qış semestri imtahanlarını uğurla başa vuran bir qrup tələbə qızla görüş keçirdi.

     

    Tədbir öncəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qış semestri imtahanlarını uğurla başa vuran tələbə qızları təbrik etdi.

     

    Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı qeyd etdi ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyildir. Masallıdan təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”-nun apardığı məqsədəyönlü iş sayəsində həyata keçirilir.

     

    “Masallı Təhsil Fondu”-nun icraçı direktoru Hüseyn Hüseynov fondun fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirb ki, fond Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Yarandığı iki il ərzində 110 qıza təhsil fondunun nizamnaməsinə uyğun təqaüd və onların təhsil haqqları ödənilib. 

    50 tələbənin təhsil haqqı, 60 nəfər tələbə qıza təqaüd verilib. Bu günə kimi ümumilikdə 118400 manat pul ödənilib. 

     

    Tələbə qızlarla görüşdə çıxış edən Milli Məclisin deputatları - Anar İsgəndərov, Məşhur Məmmədov, Fondun idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva qızlara tələbə həyatında, növbəti semestr imtahanlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzuladılar.

     

    Sonra “Azadmedia.az” saytının redaktoru Ülkər Piriyeva, tələbə qızlardan — ADPU-nin ikinci kurs tələbəsi, şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, ADPU-nin birinci kurs tələbəsi Lalə Əsədzadə, LDU-nun birinci kurs tələbəsi Pərvin İmanova, ADPU-nin birinci kurs tələbəsi Nurcan Xəlilzadə, ADPU-nin ikinci kurs tələbəsi Sumayə Hüseynova, LDU-nun tələbəsi Nərmin Muxtarova, ADPU-nin ikinci kurs tələbəsi Fatma Məmmədli və başqaları çıxışlarında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

     

    Diskussiya şəraitində keçən tədbirdə millət vəkili Məşhur Məmmədov bir daha tələbə qızlara uğurlar arzulayıb, onların gələcək tələbə həyatında nümunəvi gənc olmağı tövsiyə etdi.

     

    “Fond qızların təhsilinə önəm veriməsi, yüksək ixtisaslı kadrların hazırlanması naminə bütün imkanlardan səmərəli istifadə edir. Bununla yanaşı, bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, fond qızların təhsildən yayınması, erkən nikaha girməsi kimi neqativ halların qarşısının alınmasına yönəlir” - deyə millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırdı.

     

    Tədbirin sonunda Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun dəstəyi ilə Nurəddin Ədiloğlunun müəllifi olduğu “Şəhidlik manifesti” kitabı tələbə qızlara hədiyyə edildi, xatirə şəkilləri çəkildi.

     

    Cəfər Cəfərov, 

    Asiya.az


    PAYLAŞ:

    Oxşar xəbərlər