Avropa Çempionatında Azərbaycan himni yeddi dəfə səsləndirildi

Avropa Çempionatında Azərbaycan himni yeddi dəfə səsləndirildi
  • İdman

  • İdmanın yüksək səviyyədə inkişafına görə Azərbaycan dünyada öndə olan ölkələrdəndir.

    Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi idmanın inkişafında da mühüm irəliləyişlər oldu. Azərbaycan idman ölkəsinə çevrilməyə - Olimpiya hərəkatına qoşulmağa başladı. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpia Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycanda idman yeni mərhələyə başladı. İdmançılarımız yüksək səviyyəli idman yarışlarında və Olimpia Oyunlarında iştirak etdi.

    Bu gün Azərbaycanda onlarla Olimpia İdman Mərkəzləri idmançıların istifadəsinə verilib. Bu mərkəzlərdə olduqca güclü və səriştəli idmançılar yetişir.

    İdmançılarımız idmanın bütün sahələrində həm böyüklər, həm də kiçik yaş qrupu arasında yüksək səviyyədə iştirak edir, yarışlarda öz gücünü və Azərbaycanın qüdrətini nümayiş etdirirlər.

    17 mart 2022-ci il tarixdə Azərbaycanın gənc güləşçiləri Bolqarıstanda keçirilən Avropa çempionatında ölkəmizi uğurla təmsil etmişlər. İdmançılarımız bu yarışda 16 medal qazanıb. Onlardan 7-si qızıl medaldır. Ölkəmizin komandası komanda hesabına birinci yerə layiq görülüb. Bu idmançılarımızın böyük qələbələrindəndir ki, Azərbaycan himni yeddi dəfə səsləndirilib. Bu fakt olduqca qürurvericidir. 

    Azərbaycanda güləş qədim və demək olar ki, milli idman növlərindən biridir. İdmanın bu növü Azərbaycanda əsrlərdən bəri inkişaf edib. Nəsildən-nəslə, əsrdən-əsrə keçib. 

    Azərbaycan həmişə öz fiziki cəhətdən güclü və eyni zamanda səriştəli güləşçiləri ilə öndə olub. Sovet dönəmində və sonrakı müstəqillik illərində də güləşçilərimiz Azərbaycanı müxtəlif idman yarışlarında təmsil etmiş, məharətli, səviyyəli oyun nümayiş etdirmişlər.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Güləş ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir.

    İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq”.
    Azərbaycan xalqı qəhrəman, vətənpərvər xalqdır. Gənclərimiz vətənpərvərlik ruhunda böyüyür, inkişaf edirlər. 44 günlük Vətən Müharibəsində xalqımızın, xüsusən də gənclərimizin qürurlu, milli ruhda böyüməsinin şahidi olduq. Cənab Ali Baş Komandanımızın çağırışına milyonlarla Azərbaycan gənci səs verdi. Vətəni qorumağı, vətən üçün şəhid olmağı Azərbaycan gənci özünə şərəf bilərək "Dəmir yumruq” ətrafında birləşərək torpaqlarımızı yadelli işğalçılardan azad etdi.
    30 il Azərbaycan xalqı siyasi arenalarda eyni zamanda idmanda belə məğlub xalq kimi təmsil edilirdi. Bu bizim üçün çox ağrılı olsa da qəbul etməli idik. Xəyanətkar qonşular o vaxtkı səriştəsiz hakimiyyətdən və ordumuzun olmamasından istifadə edərək torpaqlarımızı işğal etdilər. Ermənistana isə bir sıra xarici dövlətlər yardım etməyə başladı. Bu havadarlarının hesabına Ermənistan nəinki işğal etdiyi torpaqlarla kifayətlənir, hətta bütöv Azərbaycanı işğal edəcəkləri, Azərbaycan torpaqlarına sahib olacaqları barədə düşünürdülər. Özləri, orduları haqqında mif yaratmışdılar. 

    Qəhrəman Azərbaycan xalqı öz yüksək səviyyəli, səriştəli, uzaqgörən siyasətçi Ali Baş Komandanının rəhbərliyi ilə bu mifi darmadağın etdi. Öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: ”Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq ikinci Qarabağ müharibəsi haqqında qürurla danışırlar.

    Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır”.
    Vətənpərvər gənclərimiz bu gün siyasətdə, elmdə, idmanda irəliləyərək qürurla vətənimizi təmsil edirlər. Onlara bayrağımızı həmişə uca tutmağı arzulayırıq.

    Şəhla Ağbulud
    PAYLAŞ:

    Oxşar xəbərlər