Postmünaqişə dövründə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir

Postmünaqişə dövründə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir
  • Siyasət

  • Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlət başçımız giriş nitqində hesabat dövründə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunun indiyədək qazanılan müsbət nəticələrin davamı kimi qiymətləndirildiyini bildirdi. Ölkə rəhbəri çıxışında müharibədən ötən bir ilin əlamətdar olduğunu, düşməndən təmizlənən torpaqlarda bərpa işlərinin uğurla həyata keçirildiyini, Vətən savaşı nəticəsində bölgədə yaranan yeni reallıqların beynəxalq müstəvidə də qəbul edildiyini, nüfuzlu xarici təşkilatlarla təmasların, fəal əməkdaşlığın dinamik xarakter aldığını diqqətə çatdırdı.

     

    Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi dövründə xüsusilə artıb. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə olunan diplomatik uğurlar ölkəmizin ATƏT, BMT, Avropa Şurası kimi təşkilatların tribunalarından öz sözünü daha qətiyyətlə deməsinə zəmin yaradıb. Bu gün Azərbaycanın dünyada öz sözü və yeri var.

     

    Prezident İlham Əliyevin hakimiyyəti illəri tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Maliyyə imkanlarımız və strateji valyuta ehtiyatlarımız ciddi şəkildə çoxalıb. Azərbaycanın ixracatdakı payı, regionlarda ümumi məhsul buraxılışı, xarici ticarət dövriyyəsi əsaslı şəkildə inkişaf edib. Ölkədə minimum əməkhaqqı 12,9 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb. İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə qədər enib. Bu dövr ərzində pensiyalar 10 dəfədən çox, maaşlar isə 7 dəfə artıb. Ölkəmizdə davamlı inkişaf və siyasi sabitlik təmin edilib. Pandemiyanın təsirlərinə və müharibədən sonrakı reallıqlara baxmayaraq, bu ilin birinci rübündə də Azərbaycan uğurla inkişaf edib. Elə yalnız ümumi daxili məhsulun 6,8 faizlik artımı postpandemiya dövrünə aid böyük nailiyyətdir. Həmçinin, cari ilin birinci rübündə qeyri-neft iqtisadiyyatı 10 faizdən çox, sənaye istehsalı 4 faiz, qeyri-neft sənaye istehsalı 18 faizdən çox, xarici ticarət dövriyyəsi 60 faizdən çox, ölkə ixracı iki dəfədən çox, qeyri-neft ixracı 45 faiz artıb. Eyni zamanda, xarici ticarət saldosu cəmi üç ayda 5,1 milyard dollar təşkil edib ki, dünyanın əksər ölkələrində bu sahədə saldo mənfidir. Eləcə də, xarici dövlət borcu da azalıb. Bir sözlə, 2022-ci ilin ilk üç ayının göstəriciləri bir daha isbatlayır ki, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Heç şübhəsiz ki, ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır və postmünaqişə dövrünün birinci ilinin nəticələri də onu deməyə əsas verir ki, qarşıda duran bütün vəzifələr uğurla icra edilib.

     

    Ötən müddət ərzində yol və nəqliyyat infrastrukturunun, su təchizatının inkişafı istiqamətində böyük işlərin görüldüyünü hər bir Azərbaycan vətəndaşı görür. 2018-ci ildən indiyədək 15 min kilometr yeni yol çəkilişi təmin edilib, yeni aeroportlar istifadəyə verilib. Əhalinin içməli su təchizatı ilə bağlı problemləri aradan qaldırılıb, içməli su ilə təminat artıb. Kənd təsərrüfatının inkişafı üçün bir neçə su anbarı tikilib və digər meliorasiya tədbirləri görülüb. Azərbaycanın inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazandığını və heç kimdən dəstək almadığının bariz nümunəsi olaraq, azad edilmiş torpaqlarda bu gün həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır. Azərbaycana edilən təzyiqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya imzalamasından dərhal sonra bərpa işlərinə başlanmasına, həmçinin ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması, onlarla kilometr yolların, elektrik xətlərinin, dəmir yollarının çəkilməsi, hava limanlarının inşası, tunellərin salınması, şəhərlərin, mədəniyyət abidələrinin bərpası nümayiş etdirir ki, Azərbaycan öz gücünə işğaldan azad olunmuş əraziləri də bərpa edəcək, həmin yerlərə həyatı qaytaracaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, nümunəvi inkişaf bölgəsi olacaq. Dövlətimizin başçısı müşavirədə çox doğru olaraq qeyd etdi ki, Ermənistan bizim planlarımızı əngəlləyə bilməz və diqqətə çatdırdı ki, 10 noyabr Bəyanatına əsasən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq. Ermənistana mesaj verildi ki, vaxtı uzatmağın xeyri yoxdur.

     

    Günümüzün reallıqı budur ki, hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan da həmin reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Ermənistan bunu etmədiyi halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid olacaq.

     

    Azərbaycan Prezidenti tərəfindən təklif edilən 5 bənddən ibarət təklifin qəbul edilməsi buna əyani misaldır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Hələ də davam edən pandemiya dövründə Prezident İlham Əliyev tək öz xalqının qayğısına qalmır, eyni zamanda, bir çox qlobal təşəbbüslər göstərir. O, həm də dünyada vaksin millətçiliyinə qarşı ilk dəfə beynəlxalq arenada çıxış edən ölkə başçısı kimi də tarixə düşdü.

     

    Hər bir vətəndaş istəyir ki, təhlükəsiz və rifah həyat yaşasın, arzuları gerçək olsun, cəmiyyətdə özünə layiqli yer tutsun və ən əsası gələcəyindən arxayın olsun. Xalqı qarşısında verdiyi andı yerinə yetirməklə ölkə Prezidenti bir daha bu inamı doğrultdu, insanları sevindirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu dəstəkləyir və ölkənin gələcək inkişafına inanır.

     

    Bütün bunlar onu söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

      

    Elnur Hüseynov,

    Salyan rayon Statistika İdarəsinin rəisi 

    PAYLAŞ:

    Oxşar xəbərlər