Zəfər Qurultayı Azərbaycan xalqının güclü və qüdrətli olduğunu sübut etdi - ŞƏRH

Zəfər Qurultayı Azərbaycan xalqının güclü və qüdrətli olduğunu sübut etdi - ŞƏRH
  • Siyasət / Manşet

  • Ölkəmizin Prezidenti İlham Əliyevin göstərişi ilə Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının məhz "Şuşa İli"ndə Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın ürəyi Şuşada keçirilməsi heç də təsadüfi deyil. Çünki Şuşa 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Çünki Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qaldı. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
    Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.
    Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Və Dünya Azərbaycanlılarının V Zəfər Qurultayına hansı ölkədə yaşamasından asılı olmayaraq təşrif buyuran hər bir azərbaycanlı 30 il arzusunda olduqları Qarabağ yanğısını, Qarabağın tacı olan Şuşaya gəlməklə bu həsrəti soyutmuş oldular.
    Aprelin 22-də keçirilən Dünya Azərbaycanlılarının V Zəfər qurultayda Azərbaycan Prezidenti geniş və parlaq nitqində Zəfər qurultayının əhəmiyyəti, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də regionda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlət başçısı vurğulayıb ki, Zəfər Qurultayı tarixi Qələbədən sonra ilk dəfə keçirilən böyük tədbirdir: «Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır».
    Həmçinin, Zəfər Qurultayında Prezident İlham Əliyev çıxışı zamanı çox mühüm mesajlar da verib. Ən böyük mesaj elə bu qurultayın Şuşada keçirilməsidir. Daha vacib məqam isə, Prezident İlham Əliyevin bundan sonra baş qaldıra biləcək erməni faşizminə veriləcək cavabı oldu. Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq dövlətimizin, cəmiyyətimizin və diasporumuzun əsas vəzifəsi olub. “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edirlər, Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak etdiyini görürük. ATƏT-in Minsk qrupu isə özünü doğrultmadığı üçün demək olar ki, tarixin arxivinə göndərilib.
    Bir sözlə, ermənilərin bundan sonrakı təxribatları onları məhvə sürükləyəcək və Ermənistan heç vaxt Azərbaycanla rəqabət apara biləcək gücdə olmayacaq. Dövlət başçısı günü-gündən zəifləyən Ermənistanın, sözün hər bir mənasında, Azərbaycanın qabağında duruş gətirə bilmədiyini bildirib. Bu halda işğalçı Ermənistanın bir çıxış yolu var: qalib Azərbaycanın müəllifi olduğu reallıqları qəbul etmək. Dövlətimizin başçısının dediyi kimi: «Azərbaycan müdafiə məqsədilə davamlı olaraq hərbi qüdrətini artırır və bundan sonra da artıracaq. Ölkəmiz baş verə biləcək bütün təxribatlara layiqli cavab vermək gücündədir».
    Azərbaycan Prezidenti, həmçinin dünya azərbaycanlılarını öz Vətəninin müdafiəsinə çağırdı: «Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar Qarabağ münaqişəsinin həll edilməsi mənim üçün Prezident kimi başlıca vəzifə idi. Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir».
    Göründüyü kimi, Zəfər Qurultayı bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirməklə, Azərbaycan xalqının daha güclü və qüdrətli olduğunu sübut etdi. Əminik ki, Zəfər Qurultayı soydaşlarımızın milli mənlik şüurunun daha da güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq.
    MƏŞHUR MƏMMƏDOV,
    Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili
    PAYLAŞ:

    Oxşar xəbərlər