Sizi heç vaxt unutmayacağıq! - Anar İsgəndərov yazır

Sizi heç vaxt unutmayacağıq! - Anar İsgəndərov yazır
  • Araşdırma / Cəmiyyət

  • Bu gün yanvarın 2-ci günüdür. Dekabrın sonuncu günü Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iki oğul itirmiş Ziba xanımla telefon söhbətim olur. Səhhəti ilə maraqlanıram. Yaxşıyam-deyir. Söhbət əsnasında məlum olur ki, Bakıda iki şəhid övladına görə dövlət tərəfindən ailəyə verilən evdədirlər. Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin yadigarları Nur və İntiqam, anaları Fərqiyyə, babaları Bayram kişi və Ziba xanım Həmrəylik gününü və Yeni ili Bakıda keçirməyi qərara almışlar. Mən də görüşmək üçün hazırlıqlar görürəm.

    Haşiyə: Müharibə sözü ağırdır. Bu sözün içində ölüm var, itim var, ömürlük şikəst olmaq var, ömürlük ayrılmaq var, nələr, nələr.
           
    Azərbaycan dövlət müstəqilliyini bərpa edib sevinməyə macal tapa bilmədi. Dünyanın ən qəddarı, insanlıqda haqqı, qonşuluqda payı olmayan ermənilər əliyalın xalqımıza qarşı əsl müharibəyə başladılar. Ədalətsiz dünya bizim haqqımızı müdafiə etmək əvəzinə düşməni himayə etməyə başladı. Naəlac və məcburi müharibə girdabına daxil olduq. Azərbaycanın hər kəndi-kəsəyi bu müharibədə şəhid verdi. Təəssüflər olsun ki, bu müharibədə həm şəhid verdik, həm də torpaq itkisi ilə üz-üzə qaldıq. Xalqımız növbəti dəfə qaçqınlıq və köçkünlük həyatını yaşamağa məhkum edildi. Həm də  bu qaçqınlıq və köçkünlük bir qərinədən çox çəkdi.
       
    Masallı Qarabağ müharibələrində 248 şəhid verdi. Taleyindən bu gün də xəbəri olmayan igidlərimiz var. Anaların gözü yoldadır. Müharibənin belə qəddar, həm də yazılmayam qanunları var.
     
    Ziba xanım və Bayram kişi Masallının Viləş kəndində boya-başa çatıblar. Ailə qurublar, övlad sahibi olublar. İntiqam və Nurlan kimi qəhrəman oğul övladları olub. Övlad böyütmək, onları tərbiyə etmək, Vətənə məhəbbət ruhunda böyütmək ata-ananın ən böyük arzusu olub. Ailə bu arzusuna çatıb. İntiqam və Nurlan Vətən qarşısında imtahan verməli olublar. Bəli, Nurlan 2016-cı il Aprel döyüşlərində kəşfiyyatçı kimi həmişə öndə olub, öndə də şəhid olub. Qardaşı İntiqama son sözü bu olub:

    “Qardaş, Şuşanı azad görmək mənim ən böyük arzum idi. Mən inanıram ki, sən bu arzumu yerinə yetirəcəksən.”
       
    Vətənin intiqamı üstünə qardaşının intiqamını almaq da gəldi. Üstəgəl bütün şəhidlərin intiqamı. İntiqam xüsusi təyinatlı kimi 44 gün qəhrəmancasına vuruşdu. Həm qardaşı Nurlanın intiqamını aldı, həm də bütün şəhidlərin. Şuşanı azad edənlərin birincisi oldu. Həm Şuşanı azad etdi, həm də özü şəhid oldu. Həm də nə vaxt? Noyabrın 9-u müharibə başa çatan saatlarda. Cıdır düzünün ən sıldırım bir yerində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin şəhid olduğu bir yer var. Daşın üzərində : “İntiqam, Masallı” sözləri yazılıb. Anası Ziba xanım, mən də, Şuşaya ziyarətə gedənlərin əksəriyyəti İntiqamın şəhid olan yerini ziyarət edir, ruhuna dualar oxuyur.
       
    Birinci Qarabağ müharibəsi veteranı, tarixçi-professor Şikar Qasımovla Ziba xanımgilə qonaq getdik. Bir saat ərzində balaca Nur və balaca İntiqam bizdən ayrılmadı. Ziba xanımı tanıyan gündən bu günə kimi ondan eşitdiyim ilk cümləsi belə olub:

    Mənim oğlanlarım dövlətinə inanırdı. Bu inamı onlara mən aşılamışdım. Çünki mən dövlətimə güvənirəm. 30 ildən sonra Laçında kəndi azad olunan Şikar müəllim o qədər təsirlənmişdi ki, çayını belə içə bilmədi. Ziba xanım övladlarından, dövlətindən, rayon rəhbərliyindən, dünənə qədər tanımadığı, amma igid oğullarına görə tanıdığı hərbiçilərdən ağızdolusu danışırdı. Bir ana kimi verdiyi şəhidlərə görə təəssülənmirdi, sevinirdi ki, Azərbaycanı qalib dövlətlər sırasına çıxaranlar arasında onun Nurlanı var, İntiqamı var. Dövlətinə belə Ana məhəbbəti olan Vətən heç vaxt basılmaz! Bu üçrəngli bayraq bir daha enməz!
       
    Vaxtdır, körpələrdən ayrılmaq istəyirik. Bütün otaqlar iki qəhrəman övladın şəkillərinə bürünüb. Dünənə qədər İntiqam və Nurlan Ziba xanımın və Bayram kişinin övladları idi. Amma bu gün İntiqam və Nurlan bütün Azərbaycanın övladlarıdır, əbədiyyətə qovuşan, amma heç vaxt unudulmayan övladlar bizim cərgəmizdə, həm də lap öndədirlər.
    Xudafizləşirik, şirin balaları doyunca öpürük və yolumuza davam edirik.
     
    Yolumuz haqq yoludur, ədalət yoludur. Bu yolun Ali Baş Komandanı məlum, bu yolun qəhrəman əsgəri məlum, bu yolun məğrur anası məlum. Bəli, bu yol qələbə yoludur. Bu yolda Vətənim Azərbaycana uğurlar arzulayıram.
    Anar İsgəndərov 
    Milli Məclisin deputatı, 
    tarix elmləri doktoru, professor



    PAYLAŞ:

    Oxşar xəbərlər